Məhkəmə qərarları › İş №8(105)-56/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-56/2025

15.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-56/2025 15.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu hakimlər X2 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(012)-65/2025 nömrəli qərardadından tələbkar X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə tələbkar X5 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1365/2020 nömrəli xx.xx.2020- ci il tarixli icra vərəsinin icrasını təmin edilməsi üçün icra üsulu dəyişdirilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzildən qeyriqanuni istifadə edən şəxslərin məcburi qaydada mənzildən çıxarılması və mənzilin boşaldılaraq, giriş-çıxışı təmin olunmaqla ona təhvil verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1365/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsilə Abşeron Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə - ilkin iddianın təmin qarşılıqlı iddianın rədd edilməsi, yəni "xxxx" MTK tərəfindən ona Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş,10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilə giriş-çıxışın təmin olunmaqla, həmin mənzildən manesiz istifadəmə şərait yardadılması qərara alınmış, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş icra edilməsi üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. 5 ilə yaxın müddət keçməsinə baxmayaraq hazıradək icra vərəqəsi icra olunmamış qalmaqda davam edir. "xxxx" MTK-nın Abşeron rayon İcra şöbəsinə ünvanladığı 15 may 2024-cü il tarixli məktubunda MTK-nın inşa etdiyi binanın 3-cü giriş, 10-cu mərtəbəsindəki ona məxsus 76 nömrəli mənzilin qeydiyyat nömrəsini ləqv etdiklərini və belə bir mənzilin artıq mövcüd olmadığını bildirmişdirlər. Həmçinin icra məmuru tərəfindən binaya baxış keçirilmiş, mənzilin yerləşməsində heç bir dəyişiklik olmaması, icra vərəqində göstərilən mərtəbədə yerləşən bir neçə mənzilin nömrələrinin silinməsi aşkar edilmişdir. Bundan sonra 76 nömrəli mənzil müəyyən edilmiş qapı açılarkən mənzildə naməlum şəxsə (qeyri-qanuni olaraq orda yaşayan) məxsus olan ev əşyalarının olması müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Hazırda icra vərəqəsi icrasız qalmışdır. "xxxx" MTK dövlətin onlar üçün yaratdığı şəraitdən sui istifadə edərək müxtəlif vasitələr, yollarla onu mülkiyyətindən məhrum edir. "xxxx" MTK tərəfindən hər dəfə müxtəlif bəhanələr (bir dəfə mənzilin nömrəsi dəyişdirilir, sonra mənzilin qapısı açılmır, daha sonra qapı açıldıqda isə içəridə hansısa əşyaların olması müəyyən edilir, həmçinin hər dəfə müxtəlif şəxslərin yaşaması) istifadə edərək qətnaməni icra etmir. Bu yollarla dəfələrlə icra tədbirləri təxirə salınır, icra vərəqəsi icrasız qalır. Belə ki, MTK rəhbərliyi onu və himayəsində olan azyaşlı qızını heç bir əsaslı səbəb olmadan binaya, dəyərini tam ödədiyi mənzilinə daxil olmağa, istifadə və yaşamağa imkan vermir və qanuni qüvvəsini qalmış məhkəmə qərarlarını icra etmir. Ərizədə tələbkar “İcra haqqında” Qanunun 15-ci, MPM-in 231-ci maddələrinə, Ali Məhkəmənin Plenumunun 24.11.205-ci il tarixli qərarının 12-13-cü bəndlərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə qərarlarının icrası ilə bağlı bir sıra qərarlarına istinad edilərək onun təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Tələbkar qərardaddan şikayət verərək onun ləğv edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizənin məzmununa uyğun əsaslandırılmış və göstərilmişdir ki, qərardad əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissəhissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Kollegiya qeyd edir ki, oxşar məsələləri tənzimləyən “İcra haqqında” haqqında Qanununun tələbkarın yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədinin icrası qaydasını müəyyən edən 73-cü maddəsinin tələblərinə əsasən tələbkarın yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur (maddə 73.1, 73.6). Qeyd edilən normalara istinadən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, hazırkı iş üzrə tələbkar iddia qaldırarkən yalnız özünün mənzilə giriş-çıxışı təmin olunmaqla, həmin mənzilə maneəsiz istifadəsinə şərait yaradılması barədə tələb irəli sürmüş, işə baxan məhkəmələr də həmin hissədə onun iddiasını təmin etmişdir. Hazırda isə onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzildən qeyri-qanuni istifadə edən şəxslərin məcburi qaydada mənzildən çıxarılması və mənzilin boşaldılaraq, giriş-çıxışı təmin olunmaqla ona təhvil verilməsini tələb etməsi artıq yeni iddianın predmetini təşkil edir və qətnamənin icra üsulunun dəyişdirilməsi ilə bağlı icraatın mahiyyətinə uyğun gəlmir. Bu səbəbdən də şikayətdə göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(012)-65/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar