Məhkəmə qərarları › İş №8(105)-6/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-6/2024

17.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-6/2024 17.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi katibliyi ilə, İddiaçı X1 cavabdeh Abdulov Müzəffər Qurban oğluna qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdehin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1201/2023 nömrəli qətnaməsinin hissəhissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1201/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-561/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, cavabdeh Abdulov Müzəffər Qurban oğlundan iddiaçıya vurduğu maddi ziyana görə 2075 (iki min yetmiş beş manat) manatın və 40,75 (qırx manat yetmiş beş qəpik) manat dövlət rüsumunun əvəzinin cavabdeh Abdulov Müzəffər Qurban oğlundan tutularaq iddiaçı X2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Abdulov Müzəffər Qurban oğlu Sumqayıt Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1201/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsini hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, həmin qətnamədən onun kassasiya şikayəti vermək hüququ yoxdur. Qətnamə ilə razı olmasa da kassasiya şikayəti vermək hüququ olmadığı üçün onu icra etməyə məcburdur, lakin buna maddi imkanı çatmır. Belə ki, o hazırda Azərsu Təchizat Tikinti şirkətində işləyir və 750 manat əmək haqqı alır. Bundan əlavə, 663 manat məbləğində də pensiya alır. Himayəsində heç bir yerdə işləməyən həyat yoldaşı, həyat yoldaşından ayrılmış qızı və onun iki uşağı var. Onlardan biri idman Akademiyasında, digər isə ADA Universitetində ödənişli əsaslarla təhsil alırlar. Onların təhsil və qidalanma xərclərini də o çəkir. Bundan əlavə, öz müalicəsinə də pul xəclənir. Ona görə də hazırkı qətnaməni bir dəfəyə icra etmək imkanı yoxdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.2, 231.3, 231.4-cü maddələri) İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2003-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin hissə-hissə icra edilməsi barədə Abdulov Müzəffər Qurban oğlu tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, borclu Abdulov Müzəffər Qurban oğlunun mövcud ərizə ilə aidiyyəti üzrə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 263-264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1201/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Abdulov Müzəffər Qurban oğlu tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar