Məhkəmə qərarları › İş №8(105)-58/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-58/2024

29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-58/2024 29.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Gülmalı Əzizovun təqdimatının qismən olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-177/2024 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2048B ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar torpaq sahəsi üzərinə həbs qoyulub açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3674/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X5, X2 və X1 müştərək qaydada 5024 (beş min iyirmi dörd) manat 18 (on səkkiz) qəpik əsas borc, 8 (səkkiz) manat 12 (on iki) qəpik cari faiz borcu olmaqla, cəmi 5032 (beş min otuz iki) manat 30 (otuz) qəpik məbləğində borcun və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə idarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Daha sonra müvafiq orqanlara sorğular verilmiş və Borclu adına Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2048B ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar torpaq sahəsi aşkar olunmuşdur. Belə olan halda öhdəlik yerinə yetirilmədiyi üçün və tərəflər arasında razılıq olmadığından tələbin təmin edilməsi məqsədilə borclunun xüsusi və ya ümumi mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyula bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-177/2024 nömrəli qərardadı ilə təqdimatın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1459/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan qeydiyyat nömrəsi 14394970 olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2048 B ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar torpaq sahəsinin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Elmir Hüseynov) Borclu xx.xx.2024-cü il tarixdə şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3674/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X2 və X1 müştərək qaydada 5024,18 qəpik əsas borc, 8 manat 12 qəpik cari faiz borcu olmaqla, cəmi 5032 manat 30 qəpik məbləğində borcun və 71 manat ödənilmiş dövlət rüsumu “TBC Kredit Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə idarənin icraatına daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Daha sonra müvafiq orqanlara sorğular verilmiş və borcu Borclu adına Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2048B ünvanında yerləşən ümumi sahəsi 0.06 hektar torpaq sahəsi aşkar olunmuşdur. Belə olan halda öhdəlik yerinə yetirilmədiyi üçün və tərəflər arasında razılıq olmadığından tələbin təmin edilməsi məqsədilə borclunun xüsusi və ya ümumi mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyula bilər. Qərardadda qeyd olunmuşdur ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə bildirişi almamışdır və məhkəmənin olmasından xəbəri olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-177/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 177/2024 nömrəli qərardadı mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Əvvəla kollegiya qeyd edir ki, borclu birinci instansiya məhkəməsinin qərardadının ləğvini xahiş etsə də həmin qərardadla təqdimat qismən təmin edildiyindən, tələbkar və ya icra məmuru tərəfindən şikayət verilmədiyindən sözügedən qərardad təqdimatın təmin edilən hissədə yoxlanılır. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3674/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclular Borclu, X3 və X1 müştərək qaydada 5024 (beş min iyirmi dörd) manat 18 (on səkkiz) qəpik əsas borc, 8 (səkkiz) manat 12 (on iki) qəpik cari faiz borcu olmaqla, cəmi 5032 (beş min otuz iki) manat 30 (otuz) qəpik məbləğində borcun və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə ödənilməlidir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu məxsus olan 14394970 qeydiyyat nömrəli Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2048B ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar torpaq sahəsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsin əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdimatın mahiyyəti icra sənədi üzrə tələbin ödənilməsinin təmin edilməsinə yönəlmiş, daha konkret formada icra məmurunun təqdimatında, habelə tələbkarın sözügedən qəradaddan verdiyi şikayətində tələb borcluya məxsus əmlakın üzərinə həbs qoyulmaqla, onu satmaq yolu ilə tələbin icra edilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, üzərinə həbs qoyulması tələb edilən torpaq sahəsi Borclu mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Borclu şikayətinin dəlillərində ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsinə istinad etsə də həmin dəlil öz təsdiqini tapmamışdır. Belə ki iş materiallarının 15-16-ci səhifələrində olan məhkəmə iclas protokolundan və məhkəmə bildirişinin kötüyündən aydın olur ki, Borclu təqdimata baxılması ilə bağlı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, növbəti məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilərək bildiriş kötüyünə imza etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Borclu məxsus torpaq sahəsinə həbs qoyulmasına dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X10 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X10 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-177/2024 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar