Məhkəmə qərarları › İş №8(105)-50/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-50/2024

08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-50/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 nömrəli icra sənədinin geri qaytarılması barədə Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından tələbkar X2 şikayəti üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-5/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 saylı icra sənədi üzrə tələbkar X1 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-5/2024 nömrəli qərardadı ilə şikayət ərizəsinin təmin edilməsi, Quba Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarının ləğv edilməsi və Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 saylı icra sənədinin icra edilməsi üçün təkrar icraya yönəldilməsi qərara alınmışdır (hakim Vüqar Seyidov) Borclu Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 8(027)-5/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 10 may 2023-cü il tarixində X3 icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək qeyd olunan icra sənədi üzrə ona qarşı heç bir tələb və şikayətinin olmadığını, görülmüş bütün tədbirlərin ləğv edilərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmiş və buna müvafiq olaraq da, icra sənədi geri qaytarılmışdır. Bundan sonra birlikdə yaşayaraq uşaqlarını saxlamışlar. Yalnız 03 sentyabr 2023-cü il tarixində şikayətçi qonaq adı ilə valideynlərinə məxsus evə getmişdir. Halhazırda Ülkər Yusifovun belə bir şikayəti əsassızdır. Onların arasında heç bir mübahisə və ya münaqişə olmamışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-5/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)- 5/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərardan görünür ki, iş üzrə tələbkar icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etdiyindən icra sənədini məhkəməyə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, tələbkar icra sənədinin geri qaytarılmasını xahiş etmiş və həmin ərizə əsasında icra sənədi məhkəməyə qaytarılmışdır. Lakin hazırkı halda tələbkar icra sənədinin icra olunmasını xahiş etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin edərək icra sənədini icra edilməsi üçün qaytarılmışdır. Belə ki, “İcra haqqında” Azərbycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılmasının əsasları və qaydası müəyyən edilmişdir. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbkarın ərizəsi əsasında icra sənədi onu qəbul etmiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd olunan Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Kollegiya qeyd edir ki, borclunun icra sənədinin qaytarılması barədə qərarın ləğvinə dair qərardaddan şikayət verməsi tərəf olaraq onun icra sənədinin icra olunmamasında marağının olmasını ehtiva edir, dolayısı ilə, icra sənədi üzrə məsuliyyətdən yayınması ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla icra sənədinin icrasından yayınmaq üçün formal xarakter daşıyır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icra edilmədən geri qaytarılması məhkəmə aktını səmərəsiz və əhəmiyyətsiz edəcəkdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 nömrəli icra sənədinin qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 nömrəli qətnaməsinin icra edilməsi ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-5/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar