Məhkəmə qərarları › İş №8(105)-61/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-61/2024

06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-61/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-83/2021 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəyə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-175/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Abşeron Rayon Məhkəməsinin 2(012)-83/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh Borclu 20536.27 (iyirmi min beş yüz otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas, 13196.49 (on üç min yüz doxsan altı dollar qırx doqquz sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdiriİmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1072.9 (min yetmiş iki dollar doxsan sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 35005.66 (otuz beş min beş dollar altmış altı sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh Borclu mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.075 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat məbləğində müəyyən edilsin və həmin mənzil açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 35005.66 (otuz beş min beş dollar altmış altı sent) ABŞ dolları məbləğində pul vəsaiti ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin və tutma ipoteka predmetinə yönəldildikdə və satıldıqda cavabdehlər- Borclu, X4, X3, X1 və X2 ən geci bir ay ərzində fərdi yaşayış evini tərk etmədikdə fərdi yaşayış evi boşaldılaraq çıxarılmaları, Ekspertiza tədqiqatına görə ümumilikdə 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaiti cavabdehlərdən müşdərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

2. Qətnamə qüvvəyə minmiş və icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra sənədi icraata qəbul edilmiş və icra tədbirləri başlanılmışdır.

3. Borclu ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin icrasına möhlət verilməsini xahiş etmişdir.

4. Ərizəni onunla əsaslandırmışdır ki, icra məmurunun ona ünvanlanmış olduğu xəbərdarlıqda qeyd olunur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ona məxsus ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalı, əldə edilmiş vəsait hesabına kredit borcu ödənilməli və yaşadığı fərdi yaşayış evi boşaldılmalıdır. Birinci qrup əlildir, bir sıra xəstəliklərdən müalicə alır və yeganə yaşayış həmin fərdi yaşayış evidir. Ona məxsus evin hərracdan hansı məbləğə satılması barədə heç bir məlumatı yoxdur. Hazırda da ağır xəstədir və onun evdən çıxarılması qeyrimümkündür.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, qətnamənin icrasına möhlət verilməsi barədə ərizəni qəbul etmir. Belə ki, 2021-ci ildən 2024-cü ilədək qətnamənin icrasına möhlət verildiyini, dəfələrlə borcluya güzəştli şərtlərlə ödəniş edilməsi barədə təkliflər edilməsinə baxmayaraq süni şəkildə vaxt uzatmaq istədiyindən ərizənin rədd edilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-175/2024 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-83/2021 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir.

7. Borclu həmin qərardaddan şikayət vermişdir.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-175/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamənin icrasına möhlət verilməsini xahiş edir. Birinci qrup əlildir, bir sıra başqa xəstəliklərdən də mütəmadi müalicə alır. Məcburi qaydada evdən çıxarmaq onu və ailəsini ağır vəziyyətə salacaqdır. Belə olan halda qərar ləğv edilməli və qətnamənin icrası üçün ona möhlət verilməlidir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

11. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

12. Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: (...) 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu:

13. Maddə 10. İcra məmurlarının tələblərinin məcburiliyi İcra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. (...) 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

18. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Yuxarıda sadalanan Konstitusiya, maddi və prosessual hüquq normalarının tələblərinən göründüyü kimi məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası fiziki hüquqi və dövlət oranları üçün məcburidir.

21. Mülki Prosessual Məcəllənin 231.5-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

22. İşin araşdırılan halları ilə müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC, hazırda Tələbkar ASC-nin Abşeron Rayon Məhkəməsinin 2(012)-83/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair razılığı yoxdur.

23. Belə ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Tələbkar ASC-nin nümayəndəsi qətnamənin icrasına möhlət verilməsi barədə ərizə tələbini qəbul etməmiş, 2021-ci ildən 2024-cü ilədək qətnamənin icrasına möhlət verildiyindən, dəfələrlə borcluya güzəştli şərtlərlə ödəniş edilməsi barədə təkliflər edilməsinə baxmayaraq süni şəkildə vaxt uzatmaq istədiyindən, ərizənin rədd edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, qətnamənin icrasına möhlət verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir.

25. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

26. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas olmadığından, şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-175/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-175/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar