Məhkəmə qərarları › İş №8(105)-57/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-57/2023

11.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-57/2023 11.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-153/2020 saylı icra sənədinin icrası ilə əlaqədar borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə icra sənədi üzrə Borclu ərizəsinə dair Abşeron Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 8(012)-333/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 8(012)-333/2021 saylı qərardadı ilə ona məxsus “TOYOTA LAND CRUİSER PRADO Ml” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(105)-153/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani ona məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(012)-333/2021 saylı qərardadı ilə təqdimat təmin edilərək, onun mülkiyyətində olan “TOYOTA LAND CRUİSER PRADO Ml” markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bundan sonra, qətnamənin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani ona məxsus torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-537/2022 saylı qərardadı ilə bu təqdimat da təmin edilərək, Borclu mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin əmlak artıq qiymətləndirilmişdir və qətnamənin icrası ilə bağlı növbəti hərəkətlər davam etməkdədir. Ona məxsus üzərinə həbs qoyulan “TOYOTA LAND CRUİSER PRADO Ml” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, həmin avtomobil onun və ailəsinin yeganə gəlir mənbəyidir. Onun başqa iş yeri yoxdur. Ailəlidir və iki övladı vardır. Avtomobil üzərinə həbs qoyulmaqla 4 nəfərdən ibarət ailə üzvü çox acınacaqlı vəziyyətdə qalmışdır. Özü Laçın rayonundan məcburi köçkündür. Göstərlənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 8(012)-333/2021 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-153/2020 saylı icra sənədinin icrası ilə əlaqədar borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə icra sənədi üzrə Borclu ərizəsi təmin edilməmişdir (hakim Məlahət Abbasova). Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək Abşeron Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 8(012)-333/2021 nömrəli qərardadınının ləğv edilməsini, ona məxsus “TOYOTA LAND CRUİSER PRADO Ml” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, üzərinə həbs qoyulan “TOYOTA LAND CRUİSER PRADO Mİ” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, həmin avtomobil onun və ailəsinin yeganə gəlir mənbəyidir. Bildirir ki, ailəlidir, iki övladı vardır. Avtomobil üzərinə həbs qoyulmaqla 4 nəfərdən ibarət ailə üzvü çox acınacaqlı vəziyyətdə qalmışdır. O, Laçın rayonundan məcburi köçkündür. Avtomobilindən taksi fəaliyyəti göstərə bilmir. Məhkəmə isə heç bir əsas göstərmədən avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə heç bir zərurətin olmaması qənatinə gələrək ərizəni təmin etməmişdir. Abşeron Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(012)-333/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-333/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyətində olan əmlakların üzərinə həbs qoyulmuşdur. Bütün bunlara baxmayaraq, icra sənədi borclu X2 tərəfindən bugünədək lazımi qaydada icra edilməmişdir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Bu səbəbdən kollegiya borclunun əmlakının üzərinə xx.xx.2021-ci il tarixli yuxarıda göstərilən qərardadla qoyulmuş həbsin götürülməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 8(012)-333/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar