Məhkəmə qərarları › İş №8(105)-60/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-60/2024

29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-60/2024 29.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə iddiaçının Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)-619/2014 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)-619/2014 nömrəli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-5876/2013 saylı qətnaməsinin dəyişdirilməsi, Borclu məxsus ipoteka ilə yüklü edilmiş “Chevrolet Aveo” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 8200 manat müəyyən edilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumunun əvəzinin cavabdeh Borclu tutularaq iddiaçıya verilməsi, məhkəmə ekspertizasının keçirilməsi üçün xərclənmiş 50 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu tutularaq dövlət büdcəsinə keçirilməsi, cavabdeh Borclu apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Borclu Bababkişi oğlu tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onunözünə aid edilməsi qət edilmişdir (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Telman Məmmədov). Tələbkar “Bank VTB (Azərbaycan)” ASC Sumqayıt Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)- 619/2014 nömrəli qətnaməsinin icra üsulu və qaydasını dəyişərək borcun tutulması qaydasında icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra İdarəsinin sifarişi əsasında xx.xx.2017-cı il tarixdə ilkin hərrac, xx.xx.2017-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Lakin hərrac baş tutmadığı üçün hərraca çıarılan əmlak ipoteka saxlayan olaraq “Bank VTB (Azərbaycan)” ASC-yə təklif edilmişdir. “Bank VTB “Azərbaycan)” ASC həmin əmlakı balansa götürməkdən imtina etmişdir. Nəticədə icra sənədi icra olunmadan məhkəməyə qaytarılmışdır. İcra sənədinin icrası ilə bağlı Sumqayıt şəhər İcra İdarəsinə edilmiş müraciətlərə cavab olaraq bildirilmişdir ki, “icra sənədi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində icra edildiyindən tələbin tam icra edilməsi üçün qətnamənin icra üsulu və qaydası dəyişdirilməlidir”. Odur ki, hal-hazırda qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.2, 231.3, 231.4-cü maddələri) İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2003-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin mövcud ərizə ilə aidiyyəti üzrə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)-619/2014 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar