Məhkəmə qərarları › İş №8(105)-54/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-54/2022

28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-54/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(012)-57/2022 saylı qərardadından tələbkar ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(012)-57/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Habil Əhmədov) Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun təqdimat təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2018 saylı, 19.04.2018-ci il tarixli qərardadı ləğv edilmiş, Borclu mülkiyyətində olan “Toyota Fortuner” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmış, tələbkar qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus “Toyota Fortuner” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2018 saylı, 19.04.2018-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, 10.10.2017-ci il tarixli qərarla icraata başlanılan Abşeron Rayon Məhkəməsinin 2(012)-7401/2016 saylı, 14.10.2016-cı il tarixli icra sənədinə əsasən borclular Borclu və X2 cəmi 3420,88 ABŞ dolları borc və 26,20 manat dövlət rüsumu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2018 saylı, 19.04.2018-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “Toyota Fortuner” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” 28.02.2019-cu il tarixli Fərmanına əsasən yuxarıda qeyd olunan icra sənədi Fərmanın təsiri altına düşdüyü üçün icraata xitam verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq problemli kreditlərin restrukturizasiyası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanından irəli gələrək 19.04.2019-cu il tarixdə borclunun kredit hesabına 2739,30 manat (1611,35 ABŞ dolları ekvivalenti ilə) kompensasiya daxil olaraq müştərinin borcundan silinmişdir. Buna qədər isə borclu icra sənədi üzrə cəmi 872,22 ABŞ dolları ödəniş etmişdir. Hər iki ödənişi topladıqda 2483,57 ABŞ dolları təşkil edir. Hazırda Borclu icra sənədi üzrə 937,31 ABŞ dolları və 26,20 manat ödənilmiş dövlət rüsumu borcu mövcuddur. Fərmana əsasən problemli krediti olan müştəri fərdi qaydada müraciət edib yeni müqavilə bağladıqda onun hesabında olan faiz və cərimə borcları bank əməliyyat sistemindən silinərək əsas qalıq borcu üzrə yeni kredit müqaviləsi bağlanaraq restrukturizasiya olunur. Lakin borclu vaxtında, yəni, 30.12.2019-cu il tarixədək banka bu məzmunda müraciət etmədiyi üçün onunla yeni kredit müqaviləsi bağlanmamışdır. Hazırda bank əməliyyat sistemində onun borcu qalmışdır və deməli, belə olan halda restrukturizasiya başa çatmamış hesab olunur. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun təqdimat təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tələbkarın şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7401/2016 saylı, 14.10.2016-cı il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X2 müştərək qaydada 2648,87 ABŞ dolları əsas, 719,01 ABŞ dolları faiz,53 ABŞ dolları cərimə, cəmi 3420,88 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və 30 manat dövlət rüsumunun 26,20 manat hissəsi tutularaq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmin icra sənədi üzrə Abşeron rayon İcra şöbəsinin icra məmuru tərəfindən 10.10.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2018 saylı, 19.04.2018-ci il tarixli qərardadının surətindən görünür ki, Borclu məxsus “Toyota Fortuner” markalı, Az ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarındandır. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimatdan görünür ki, böyük icra məmuru Borclu məxsus “Toyota Fortuner” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl Borclu tələbkara borcunun olubolmamasını araşdırmamış və müvafiq araşdırmanın aparılmasına dair sənədlər təqdimata əlavə edilməmişdir. Böyük icra məmuru təqdimatını borcun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” 28.02.2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən icraata xitam veriləcəyi ilə əsaslandırmışdır. Tələbkar ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayətinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Borclu icra sənədi üzrə 937,31 ABŞ dolları və 26,20 manat ödənilmiş dövlət rüsumu borcu mövcuddur. Həmçinin icra sənədi üzrə icraata da xitam verilməmişdir. Birinci instansiya məhkəməsi təqdimata baxarkən qeyd edilən halları nəzərə almamış, bu isə iş üzrə qanunsuz və əsassız qərardad qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab e vdir ki, şikayəti təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397-398ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(012)-57/2022 saylı qərardadı ləğv edilsin. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun borclunun əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar