Məhkəmə qərarları › İş №8(105)-52/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-52/2024

13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-52/2024 13.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Maraqlı şəxs icra məmuru Orxan Novruzovun hərəkətərindən (hərəkətsizliyindən) şikayətinə dair iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərindən şikayət) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X2 iştirakı ilə Tələbkar Maraqlı şəxs icra məmuru Orxan Novruzovun hərəkətərindən (hərəkətsizliyindən) şikayətinə dair Şamaxı Rayon Məhkəməsnin 12 mart 2024-cü il tarixli, 8(074)-28/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs icra məmuru Orxan Novruzovun sifarişi əsasında "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 2,0346 ha torpaq sahəsinin qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli hesabatın ləğv edilməsi, həmin əmlakın real bazar dəyərinin “X3” Mərkəzinin rəyinə əsasən 13 730 manat müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, o, Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 18 200 ABŞ dolları (manatla məzənnəsi 30 940 manat) borcun, 19 814,40 manat faizin, iddia üçün ödədiyi 242 manat 30 qəpik dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu 18 200 ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 242,30 manat pul alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, qətnamə icra edilməsi üçün Şamaxı Rayon icra şöbəsinə göndərilmiş və icra məmuru Orxan Novruzovun icraatına verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)111/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində Şamaxı rayonu, Məlhəm kəndində 2,0346 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. İcra məmuru Orxan Novruzov ekspertiza təyin etmiş və araşdırıb tam əmin olmuşdur ki, cavabdeh "xxxx" MMC ilə korrupsiya əlaqəsinə girərək əkin torpaq sahəsini hədsiz çox absurd və şişirdilmiş şəkildə 48 000 manat qiymətləndirmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən həmin əmlakın qiymətinə dair rəy verilmişdir. Bu qiymət həqiqətən həmin ərazi üçün çox gülünc və gülməlidir. Onlar, Respublikada rəy sahəsində böyük nüfuza və düzgünlüyə sahib “X3” Mərkəzindən həmin yerlə bağlı müstəqil ekspertiza keçirərək rəy almışlar. Həmin rəy torpağın yerləşmə şəraitinə, torpağın əlverişli və ya əlverişsiz yerdə olmasına yaxın zamanlarda satılan və təşəkkül tapan qiymətlər açıq aşkar müəyyən edərək genişmiqyaslı araşdırma aparmış və müəyyən olunmuşdur ki, həmin 2,0346 ha torpaq sahəsinin qiyməti “X3” Mərkəzinin 09 fevral 2024-cü il tarixli YDQM № 099-010/2024 saylı rəyinə əsasən 13 730 manat müəyyən olunmuşdur. Belə ki, həmin əmlakların real bazar dəyərinin müəyyən edilməsi üçün tərəflərindən rəy verilməsinə dair müstəqil qiymətləndirici olan “X3” Mərkəzinə sifariş verilmişdir. “X3” Mərkəzi tərəfindən aparılmış araşdırma nəticəsində Borclu məxsus 2,0346 ha torpaq sahəsinin real bazar dəyəri 13 730 manat müəyyən edilmişdir. “X3” Mərkəzi tərəfindən müəyyən edilmiş qiymətlə "xxxx" MMC tərəfindən eyni torpaq sahəsinə qoyulmuş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərqlərin olduğu müəyyən olur. Ona görə də şikayət təmin edilməlidir.

3. Şamaxı Rayon Məhkəməsinin 2(074)-28/2024 saylı, 12 mart 2024-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi və Maraqlı şəxs icra məmuru X4 rayon Məhkəməsinin 2(074)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliklə icra məmuru tərəfindən icra sənədi üzrə icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxılmalı olması müəyyən edilmişdir. Lakin eyni torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı kəskin qiymət fərqinin olması və tələbkarın bununla bağlı rəsmi ərizəsi olmasına baxmayarq icra məmuru tərəfindən hərəkətsizlik göstərilərək tələbkarın ərizəsinə heç bir münasibət bildirilməmiş və ya həmin mübahisəli torpaq sahəsinin yenidən qiymətləndirilməsi aparılmamışdır. Buna görə də məhkəmə hesab edib ki, şikayət qismən təmin edilməli, Maraqlı şəxs icra məmuru X4 rayon Məhkəməsinin 2(074)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə hərəkətsizliyi qanunsuz hesab edilməlidir.

5. Qərardaddan borclu şikayət verərək, Şamaxı Rayon Məhkəməsnin 12 mart 2024cü il tarixli, 8(074)-28/2024 nömrəli qərardadının ləğv edilməsi, Tələbkar Maraqlı şəxs icra məmuru Orxan Novruzovun hərəkətərindən (hərəkətsizliyindən) verdiyi şikayətin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarına ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26, 29.1, 87.1-ci maddələrinə, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrinə istinadən əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə iclasında şikayətçi Tələbkar, həm də Maraqlı şəxs icra məmuru Orxan Novruzov iştirak etməmişlər. Yalnız o məhkəmə iclasında iştirak etmiş və tələbkarın şikayətinin təmin edilməməsini xahiş etmiş, həmçinin ona məxsus torpaq sahəsinin yenidən qiymətləndirilməsi üçün aidiyyəti orqana müraciət edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə mahiyyəti üzrə düzgün baxmamış və şikayətçinin tələbindən kənar qərardad qəbul edilmişdir. Şikayətçi şikayətində özünün müraciət etdiyi “X3” Mərkəzinin 09 fevral 2024-cü il tarixli mübahisəli torpaq sahəsinin qiymətləndirilməsi barədə rəyinin sübut kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə isə şikayətçinin tələbinin həqiqət və ağlabatan olmaması əsası ilə təmin etməmiş, yalnız icra məmuru Orxan Novruzovuun hərəkətsizliyini əsassız hesab etmişdir. Qərardad icra məmuruna münasibətdə əsassızdır. Çünki icra məmuru Orxan Novruzov 2023-cü ilin sonunda təqdimatla əvvəlcə məhkəməyə müraciət edib mübahisəli daşınmaz əmlakın üzərinə həbs qoydurmuş, daha sonra isə qısa müddətdə ekspertiza təyin edərək əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə əmlakın 48000 manat dəyərində qiymətləndirilməsinə dair verilmişdir. Tələbkar isə rəydən narazı qalaraq özü “X3” Mərkəzinə müraciət edib torpaq sahəsinin 13730 manat olmasına dair xx.xx.2024-cü il tarixli rəy almışdır. Tələbkarın özünün müstəqil qaydada əldə etdiyi qiymətləndirmə rəyinin mötəbərliyinə kifayət qədər şübhələr vardır. İcra icraatı çərçivəsində rəyi əldə edilmiş "xxxx" MMC rəsmi qeydiyyatdan keçmişdir və icra məmuru Orxan Novruzov da əmlakın qiymətləndirilməsi üçün məhz bu orqana müraciət etmişdir. Tələbkarın müstəqil qaydada “X3” Mərkəzinə müraciət edib əmlaka dair tərtib etdirdiyi rəydə əmlakın real dəyəri həqiqətdən çox aşağı məbləğdə qeyd edilmişdir. İş üzrə mübahisəli əmlakın qiymətləndirilməsi barədə icra icraatı çərçivəsində əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinin əsassız olması barədə şikayətçinin qeyd etdikləri həqiqəti əks etdirmir. İcra məmuru tərəfindən həyata keçirilən hərəkətlərdə hər hansı qanunsuzluq olmamışdır. İşə baxan məhkəmə ətraflı araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Ona görə şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 8(074)-28/2024 nömrəli qərardadı ləğv edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. 26-cı maddəsinə əsasən “icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir”. 29.1-ci maddəsinə əsasən “tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər”. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

13. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarına əsasən “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir”.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli, 02/2021 nömrəli qərardadı Bənd 32. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.

Apellyasiya baxışının hədləri

16. Şikayət iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyindən kollegiya Şamaxı Rayon Məhkəməsnin 12 mart 2024-cü il tarixli, 8(074)-28/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsnin 12 mart 2024-cü il tarixli, 8(074)-28/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin tədqiq olunan faktiki hallarından müəyyən edildi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu 18 200 ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 242,30 manat pul alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icra edilməsi üçün Şamaxı Rayon icra şöbəsinə göndərilmişdir.

19. İcra icraatı zamanı Şamaxı Rayon Məhkəməsinin 8(074)111/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 2,0346 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur.

20. İcra məmurunun sifarişi əsasında həmin əmlakın qiymətləndirilməsi "xxxx" MMCyə tapşırılmış və MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Borclu mülkiyyətində olan Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 2,0346 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 48 000 manat olaraq müəyyən olunmuşdur.

21. Tələbkar qeyd olunan hesabatla razılaşmamış və öz təşəbbüsü ilə əldə etdiyi “X3” Mərkəzinin 09 fevral 2024-cü il tarixli, YDQM № 099-010/2024 saylı rəyini təqdim etmişdir ki, həmin rəydə mübahisəli əmlakın bazar dəyəri 13 730 manat olaraq müəyyən olunmuşdur.

22. Bundan sonra tələbkar Maraqlı şəxsnə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəsində mübahisəli əmlakın qiymətləndirilməsi barədə rəylər arasında kəskin ziddiyət olmasını bildirmiş və "xxxx" MMC-nin rəyinə tamamilə etiraz edərək həmin qiymətləndiricinin rəyinin etibarsız hesab edilməsi, “X3” Mərkəzinin 09 fevral 2024-cü il tarixli, YDQM № 099- 010/2024 saylı rəyinin əsas götürülməsini xahiş etmişdir.

23. İş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşan kollegiya qeyd edir ki, qanunvericiliklə icra məmuru tərəfindən icra sənədi üzrə icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxılmalı olması müəyyən edilmişdir.

24. Hazırkı halda mübahisəli torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı kəskin qiymət fərqinin olması və tələbkarın bununla bağlı rəsmi ərizəsi olmasına baxmayaraq icra məmuru tərəfindən hərəkətsizlik göstərilərək tələbkarın ərizəsinə heç bir münasibət bildirilməmiş və ya həmin mübahisəli torpaq sahəsinin yenidən qiymətləndirilməsi təmin edilməmişdir.

25. Belə olan halda kollegiya qeyd edir ki, şikayəti qismən təmin edərək, Maraqlı şəxs icra məmuru X4 Rayon Məhkəməsinin 2(074)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz heab edilməsi barədə məhkəmənin mövqeyi əsaslı və işin hallarına uyğun hesab edilməlidir.

26. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

27. Belə ki, borclunun ipoteka predmeti olmayan əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir.

28. Qeyd edilən mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24.11..2021-ci il tarixli, 02/2021 nömrəli qərardadında da öz əksini tapmışdır. Həmin Qərardadın 32-ci bəndində qeyd edilmişdir ki, bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.

29. Beləliklə hazırkı halda Şamaxı Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 8(074)-28/2024 nömrəli qərardadının şikayətdə münasibətdə ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

30. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır.

31. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər .

32. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 8(074)-28/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar