Məhkəmə qərarları › İş №8(105)-60/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-60/2025

30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-60/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5967/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasına möhlət verilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-215/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5967/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X3 xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 290.26 manat, dəbbə borcu 15 manat olmaqla, ümumilikdə 305.26 (üç yüz beş manat, 26 qəpik) manat pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdeh X3 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alınmış və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 5967/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsinin tam icra olunması üçün ona 6 ay möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin hazırda icra olunmasına maddi durumu imkan vermir. Belə ki, o, heç bir yerdə işləmir və gəliri yoxdur. Himayəsində üç övladı vardır. Aldığı aliment isə cəmi 450 manat təşkil edir ki, bu da üç uşağa çatmır. Hazırda onun işlə təmin edilməyi gözlənilir. Bu ona maddi durumunu normallaşdırıb borcun ödənilməsini təmin etməyə imkan verəcəkdir. Buna görə ona altı ay müddət lazımdır. Qeyd edir ki, 333 manat borcdan 17 manat ödəniş etsə də yerdə qalan 315 manat borcu ödəyə bilməmişdir. İcra məmuru ona möhlət verilməsi ilə bağlı şifahi müraciətlər etsə də nəticəsi olmamışdır. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Həmçinin hesab edir ki, Sumqayıt Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Məmmədov hazırki işə maraqlı şəxs qismində dəvət olunmalı və icra işinin materialları məhkəməyə təqdim edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-215/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) X1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-5967/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X2 ərizəsində istinad etdiyi hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qənaətinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını mümkünsüz edən halları təsdiq edən dəlillər məhkəməyə təqdim olunmadığından, ərizə təmin edilməməlidir. X1 qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizəsində qeyd etdiyi xüsusatların qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından bilərəkdən qəsdən yayınmaq məqsədi daşıyır. Bu isə tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiə müddətinin uzadılması ilə, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasına göstərdiyi səhlənkarlıqları müstəsna hal kimi qiymətləndirməklə, səhlənkarlığının nəticəsi olaraq icra proseduruna yaranmış çətinliklərin tələbkarın hüquqlarının məhdudlaşdırılması nəticəsində həll olacağı nəticəsinə gəlir. Həmin qərardaddan X2 şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 215/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadının ləğv edilərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5967/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam icra olunması üçün ona 6 ay möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə formal mülahizələrlə verdiyi ərizəni təmin etməməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə isə heç bir araşdırma aparmadan tez-tələsik qərardad qəbul etməklə işi sadəcə tələbkarın xeyrinə həll etmişdir. Məhkəmə onun heç bir yerdən gəliri olmadığı kimi hallara düzgün qiymət verməmiş, şəxsi mülahizəsinə əsasən 305.26 (üç yüz beş manat iyirmi altı qəpik) manat pul məbləğinin ödənilməsinə dair verdiyi ərizəni təmin etməmişdir. Belə olan halda MPMnin 231.1-ci maddəsinin tələblərini qulaq ardına vurmuş olmuşdur. Halbuki, qanunverici borclunun möhlət hüququnun məhkəmələr tətəfindən tanınmasını habelə möhlətin verilməsini məqbul hesab etmişdir. Aydın məsələdir ki, möhlətin verilməsi tələbkarın maraqlarına uyğun deyil. Qanunverici isə məsələnin məhz borclunun mənafeyi baxımından həllini nəzərdə tutmuşdur. Göründüyü kimi məhkəmə qanunun təhrifinə də yol vermişdir. Möhlətin verilməsi məhkəmə tərəfindən işin diqqətə layiq halları nəzərə alınmaqla uzun və ya qısa müddətə ola bilər. Məhkəmə işə səthi yanaşaraq, ümumiyyətlə möhlət verməkdən imtina etməklə ədalətsizliyə və qanunsuzluğa yol vermişdir. Bununla məhkəmə maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-215/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-215/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafəisi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, «…. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar……» Məhkəmə kollegiyası qeyd edir ki, borclu 335.26 manat məbləğində puldan 17 manat ödədiyini, qalan məbləğin ödənilməsi üçün 6 ay möhlət verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, tərəflər arasıdna müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış, cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, 16 dekabr 2024-cü il tarixli qətnamə ilə cavabdehdən müqavilə üzrə ödənilməmiş məbləğ 290.26 manat, dəbbə borcu 15 manat olmaqla, ümumilikdə 305.26 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutulması qət edilmiş, qətnamənin qəbul edilməsindən 2 ay sonra hazırki ərizə ilə müraciət edilərək əlavə 6 ay möhlət istənilmişdir ki, bu da ağlabatanlılıq və ədalətlilik meyarlarına cavab verməməkdədir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-215/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-215/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar