Məhkəmə qərarları › İş №8(105)-55/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-55/2024

14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-55/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-379/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması haqqında Quba Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimata Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-379/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 46000 manat alınaraq Tələbkar1, Borclu 16000 manat alınaraq Tələbkar2, Borclu 30 manat dövlət rüsumu tutularaq Tələbkar1 və Tələbkar2 verilməlidir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təqdimatla Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-379/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, qeyd olunan icra sənədi ilə bağlı 111416/19 saylı icra işi açılaraq, xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda borcluya tələbin könülllü icra etməsi barədə bildiriş göndərilmişdir. Borclu yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Quba rayon Polis şöbəsində Borclu barəsində xx.xx.2023-cü il tarixdə 560324/23 saylı axtarış işi açılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. ”İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Mülki Prosessual Məcəllənin 231.3. maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Göründüyü kimi icra üzrə icraatın dayandırılması məsələsi apellyasiya məhkəməsi tərəfindən deyil, birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. Lakin Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru icra sənədi üzrə icraatın dayandırılması məsələsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231.3., 263, 264, 365, 372, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-379/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması haqqında Quba Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimat geri qaytarılsın və təqdimatın geri qaytarılması icra məmurunun bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar