Məhkəmə qərarları › İş №8(105)-58/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-58/2021

17.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-58/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-20/2021 saylı qərardadından tələbkar “xxxx” MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim A.Sadıqov) Xaçmaz rayon İcra Probasiya şöbəsinin “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərarından “xxxx” MMC tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tələbkar “xxxx” MMC qərardaddan şikayət vermişdir. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏRİZƏNİN DƏLİLLƏRİ Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə “İcra Haqqında Qanun”un 23.1.3-cü maddəsinə əsasən icra sənədi Xaçmaz rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. Tələbkar “xxxx” MMC-nin nümayəndəsi Xaçmaz rayon İcra və probasiya şöbəsinin “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar “xxxx” MMC Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Şikayətin geri qaytarılmasına səbəb kimi qərardadda şikayətə icra məmurunun mübahisələndirilən qərarının əlavə edilməməsi göstərilsə də, bu həqiqətə uyğun deyil, çünki həmin qərar şikayətə əlavə edilmişdir. Göründüyü kimi, məhkəmə heç bir qanuni əsas olmadan şikayət ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qanunsuz nəticəyə gəlmişdir. Bu hallara düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “İcra haqqında” AR Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi haqqında icra sənədi üzrə tələbkar “xxxx” MMC-nin şikayətindən görünür ki, şikayətdə xx xxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi xahiş edilmişdir, halbuki Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin işdə olan qərarı bu tarixdə deyil, xx xxxxxxxx 2020-ci il tarixdə qəbul olunmuşdur. Bu səbəbdən də məhkəmə şikayət ərizəsini təmin etməmişdir. Tələbkar həmin nöqsanı aradan qaldırmaq əvəzinə qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, mövcud olmayan qərarın ləğvi barədə şikayətin təmin edilməməsinə dair məhkəmə tamamilə qanuni nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Barəsində şikayət verilmiş məhkəmə qərardadının ləğv edilməsi üçün isə əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, icra sənədi üzrə tələbkar “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Tələbkar “xxxx” MMC-nin şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar