Məhkəmə qərarları › İş №8(105)-61/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-61/2025

01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-61/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-106/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim X.Quliyev) şikayətin təmin edilməsi, Borclu tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 135 manat məbləğində pulun tutulmasına dair Bakı şəhəri 54 saylı Notariat ofisinin 09 mart 2024-cü il tarixli, 8İ-17663 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs 26 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Maraqlı şəxs rəisi Taleh Bayramov həmin qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs rəisi X1 Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(067)-106/2025 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayət 7 gün müddətində baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X3 Kredit Təşkilatı "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 54 saylı Notariat ofisinin 09 mart 2024-cü il tarixli, 8İ-17663 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs 27 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs rəisi X4 Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilərək icra sənədinin geri qaytarılması haqqında Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-17663 saylı xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Borclu 135 manat pul tutularaq tələbkar “AZPUL" MMC-nə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə elektron şəkildə “Elektron icra informasiya" sisteminə (bundan sonra “EllS”) daxil olmuş və icrası icra məmuru Sabir Kərimova həvalə edilmiş, icra məmuru tərəfindən “İcra haqqında” qanun 8ci maddəsinə əsasən icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu tərəfindən müəyyən edilmiş müddət ərzində heç bir ödəniş olmadığı üçün “İcra haqqında” qanunun 44.1.3-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqi üçün borclunun adına əmlakın və gəlir yerinin axtarışı üçün rəsmi “EİİS” sorğular verilmiş və nəticədə tələbin yönəldilməsi üçün əmlak və gəlir aşkar edilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə borclunun yaşayış yeri üzrə əmlak vəziyyəti yoxlanılmış və yaşayış üçün zəruri əmlaklardan başqa əmlak aşkar edilməmişdir. Həmin gün borclu şəxsin izahatı alınmış və icra qeydinin icrasına münasibəti öyrənilmişdir. Borclu izahatında qeyd etmişdir ki, uşağı xəstə olduğuna və imkanı olmadığına görə pulu götürmüşdür. Pulun ödənişini nə vaxt edəcəyi ilə bağlı suala borclu nə vaxt imkanı olduğu təqdirdə ödəməyə hazır olduğunu izahatında göstərmişdir. Bu səbəbdən də, icra qeydi “İcra haqqında” qanunun 23.1.3-cü maddəsinə əsasən icra edilmədən tələbkara qaytarılmışdır. Tələbkarın “icra sənədinin qaytarılması haqqında” qərarından verdiyi şikayət qanunvericilikdə nəzərdə tutulmuş heç bir subuta əsaslanmadığı üçün təmin edilmədən geri qaytarılmalıdır. Məhkəmə və digər orqan qərarlarının məcburi icrası ilə məşğul olan icra qurumu ancaq qanunvericilikdə nəzərdə tutulmuş ardıcıllıqla icra sənədlərinin icrasını təmin edir və icra perspektivi olmayan icra sənədləri tələbkara və ya məhkəməyə geri qaytarılır. Qanunla icrasız geri qaytarılan icra sənədi yalnız qaytarılma səbəbləri aradan qalxdıqda təkrar icraya yönəldilməsi mümkündür. Şikayətdə qeyd edilən digər xüsusiyyətlər həqiqətə uyğun deyil və böhtan xarakterlidir. Belə ki, icra sənədi icraatda olduğu bir ilə yaxın müddət ərzində tələbkar tərəfin icra sənədinin icrası ilə bağlı hər hansı təklifi, etirazı və şikayəti onlara daxil olmamışdır. Bununla yanaşı "İcra haqqında” qanunda borclunun yaşayış yeri üzrə əmlak vəziyyətinin yoxlanılması və bu barədə tələbkara rəsmi məlumat verilməsi nəzərdə tutulmamışdır. Həmçinin borcun hissə hissə ödənilməsi üçün borclu şəxsin yetərincə vaxtı da olmuş, lakin, heç bir ödəniş etməmişdir. “İcra haqqında” qanunun 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Göründüyü kimi şöbənin xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması qərarından şikayət verən tələbkar tərəf öz sübutlarını yalnız ehtimala bağlamışdır. Çünki, tələbkar tərəf qəbul edilmiş qərarın əsasız sayılması üçün borclu şəxsin gəlirinin, əmlakının və ödəmə qabiliyyətinin olmasını təsdiq edən əsaslı bir sübut məhkəməyə təqdim etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsinin əsası kimi qeyd olunan mübahisələndirilən icra qeydinin Maraqlı şəxs icraatında daxil olduqdan sonra Maraqlı şəxs icra məmuru tərəfindən konkret olaraq qanunda nəzərdə tutulmuş lazımi icra tədbirlərinin görülməməsi, borcludan tutulmalı məbləğ çox da böyük olmayan məbləğ təşkil etməsinə, icrası mümkün, icra tədbirlərinin davam etdirilməsi zərurəti yaradan məbləğ (135 manat) olmasına baxmayaq borclunun axtarılıb tapılaraq tələbin icrası üçün qanunamüvafiq digər zəruri tədbirlər görülməməsi, formal sənədləşmələr apararaq sadəcə olaraq "icra sənədinin qaytarılması haqqında" qərar qəbul etməklə kifayətlənməsi, bundan əlavə icra məmuru icra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin yoxlanılmasına, əmlakının və gəlirlərinin axtarışı ilə bağlı icra tədbirlərinin həyata keçirilməsinə və tələbin icrası ilə bağlı digər zəruri tədbirlərin həyata keçirilməsinə dair sübutları məhkəməyə təqdim etməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, “İcra haqqında” Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs rəisi Taleh Bayramovun şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli və onunla bağlı 17 mart 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar