Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-56/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3331/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması barədə Abşeron Rayon Məhkəməsinin 8(012)-39/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından tələbkar ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3331/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu xx.xx.2019-cu il tarixli 2678Y nömrəli kredit müqaviləsi üzrə 160000 manat əsas, 22355.56 manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən, hesablanmış 3177.46 manat faiz borcu olmaqla, cəmi 185533.02 manat borc və 30 manat dövlət rüsumunun iddiaçı LPO Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır.
2. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3331/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu xx.xx.2019-cu il tarixli 2678Y nömrəli kredit müqaviləsi üzrə 160000 manat əsas, 22355.56 manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən, hesablanmış 3177.46 manat faiz borcu olmaqla, cəmi 185533.02 manat borc və 30 manat dövlət rüsumunun iddiaçı LPO Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2022ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanaraq tərəflərə və aidiyyəti məhkəməyə bu barədə məlumat verilmişdir. Borclu şöbəyə ərizə ilə müraciət edərək təsisçisi və direktoru olduğu “X3” MMC-yə məxsus, Tələbkar ASC-nin Yasamal filialında açılmış hesabında olan 200000 manat pul vəsaitinin olduğunu, həmin məbləğin şirkətin adından qoyulmağına baxmayaraq onun öz şəxsi vəsaitinin olduğunu və tələbin həmin pul vəsaitinə yönəldilərək təmin edilməsini xahiş etmişdir. Bununla bağlı “X3” MMCnin digər təsisçisi X4 şöbəyə ərizə ilə müraciət edərək borclunun Abşeron rayon İcra və probasiya şöbəsinə ünvanladığı ərizəni təsdiqləmişdir. Eyni zamanda, “X3” MMC şöbəyə rəsmi olaraq müraciət edərək şirkətin Tələbkar ASC-nin Yasamal filialında açılmış hesabında olan 200000 manat pul vəsaitinin borcluya məxsus olduğunu təsdiqləyərək Abşeron Rayon Məhkəməsinin e-2(012)-3331/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasının tələbin həmin pul vəsaitinə yönəldilərək təmin edilməsini xahiş etmişdir. Bütün bunlar öz əksini “X3” MMC-yə məxsus Tələbkar ASC-nin Yasamal filialında olan xx.xx.2019-cu il tarixli hesabdan çıxarışda tapır. Ona görə də, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3331/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün “X3” MMC-nin Tələbkar ASC-nin Yasamal filialında açılmış hesabında olan Borclu məxsus 200000 manat pul vəsaitinə həbs qoyulması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur.
4. Abşeron Rayon Məhkəməsinin 8(012)-39/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3331/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə “X3” MMCnin Tələbkar ASC-nin Yasamal filialında açılmış AZ45ATAZ******************** nömrəli hesabında olan və Borclu məxsus 200 000 (iki yüz min) manat pul vəsaitinin üzərinə həbs qoyulması qərara alınmışdır.
5. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45, 47-ci, Mülki Məcəllənin 295, 297, 298-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”na istinad edərək əsaslandırmışdır.
6. Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Abşeron Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 8(012)-39/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 8(012)-39/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu LPO Tələbkar ASC-yə olan borcu kredit müqaviləsi əsasında yaranmış borcdur. Belə ki, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Borclu arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli, 2678Y saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 10 faiz olmaqla, 12 ay müddətinə 160000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialında açılmış AZ45ATAZ******************** nömrəli bloklaşdırılmış hesabındakı 200000 manat məbləğində pul vəsaiti girov qoyulmuşdur. Borclunun bloklaşdırılmış hesabındakı 200000 manat məbləğində pul vəsaiti depozit hesabda yox, cari hesabda olan pul vəsaitidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə Tələbkar Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Bu səbəbdən də, ödəniş növbəliliyinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.8-ci maddəsinin tələbi baxımından “təminatsız kreditorların tələbləri” əsasında qeyd edilən cari hesabdakı məbləğ növbəliliyə düşmüşdür. Ödənişlərin növbəlililiyinə müvafiq olaraq, LPO Tələbkar ASC-nin problemli kreditləri həll olunduqca həmin vəsaitlər də mülkiyyətçilərinə geri qaytarılacaqdır. Qeyd olunan səbəbdən faktiki olaraq mövcud olmayan pul vəsaitinə borcludan tutulmalı olan pul vəsaitinin yönəldilməsi qəbuledilməzdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsi tələbin borclunun əmlakına və banklarda, saxlancda olan pul vəsaitinə yönəldilməsi prosedurunu dəqiqliklə tənzimləyir. Qanunun 45.7-ci maddəsində qeyd olunur ki, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Maddənin məzmunundan da göründüyü kimi, burada tələbin məhz borculunun bank hesablarında olan pul vəsaitlərinə yönəldilməsindən söhbət gedir. Halbuki, ləğv prosesində olan Tələbkar ASC-nin Yasamal filialında açılmış AZ45ATAZ******************** saylı hesabda olan pul vəsaiti Borclu deyil, üçüncü bir hüquqi şəxsə - “X3” MMC-yə aiddir. Açıq aydın göründüyü kimi, icra məmuru hüquqi şəxsə aid pul vəsaitinin Borclu və X2 qeyri-qanuni müraciətləri əsasında guya Borclu aid olmasını qəbul etmişdir. Bu qanunsuz hərəkətlərlə borclu kredit vəsaitinin ödənilməsindən yayınmaq istəmişdir və icra məmuru bu yayınmanı rəsmiləşdirmişdir. Maraqlı hal ondan ibarətdir ki, məhkəmə heç bir maddi və prosessual cəhətdən araşdırma aparmadan qanunsuz presedent yaradılması təhlükəsini yaratmışdır. Hüquqi şəxsə aid pul o vaxt təsisçilərə aid ola bilər ki, hüquqi şəxsin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında mənfəət müəyyən edilsin və bölüşdürülməsi barədə qərar qəbul edilsin. Belə bir qərarın mövcud olması sübut edilməmişdir, sübut edilsə belə, hazırki mübahisəyə aid edilə bilməz. Belə ki, hüquqi şəxsin cari hesabında olan vəsait bölüşdürülməmiş vəsaitdir və həmin vəsait ödəniş növbəliliyində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İndiki halda isə, yuxarıda da qeyd etdiyimiz kimi, hüquqi şəxsə aid cari hesabda qalmış pul vəsaiti Tələbkar ASC müflis elan edildiyi andan bloklanmışdır və onun məxarici yalnız Tələbkar ASC-nin ləğv prosesinin növbəlilik qaydasında aparılması prosesində mümkündür. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. İcra vərəqəsi üzrə tələbin yönəldiyi əmlak Borclu deyil, məhz onun iştirakçısı olduğu “X3” MMC-yə aid bloklanmış pul məbləğidir. Belə olan halda iştirakçıya məxsus pul öhdəliyinin onun iştirakçısı olduğu məhdud məsuliyyətli cəmiyyətin əmlakına yönəldilməsi Mülki Məcəllənin 87.1-ci maddəsinə də ziddir. Şikayətə əlavə olunmuş, Tələbkar ASC-nin Yasamal filialı ilə “X3” MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 16-263463-1/30.08 nömrəli “Bank hesabı müqaviləsi”nin 2.3.1-ci bəndinə əsasən, bank hesabına pul vəsaitinin qəbul edilməsi və hesaba salınması, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılması yalnız “Müştəri”nin, yəni “X3” MMC-nin banka təqdim etdiyi sərəncam əsasında həyata keçirilə bilən müstəsna hüquqdur. Başqa sözlə, hesab üzrə əməliyyatların aparılması qeyd olunmuş “Bank hesabı müqaviləsi”nə əsasən həyata keçirilir ki, bu müqavilə də Borclu ilə deyil, Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanılmışdır. “X3” MMC-nin cari hesabında olan 200000 manat məbləğində pul vəsaiti onun fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəət deyildir. Həmin pul vəsaiti cari hesaba başqa bir təyinat ilə mədaxil edilmişdir. Borclu hüquqi şəxsin hesabında olan pul vəsaitini qeyri-qanuni şəkildə mənimsəməyə cəhd etmiş və onun bu cəhdini icra məmuru və məhkəmə qanuniləşdirilməyə çalışmışdır. Hər kəsə bəllidir ki, mənfəətin hüquqi şəxsin iştirakçıları arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Qeyd edilənlərdən tam sübut olunur ki, ödəniş növbəliliyinə düşən vəsaitin Borclu heç bir aidiyyəti yoxdur, bu vəsait “X3” MMC-yə aiddir və icra sənədi üzrə həmin vəsaitə həbsin qoyulması və tutma yönəldilməsi tam qanunsuzdur. Tələbkar ASC-nin ləğv prosesində olması, eləcə də borclu “X3” MMC-nin bankın Yasamal filialında cari hesabında olan pul vəsaitinin təminatsız kreditor tələblərindən olduğu məhkəmə araşdırmasının gedişində müəyyən olunmuşdur. Bununla bağlı məhkəməyə bütün sübutlar təqdim olunmuşdur. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi sübutlara neytral yanaşmamış, öz mövqeyini icra məmurunun təqdimatının təmin olunması istiqamətində formalaşdırmışdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası
45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.
Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. (...)
Maddə 52. Hüquqi şəxsin məsuliyyəti 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. (...)
Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, təqdimat təmin edilməməlidir.
16. İş materiallarından müəyyən olunur ki, Tələbkar ASC ilə borcalan Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2678Y saylı kredit müqaviləsinə əsasən, bank borcalana 12 ay müddətinə, illik 10 faiz ödənilmək şərtilə 160000 manat kredit verməyi öhdəsinə götürmüşdür.
17. Girov saxlayan Tələbkar ASC ilə girov qoyan “X3” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli girov müqaviləsindən görünür ki, bu müqavilə kredit alanın girov saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə müqavilənin 3cü maddəsində göstərilən əmlakın girov qoyulmasını və girovla təmin edilmiş pul öhdəliyi kredit alan tərəfindən 2-ci maddədə göstərilən müqavilələrlə müəyyən olunan müddətdə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə girov saxlayanın kredit alana qarşı olan tələbinin girov qoyulmuş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
18. Müqavilənin 3.1-ci bəndinə əsasən, girov predmeti “X3” MMCnin direktoru Borclu məxsus Tələbkar ASC-nin Yasamal filialında açılmış AZ45ATAZ******************** nömrəli bloklaşdırılmış hesabındakı 200.000 manat pul vəsaitidir.
19. Müqavilənin 3.2-ci bəndinə əsasən, girov predmeti girov saxlayanın 16-263463- 14 saylı cari hesabında saxlanılır və həmin hesab bloklaşdırılmışdır.
20. Müqavilənin 4.2.6-cı bəndinə əsasən, girovla təmin edilmiş müqavilənin 2.2-ci bəndi ilə müəyyən olunan öhdəliklərini, həm də girov saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə məhkəməyə müraciət edilmədən girov saxlayanın tələbinin girov qoyulmuş əşya hesabına ödənilməsi üçün onunla notarial qaydada təsdiqlənmiş razılaşma bağlayır.
21. Müqavilənin 4.3.2-ci bəndinə əsasən, girov qoyan girovla təmin edilmiş müqavilənin 2.2-ci bəndi ilə müəyyən olunan öhdəliklərini, həm də girov saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə girov predmetinə müqavilənin 4.2.6-cı bəndi ilə müəyyən olunan qaydada tutma yönəltmək girov saxlayanın hüququdur.
22. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3331/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icra hərəkətlərinə başlanılaraq borclunun direktoru və təsisçisi olduğu “X3” MMC-yə məxsus Tələbkar ASC-nin Yasamal filialında olan pul hesabının üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir.
23. Birinci instansiyası məhkəməsi təqdimatı təmin edərək ona istinad etmişdir ki, “X3” MMC-nin Tələbkar ASC-nin Yasamal filialında açılmış AZ45ATAZ******************** saylı hesabında olan 200.000 manat pul vəsaiti Borclu məxsus olduğundan həmin pul vəsaitinin üzərinə həbs qoyulmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, MMC-nin qanuni təmsilçilərinin X4 və Borclu olması, digər təmsilçinin hesabdakı pul vəsaitinin Borclu məxsus olması barədə ərizə verməsi həmin vəsaitin üzərinə borclunun əmlakı kimi həbs qoyulması üçün əsas deyildir.
25. Belə ki, ləğv prosesində olan Tələbkar ASC-nin Yasamal filialında açılmış AZ45ATAZ******************** saylı hesabda olan pul vəsaiti Borclu deyil, “X3” MMC-yə məxsus bloklaşdırılmış hesabdır.
26. Bloklaşdırılmış hesab - akkreditivlərin açılması, qarantiyaların verilməsi və digər bank əməliyyatları ilə əlaqədar müəyyən müddətə dayandırılmış və ya məhdudlaşdırılmış müştəri hesabıdır.
27. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür.
28. “X3” MMC-nin hesabındakı pul vəsaitinin faktiki olaraq Borclu məxsus olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxsə aid pul vəsaiti təsisçiyə o zaman aid ola bilər ki, hüquqi şəxsin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında mənfəət müəyyən edilsin və onun bölüşdürülməsi barədə qərar qəbul edilsin.
29. Belə ki, Mülki Məcəllənin 90-1.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər.
30. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.
31. İş materiallarından isə cəmiyyətin ümumi yığıncağı tərəfindən belə qərarın qəbul edilməsi müəyyən olunmur.
32. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, MMC-yə aid cari hesabda qalmış pul vəsaiti Tələbkar ASC müflis elan edildiyi andan bloklanmışdır və MMC-nin bloklaşdırılmış hesabındakı 200.000 manat məbləğində pul vəsaiti depozit hesabda yox, cari hesabda olan pul vəsaitidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə Tələbkar Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir.
33. İş materiallarından aydın olunur ki, ödəniş növbəliliyinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.8-ci maddəsinin tələbi baxımından “təminatsız kreditorların tələbləri” əsasında qeyd edilən cari hesabdakı məbləğ növbəliliyə düşmüşdür. Ödənişlərin növbəlililiyinə müvafiq olaraq LPO Tələbkar ASC-nin problemli kreditləri həll olunduqca həmin vəsaitlər də mülkiyyətçilərinə geri qaytarılacaqdır. Hüquqi şəxsin cari hesabında olan vəsait bölüşdürülməmiş vəsaitdir və həmin vəsait ödəniş növbəliliyində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Cari hesabda qalmış pul vəsaitinin məxarici yalnız Tələbkar ASC-nin ləğv prosesinin növbəlilik qaydasında aparılması prosesində mümkündür.
34. Məhkəmə kollegiyası hesab edir ki, üzərinə həbs qoyulması qərara alınan pul vəsaiti iş üzrə borclu olmayan “X3” MMC-yə məxsus olduğundan, cəmiyyətin mənfəətini və zərərini bölüşdürmək cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğundan, həmin pul vəsaitinin məxarici bankın ləğv prosesi zamanı növbəlilik qaydasında mümkün olduğundan, birinci instansiya məhkəməsinin göstərilən pul vəsaitinin Borclu məxsus olması qənaətinə gəlməsi düzgün olmamışdır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin iş üzrə 8(012)-39/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, icra məmurunun təqdimatı təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-39/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3331/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün “X3” MMC-nin Tələbkar ASC-nin Yasamal filialında açılmış hesabında olan Borclu məxsus 200000 manat pul vəsaitinə həbs qoyulması barədə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.