Məhkəmə qərarları › İş №8(105)-54/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-54/2023

27.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-54/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, "xxxx" ASC-nin sədri X2 Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan həmin əsassız borc məbləğinin Cavabdeh tərəfindən silinməsi barədə şikayət ərizəsi üzrə Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadından "xxxx" ASC-nin sədri X3 tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin sədri X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan həmin əsassız borc məbləğinin Cavabdeh tərəfindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadı ilə "xxxx" ASC-nin sədri X2 Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan həmin əsassız borc məbləğinin Cavabdeh tərəfindən silinməsi barədə şikayət ərizəsi təmin edilməmişdir (hakim Çingiz İskəndərov). Qərardaddan narazı qalan "xxxx" ASC-nin sədri X3 şikayət verərək Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Bundan sonra şikayət material ilə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası tərəfindən iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, birinci instansiya məhkəməsi "xxxx" ASC-nin sədri X2 05 aprel 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadından verdiyi şikayəti müzakirə etmədən, şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 267.3 və 268.1-ci maddələrinə əsasən şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadından "xxxx" ASC-nin sədri X2 verdiyi şikayət müzakirə olunmamış və nəticədə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, "xxxx" ASC-nin sədri X2 şikayəti əsasında birinci instansiya məhkəməsi ilkin olaraq qəbul etdiyi qərardada hüquqi münasibət bildirmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və material sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(031)-1/2023 nömrəli qərardadından "xxxx" ASC-nin sədri X3 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. "xxxx" ASC-nin sədri X2 şikayəti müzakirə edilərək prosessual qaydalara əməl edilməsi və yol verilmiş prosessual pozuntular aradan qaldırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar