Məhkəmə qərarları › İş №8(105)-62/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-62/2024

05.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-62/2024 05.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Borclu avtomobilin üzərindən həbsin götürülməsinə dair ərizəsinin təmin edilməməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(060)-391/2021 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-391/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-794/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinə üzrə Borclu mülkiyyətində olan “AZSAMAND LX MİNİK” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 391/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş AZSAMAND LX MİNİK markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(060)-391/2021 nömrəli qərardadı ilə Borclu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 391/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş AZSAMAND LX MİNİK markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-391/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardad ilə razı deyil, onu tamamilə əsassız və ədalətsiz hesab edir. Məhkəmə işə baxarkən AR MPM-nin müvafiq maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla çıxarılmışdır, belə ki, hakim işə baxarkən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, onun təqdim etdiyim rəsmi sənədlərə baxmadan, iddiaçının şifahi mülahizələrini əsas tutaraq qanunsuz qərardad çıxarmışdır. AR MPM-nin mövcud maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o 3 il barışıb bir yerdə yaşadığı müddətdə ondan Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə iddiaçıya ayda 140 manat olmaqla 3 il ərzində 8000 manat aliment borcu barədə qərar çıxarmışdır. Bu günə kimi o borcun 4806 manatını ödəmişvə ödəniş çeklərini məhkəməyə təqdim etmişdir. Onun 3194 manat aliment borcu qalmışdır. Lakin, hakim təqdim etdiyi bu sənədləri araşdırmamış, qərardadda heç bir rəqəm göstərmədən bildirmişdir ki, borclu icra sənədi üzrə borcdan çox az məbləğ ödəniş etmişdir və borcun böyük bir qismi ödənilməmiş qalmışdır. Buradan görünür ki, hakim 1 ay müddətində təqdim edilmiş işlə heç tanış olmamışdır. Halbuki, o borcun 60 faizini ödəmişdir, bu da borcun yarıdan çox hissəsi deməkdir. Məhkəmə prosesinin gedişatı zamanı o hakimə öz etirazını bildirib ədalətli olmağını tələb edib deyəndə ki, borcun çox hissəsini ödəmişəm, hakim bildirdi ki, bunda heç bir əsas görmür, qərardaddan apellyasiya şikayəti ver, bəlkə onlar nəsə bir əsas gördülər. Bu deyilənlər məhkəmə prosesinin video və səs yazısında da qeyd olunub. Bildirmək istəyir ki, onun müharibədə aldığı yaralanmalardan, mərmi, qəlpə partlayışlarından sonra sağlamlığında ciddi problemlər olduğuna görə fiziki işlə məşğul ola bilmir. Ailəlidir, ailəsini dolandırmaq üçün bacardığı iş taksi fəaliyyətidir. Onun yeni avtomobil almağa maddi imkanı yoxdur. Ayda müalicələrinə 400-500 manat pul xərcləyir, insulindən asılı şəkər xəstəsidir. Göstərilən maşının üzərindən həbs götürülsə həmin maşından istifadə edərək pul qazanıb həm ailəsini dolandırar, müalicələrini edər, həm də aliment borcunu daha tez ödəyib qurtarar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(060)-391/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-16, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(060)- 391/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı). Konstitusiyanın 129-cu maddəsinin müddəaları məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, həmin maddənin İ və İİ hissələrinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da vurğulanmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq borcluya məxsus avtomobilin üzəridən həbsin götürülməsi barədə ərizəni təmin etməmişdir. Borclu şikayətinin dəlillərində sözügedən avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etdiyini bildirsə də, buna dair hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında təqdim etməmişdir. Digər tərəfdən, borclu tərəfindən borcun 60 % hissəsinin ödənilməsinə dair dəlillə bağlı kollegiya qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-794/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə borclu tərəfindən ödəmələr həyata keçirilsə də, borclunun 3194 manat (borclu şikayətində özü təsdiq edir) aliment borcu qalmışdır. Belə olan halda isə şikayət təmin oluna bilməz. Yuxarıda qeyd edildiyi kimi, məhkəmənin qətnaməsinin icrası məcburidir, onun düzgün, tam icra olunmaması hazırkı iş üzrə saxlanılması üçün aliment tutulan uşağın mənafeyi baxımından ədalətsizdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Borclu üzərinə həbs qoyulmuş avtomobilin üzərindən həbsin götürülməsinə dair ərizəsinin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(060)-391/2021 nömrəli qərardadı ilə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(060)-391/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar