Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-53/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, tələbkarın nümayəndəsi X1, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Nümayəndə, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-102/2023 nömrəli, 04 aprel 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim E.Abdullayev) təqdimatın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)- 7536/2021 nömrəli iş üzrə verilmiş xx.xx.2021-ci il il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərardadı ilə (hakim V.Şirəliyeva) Borclu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-102/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixdə verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Borclu ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması barədə vəsatət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim V.Şirəliyeva) Borclu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 102/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması barədə vəsatətinin rədd edilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-102/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-102/2023 nömrəli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Günel Yusifova zəruri icra hərəkətlərinin təmin edilməsi məqsədilə təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-7536/2021 nömrəli iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 9586 manat əsas borc və 15 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icra icraatına başlanılmasma dair qərarın və icra sənədinin surəti borcluya təqdim olunmuşdur. Borclunun əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə müvafiq orqanlara sorğu ilə müraciət olunmuş, lakin tələbin yönəldilə biləcəyi hər hansı gəlir və əmlakı aşkar olunmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsnin 8(060)-102/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, səhhəti nəzərə alınaraq hər iki qətnamənin icrası növbəlilik əsasında onun əmək haqqına yönəldilmiş və iki iş bir icraatda birləşdirilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına verilmişdir. Hər ay onun əmək haqqının 50%-i qətnamələrin icrası üçün tutulur. Bir qətnamə tam icra olunduqdan sonra, digər qətnamənin icrası üçün də əmək haqqının 50 faizi tutulacaqdır. Qeyd olunduğu kimi xəstəliyi ilə əlaqədar Almaniya Federativ Respublikasında əməliyyat olunmuşdur. Lakin səhhəti yenidən pisləşmişdir. Bununla əlaqədar olaraq yenidən əməliyyat olunmalıdır. Lakin Azərbaycan Respublikasında əməliyyatın ödənişi həddindən artıq çoxdur. Bu səbəbdən də, sığorta hesabına xarici ölkədə əməliyyat olunmalıdır. Ancaq onun ölkədən çıxışına qoyulmuş məhdudiyyət buna icazə vermir. Hazırda ödəməli olduğu borc məbləği onun əmək haqqından tutulur. Borc ödənildiyi halda onun ölkədən çıxışına qoyulmuş məhdudiyyət əsassızdır və onun səhhətinə mənfi təsir göstərir. Onun ölkədən çıxışımın səbəbi sadəcə olaraq, sığorta hesabına ödənişsiz olaraq xarici ölkədə əməliyyat olunmaqdır. Qeyd etdiyi kimi ölkədə həmin əməliyyatı olunmaq maliyyətlidir, onun maddi imkanı isə buna yol vermir. Səhhətinin gündən-günə pisləşməyini nəzərə alaraq, hesab edir ki, ölkədən çıxışına qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. O, borcunu ödədiyi halda onun hüquqlarının bu formada məhdudlaşdırılmasını ədalətli hesab etmir. Belə olduğu halda hesab edir ki, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması tamamilə qanunsuz və ədalətsizdir. Həmçinin ölkədən gedişinə qoyulmuş məhdudiyyət onun səhhətinə mənfi təsir göstərir. Almalı olduğu müalicəni yubadır. Bu isə öz növbəsində gündən-günə onun səhhətinə mənfi təsir göstərir. Xüsusilə də ödənməli olan borc onun əmək haqqından tutulduğu halda bu məhdudiyyət əsassızdır. Müalicə üçün ölkə xaricinə çıxmaq istəməsinin səbəbi sığorta hesabına ödənişsiz müalicə olmağıdır. Ölkə xaricinə çıxmadığı təqdirdə burada müalicə almağına maddi durumu imkan vermir. Səhhəti isə gündən-günə pisləşir. Əmək haqqından tutulan borcun arayışını da şikayətinə əlavə etmişdir. Məhkəmə qərardad qəbul edərkən onun maddi vəziyyətini və səhhətini nəzərə almamışdır. Onun mümkün olan ən tez müddətə ölkə xaricinə çıxıb müalicə almağa ehtiyacı vardır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Borclu şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən tələbkarın nümayəndəsi X2 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Nümayəndə şikayətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli və 19 aprel 2024-cü il tarixli qərardadları ləğv edilməli, vəsatətə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi vəsatətin təmin edilməməsini borclu tərəfindən icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmaması ilə əsaslandırmış, Borclu bu nəticədən narazı qalaraq şikayət vermişdir. Məhkəmə kollegiyası müvəqqəti məhdudiyyətin aradan qaldırılması barədə vəsatət ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, Mülki Prossesual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişatını, həmçinin, mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Mülki Prossesual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə bağlıdır. Belə ki, qeyd olunan halda verilmiş ərizənin (vəsatətin) qəbulundan Mülki Prossesual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar məhkəmənin icraatına qəbul edildiyi halda isə Mülki Prossesual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İşdən görünür ki, borclu barəsində məhkəmənin qərarı əsasında tətbiq edilən müvəqqəti məhdudlaşdırılmanın götürülməsini xahiş edir. Məlum olduğu kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinin əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 saylı qərarı ilə təsdiq edilmiş Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında təlimatın 2.8-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə icraata xitam verildikdə, həmin Qanunun 23.1.1 və 23.1.5-ci maddələrinə əsasən icra sənədi qaytarıldıqda, məhkəmə qərarı olduqda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Göründüyü kimi qanunvericilik müvəqqəti məhdudlaşdırılmanın tətbiqi kimi onun götürülməsi əsaslarını və qaydasını da dəqiq müəyyən etmişdir. Bunun üçün qanunverici icra məmuruna həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul etmə səlahiyyəti vermişdir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Qeyd olunduğu kimi ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması məhz yuxarıda göstərilən əsaslar üzrə icra məmuruna verildiyi halda, borclunun bu məsələ ilə bağlı vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etməsi və məhkəmənin isə vəsatətin yolverilməzliyinə görə geri qaytarmaq əvəzinə buna baxaraq qərardad qəbul etməsi əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, vəsatətə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normaları yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə əsassız olması barədə qənaəti əks etdirən məhkəmə qərardadı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli və 19 aprel 2024-cü il tarixli qərardadları ləğv edilməli, məhdudiyyətin aradan qaldırılması barədə vəsatətə bağlı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli və 19 aprel 2024-cü il tarixli qərardadları ləğv edilsin və vəsatətlə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-53/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-53/2024
14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver