Məhkəmə qərarları › İş №8(105)-54/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-54/2025

21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-54/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (tələbkar) X7 məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsi üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, X1, Borclu Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X10 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-442/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013- cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay tutulacaq alimentin minimum yaşayış məbləğinin müvafiq faizinə nisbətdə indeksasiyalaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslanıb ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-442/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013- cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat sabit pul məbləğində aliment alınaraq ərizəçiyə verilməsi qət edilmişdir. Lakin Azərbaycan Respublikasında 2025-ci il tarixdən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edildiyindən ərizəçi hesab edir ki, borclu tərəfindən övladlarına ödəniləcək aliment məbləği bu göstəricilərə müvafiq olaraq indeksasiya edilməli və ödəniləcək aliment məbləği indeksasiyalaşdırılmahdır. Göstərilənlər əsasında ərizə təmin edilməlidir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim E.Hüseynov) ərizə təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-442/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 1,034 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi öz qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1, 8.4-2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına istinad edərək hesab etmişdir ki, borcludan 2017-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməlidir. Göstərilənlərə əsasən məhkəmə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

5. Həmin qərardaddan narazı qalan borclu Cavabdeh xx.xx.2025-ci il tarixdə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 168/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılıb ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-442/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat məbləğində aliment ondan İradə Qasımovanın xeyrinə tutulmalıdır. Həmin icra sənədi üzrə 14.158 manat aliment borcu vardır. Ali təhsilli olsa da, alimenti ödəyə bilməsi üçün restoranda ofisiant işləyir. İmkanı olduqca alimenti ödəyir. 2020-ci ildə hərbi hissədə işə düzəlib. Aylıq N manat vəzifə maaşı və hər ay mükafatla birlikdə cəmi 629.75 manat əməkhaqqı alır. Həmin ilin mart ayından etibarən əməkhaqqısının 70 faizi alimentin tutulmasına yönəlir. Hazırda o yeni ailə həyatı qurub və arvadına məxsus evdə yaşayır. Gəliri sabitdir. Hərbi hissədə işlədiyindən başqa işdə işləmə imkanı yoxdur. Qızı Zəhra faktiki olaraq onunla yaşayır və Zəhranın onun himayəsinə verilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Maddi çətinliyi görən Rusiyada yaşayan baldızı bacısına hər ay 500 manat pul göndərir. Həyat yoldaşı ona göndərilən pulu aliment borcunu ödəmək üçün iddiaçı İradə Qasımovaya verir. O, yığılmış köhnə aliment borcu ilə əlaqədar bir dəfə 10 sutka inzibati qaydada həbs edilmiş, bir dəfə isə 500 manat cərimə olunmuşdur. Hazırkı indeksasiya ilə bağlı məhkəmə qərardadı onun aylıq maaşını keçir. Hesab edir ki, aliment məbləği düzgün indeksasiya edilməmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə tərəflərin iştirakı ilə şifahi icraat qaydasında baxılmasını zəruri hesab etmişdir.

11. Məhkəmə iclasında iştirak etmiş borclu Cavabdeh nümayəndəsi Nümayəndə şikayətin dəlilləri müdafiə edərək bildirdi ki, hazırkı halda mübahisələndirilən məhkəmə qərarı ilə indeksasiya edilmiş aliment məbləği hər ay hər uşaq üçün 431 manat olmaqla alimentin ödənilməsini şərtləndirmişdir ki, cavabdehin buna maddi imkanı yoxdur. Belə ki, Cavabdeh hərbi hissədə işləyir və aylıq N manat vəzifə maaşı və hər ay mükafatla birlikdə cəmi 629.75 manat əməkhaqqı alır. Başqa hər hansı gəliri, qazancı yoxdur. Hazırkı əməkhaqqısının 70 faizi aliment üçün tutulur. Belə olan halda cavabdehin aylıq 1200 manat civarında alimenti ödəmək iqtidarında olmaması bəlli olan haldır. O, özü də ailəsinin maddi imkanını nəzərə alaraq özünün də maddi dəstəyi ilə birlikdə hər ay hər uşaq 240 manat məbləğində alimentin ödənilməsini təmin etməyə razıdır. Göstərilənlərə əsasən borclunun nümayəndəsi Nümayəndə sonda şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak etmiş tələbkar X10 şikayətə etiraz edərək bildirdi ki, o təkbaşına 3 uşaq böyüdür. Cavabdeh son illərdə aliment ödənişini həyata keçirir. Onun hazırkı qərardadla müəyyən edilmiş aliment məbləğini ödəməyə maddi imkanı var. Belə ki, o hərbi hissədən əlavə restoranlarda da işləyir. Maddi qazanca sahibdir. Göstərilənlərə əsasən tələbkar İradə Qasımova sonda şikayətin təmin edilməməsini iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikas Ailə Məcəlləsi Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının

8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya baxışının hədləri

16. Apellyatorun hazırkı şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.

17. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

20. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-442/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub X9 verilməsi qət edilmişdir.

21. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-442/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013- cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay tutulacaq alimentin minimum yaşayış məbləğinin müvafiq faizinə nisbətdə indeksasiyalaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

22. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

24. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2017-ci ilin yanvarından 2018-ci ilin yanvarınadək ölkə üzrə minimum əmək haqqı 116 manat təşkil etmişdir. X16 tələblərindən çıxış edərək riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1,034 misli (120 manat/116=1,034) həddində müəyyən edilmiş olur.

25. İşə baxan məhkəmə yetkinlik yaşına çatmayanların mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-442/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 1,034 misli həddində indeksasiya edilməsi qənaətinə gəlmişdir.

26. Bununla belə kollegiya qeyd edir ki, tələbkar borclunun gəlirləri (qazancı), onun hazırkı maddi vəziyyəti və ayda minimum əmək haqqının 1,034 misli həddində aliment ödəmək imkanına malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

27. Ona görə də kollegiya izah edir ki, indiyədək hər uşaq üçün 120 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1,034 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə sonuncunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

28. Yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət hazırkı halda təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar