Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-59/2025 28.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (tələbkar) X7 alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilərək artırılması barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 iştirakı ilə Quba Rayon Məhkəməsinin 8(027)-24/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. X4 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(027)-1891/2022 saylı qətnaməsinə əsasən 15 aprel 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 165 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, Borclu onun xeyrinə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 2(027)-154/2020 saylı qətnaməsi ilə Borclu ilə aralarındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş 24 dekabr 2006-cı il təvəllüdlü X14 və 15 aprel 2010-cu il təvəllüdlü X9 onun himayəsində saxlanılması, hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə hər ay 300 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(027)-1891/2022 saylı qətnaməsi ilə 24 dekabr 2006-cı il təvəllüdlü X14 və 15 aprel 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Quba rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(027)-154/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla Borclu hər ay hər uşaq üçün 165 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. X6 24 dekabr 2024-cü ildə 18 yaşına çatmışdır, cavabdeh hal-hazırda yalnız X1 üçün 165 manat məbləğində aliment ödəyir. Onsuz da çətin olan maddi vəziyyəti bir az da çətinləşmişdir. O, uşaqlarını təkbaşına çox çətinliklə saxlayır. Hal-hazırda isə məhkəmə qətnaməsi ilə müəyyən edilən 165 manat məbləğində aliment uşağın təlabatlarını ödəmir. Cavabdeh isə uşağın saxlanması üçün ona heç bir əlavə yardım etmir. Halbuki onun bu məbləğdən çox aliment ödəməyə maddi imkanı vardır. Göstərilənlər əsasında ərizə təmin edilməlidir.
3. Quba Rayon Məhkəməsinin 8(027)-24/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim S.Məmmədov) ərizə təmin edilərək, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1891/2022 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 üçün Borclu tutulan aliment məbləğinin xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,55 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi hesab edib ki, 2022-ci ildə qəbul edilmiş qətnamə ilə xx.xx.2010-cu il təvəllüdlü X2 üçün 165 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, 2025-ci ildə indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2022-ci il üzrə müəyyən edilmiş 300 manat məbləğində minimum aylıq əmək haqqının 0,55 mislini təşkil etdiyini nəzərə alaraq, tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. Odur ki, Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 2(027)-154/2020 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 üçün Borclu tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,55 misli həddində indeksasiya olunmalıdır.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1, 232.3-cü maddələri, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1, 8.4-2-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
6. Qərardaddan narazı qalan cavabdeh Borclu şikayət verərək, Quba Rayon Məhkəməsinin 8(027)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 üçün alimentin hər ay onun əmək haqqının ¼ hissəsində təmin edilməsi barədə yenidən qərar qəbul edilməsini xahiş etmişdir.
7. Quba Rayon Məhkəməsinin 8(027)-24/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılıb ki, iş üzrə məhkəmənin mövqeyi əsassızdır. O, halhazırda ailəlidir və himayəsində bir az yaşlı övladı-X13 var. Ümumi gəliri əmək haqqısı 612 manatdır, ondan başqa əlavə gəliri yoxdur. Halbuki hər iki uşağın eyni maddi təminat hüquqları vardır. Əmək haqqının əksər hissəsi uşağın birinə veriləndə digər uşağın maddi vəziyyəti daha da pisləşməyə səbəb olur. Onun digər yetkinlik yaşına çatmış X6 iddiaçının himayəsindədir və onların maddi ehtiyaclarının ödənməsi üçün işləyir. İddiaçı özü fərdi qaydada sahibkarlıq edir və gözəllik salonu işlədir və əlavə gəlir əldə edir. Həmçinin xx.xx.2010-cu il təvvəlüdlü X11 təhsildən yayındıraraq özü ilə gözəllik salonunda işlədir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının
8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
14. Apellyatorun hazırkı şikayəti Quba Rayon Məhkəməsinin 8(027)-24/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.
15. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin 8(027)-24/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 8(027)-24/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
18. Quba Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(027)-1891/2022 saylı qətnaməsinə əsasən 15 aprel 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 165 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir.
19. Hazırda X4 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(027)-1891/2022 saylı qətnaməsinə əsasən 15 aprel 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 165 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, Borclu onun xeyrinə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
20. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
22. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2022-ci il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqı 300 manat təşkil etmişdir. Əgər yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,55 misli (165:300=0,55) həddində müəyyən edilmiş olur.
23. İşə baxan məhkəmə tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayanların mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(027)-154/2020 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 üçün Borclu tutulan aliment məbləğini xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,55 misli həddində indeksasiya edilməsi qənaətinə gəlmişdir.
24. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəlmiş oduğu nəticəni əsaslı və qanuni hesab edir və belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Quba Rayon Məhkəməsinin 8(027)-24/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 8(027)-24/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.