Məhkəmə qərarları › İş №8(105)-62/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-62/2025

05.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-62/2025 05.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Xantəmir qızının aliment məbləğinin indeksasiya edilməsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X9 Xantəmir qızı ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3030/2022 saylı, 06 dekabr 2022-ci il tarixli, qətnaməsinə əsasən 14 iyun 2008-cı il təvəllüdlü X4 və 10 fevral 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması Xaçmaz rayonu, Fərzəli-oba kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər uşaq üçün tutulan 193 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olunduğu tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 3030/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən 14 iyun 2008-cı il təvəllüdlü X4 və 10 fevral 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Maraqlı şəxs onun xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində sabit aliment tutulması qət edilmişdir. Hesab edir ki, onun xeyrinə 14 iyun 2008-cı il təvəllüdlü X4 və 10 fevral 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün tutulan 193 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0.80 faiz mislində müəyyən edilməlidir. Qeyd edir ki, cavabdeh Maraqlı şəxs maddi imkanı yaxşıdır. Ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin artmışdır. Elşad Zülfiqarovun isə maddi imkanı yaxşıdır və o yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşaqlarını saxlamaq onun valideynlik borcudur. Maraqlı şəxs ilə arasında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Göstərilənlərə

3. X9 Xantəmir qızı “ərizəyə dəqiqləşmə aparılmasına dair” ərizə ilə 19 fevral 2025-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-3030/2022 saylı 07 mart 2017-ci il tarixli, qətnaməsinə əsasən 14 iyun 2008-cı il təvəllüdlü X4 və 10 fevral 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması Xaçmaz rayonu,Fərzəli-oba kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər uşaq üçün tutulan 193 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim N.Abiyeva) ərizə təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(067)-3030/2022 saylı qətnaməsi ilə Bayramova Ülkər Xantəmir qızı ilə Maraqlı şəxs arasındakı birgə nikahdan doğulmuş 14 iyun 2008-ci il təvəllüdlü X4 və 10 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə tutulan 193 manat sabit pul məbləğində aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər bir uşaq üçün ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli (hər bir uşağa görə) həddində indeksasiya edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi qeyd edib ki, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyarı kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Hazırkı şəraitdə ayda hər uşaq üçün 193 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Məhkəmə hesab edib ki, 06 dekabr 2022-ci il tarixdə qəbul edilmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3030/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaqlar - 14 iyun 2008-ci il təvəllüdlü X4 və 10 fevral 2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən, məhkəmə tərəfindən indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2022-ci il üzrə müəyyən edilmiş 300 manat məbləğində minimum əmək haqqının 0.64 mislini təşkil etdiyi nəzərə alınaraq, tutulan alimentin məbləği ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş 400 manat məbləğində minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2, 232.3-cü maddələri, 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3,5, 18, 27-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 13, 19-cu maddələrinə və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1.8.4-1, 8.4-2-ci maddələrinə istinadla əsaslandırmışdır.

7. Qərardaddan narazı qalan Maraqlı şəxs Xaçmaz Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 8(067)-37/2025 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılıb ki, iş üzrə məhkəmənin mövqeyi əsassızdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(067)-3030/2022 saylı qətnaməsi ilə 14 iyun 2008-ci il təvəllüdlü X4 və 10 fevral 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 193 manat, cəmi hər ay 386 manat sabit pul məbləğində alimentin ondan tutularaq Bayramova Ülkər Xantəmir qızına verilməsi qət edilmişdir. Məhkəmə iclasında bildirdiyi kimi, “X16 Qida Sənayə Ticarət” MMC-də bağban işləməklə aylıq 401 manat 14 qəpik əmək haqqı alır. Həmin məbləğin 386 manatı uşaqların saxlanılması üçün tutularaq Bayramova Ülkər Xantəmir qızına verilir. Məhkəmə onun həqiqətən işləyib-işləməməyini və aylıq əmək haqqının məbləğinin müəyyən edilməsi üçün hətta elektron məhkəmə portalına baxış keçirməmişdir. Məhkəmə qərardadını əsaslandırmaq üçün “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarının 1.2.1, 8.4-1-ci yarımbəndinə istinad etmişdir. Bununla belə qətnamədə göstərilir ki, Xaçmaz Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(067)-3030/2022 saylı qətnaməsi çıxarılan vaxt Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2022-ci il üçün minimum aylıq əmək haqqı 2022-ci ilin yanvar ayının 1-dən 300 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmin qətnamə ilə müəyyən olunmuş alimenti indeksasiya edərkən 2022-ci il üçün müəyyən edilmiş 300 manat minimum əmək haqqına istinad etməli idi. Bu halda alimentin indeksasiya edilməsi üçün heç bir əsas qalmayacaqdır. (300 manat x 2022-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.64 misli = 192 manat). Beləliklə hər uşaq üçün 192 manat təşkil edir. O, isə hər ay hər uşaq üçün 193 manat sabit məbləğdə aliment ödəyir. Məhkəmənin qərardadına əsasən hər uşaq üçün 256 manat, iki uşaq üçün 512 manat aliment ödəməlidir ki, bu halda qazancı hər ay ən azından 1500 manatdan artıq olmalıdır. O isə cəmisi 400 manat əmək haqqı alır. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla bərabər həm də ədalətsiz qərardır. Məhkəmə qərarın tətbiqində yalnışlığa yol vermişdir. İndeksasiya 2022-ci il üçün müəyyən edilmiş 300 manat minimal əmək haqqı ilə hesablanmalıdır. İş üzrə ərizəçi imkanlı adamdır, Fərzəlioba kənd tam orta məktəbində müəllimə işləməklə 800 manatdan yuxarı əmək haqqı alır. Birgə nikah dövründə əldə edilmiş həyətyanı torpaq sahəsi və yaşayış evi, habelə köməkçi tikililər hamısı Bayramova Ülkər Xantəmir qızının sahibliyindədir. O, isə evi tərk etmişdir. Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl, yəni məhkəmə qərarı elan olunandan iki gün sonra ərizəçi Ülkər Bayramova özünə yeni avtonəqliyyat vasitəsi almışdır. O, hər ay uşaqlara görə 512 manat aliment ödəmək qabiliyyətində deyil. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının

8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya baxışının hədləri

15. Apellyatorun hazırkı şikayəti Xaçmaz Rayon Məhkəməsinin 8(067)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.

16. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin 8(067)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

19. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 06 dekabr 2022-ci il tarixli, 2(067)-3030/2022 saylı qətnaməsindən görünür ki, 14 iyun 2008-ci il təvəllüdlü X4 və 10 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Maraqlı şəxs iddiaçı Bayramova Ülkər Xantəmir qızının xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

20. X7 Ülkər Xantəmir qızı ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-3030/2022 saylı, 06 dekabr 2022-ci il tarixli, qətnaməsinə əsasən 14 iyun 2008-cı il təvəllüdlü X4 və 10 fevral 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması Xaçmaz rayonu,Fərzəli-oba kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər uşaq üçün tutulan 193 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olunduğu tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

21. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

23. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvarınadək ölkə üzrə minimum əmək haqqı 300 manat təşkil etmişdir. Əgər yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,64 misli (193:300=0,64) həddində müəyyən edilmiş olur.

24. İşə baxan məhkəmə də tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayanların mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Xaçmaz rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(067)-3030/2022 saylı qətnaməsi ilə Bayramova Ülkər Xantəmir qızı ilə Maraqlı şəxs arasındakı birgə nikahdan doğulmuş 14 iyun 2008-ci il təvəllüdlü X4 və 10 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə tutulan 193 manat sabit pul məbləğində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər bir uşaq üçün ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli (hər bir uşağa görə) həddində indeksasiya edilməsi qənaətinə gəlmişdir.

25. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar