Məhkəmə qərarları › İş №8(105)-63/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-63/2024

11.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-63/2024 11.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məcburi gətirilməsi haqqında təqdimat üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-329/2021 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(060)-329/2021 nömrəli icra sənədinə əsasən boşanmadan sonra birgə nikahda olan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il tarixli Şahhüseynli Nurlan Rəhman oğlu anaları X2 yanında qalmalıdırlar. xx.xx.2020-ci il tarixdən başlayaraq, Borclu uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, 300 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmalıdır. İcra sənədi 6 aya yaxındır ki, icra olunmur. Bununla əlaqədar dəfələrlə borclu şəxs Borclu qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, Borclu icra sənədinin icra qaydasını pozmuş, icra məmurunun qanuni çağırışları ilə gəlməkdən imtina etmiş, uşağın yeri barədə qeyri-dəqiq məlumatlar vermişdir. Bununla əlaqədar Borclu heç bir üzrlü səbəb göstərməyərək tələbi təmin etməmişdir. Borclu şəxs hal-hazırda ölkə hüdudlarından kənardadır və nə zaman qayıdacağı bəlli deyil. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.

3. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır.

4. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmiş, borclu xx.xx.2023-cü il tarixdə bildirişi rəsmi qaydada əldə etmişdir.

5. Böyük icra məmuru Rüfət Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadına əsasən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədovun Borclu məcburi gətirilməsi barədə təqdimatının təmin olunması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.1976-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu məcburi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gətirilməsi, qərardadın icrasının Sumqayıt şəhəri üzrə İcra idarəsinə və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-51/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(105)-32/2024 nömrəli qərardadı ilə Borclu nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 51/2024 nömrəli və bununla bağlı xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadları ləğv edilmiş və təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadı ilə (Şəbnəm Həxiyeva) Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.1976-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu məcburi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə gətirilməsi və qərardadın icrasının Sumqayıt şəhəri üzrə İcra idarəsinə və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

11. Borclu nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunması və təqdimatın rədd edilməsini xahiş etmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 51/2024 nömrəli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

13. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(105)-32/2024 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 saylı qərardadı ləğv edilmiş, təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmış, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-51/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (ləğv olunmuş əvvəlki qərarını dəyişdirmədən), Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Rüfət Məmmədovun Borclu məcburi gətirilməsi barədə təqdimatını (yenidən, ikinci dəfə) təmin etmişdir. Hakim işə baxarkən MPM-in 8, 14, 47.2, 76, 77, 79, 85, 88 və digər maddələrin prosessual tələblərini kobud surətdə pozmuş, iş üzrə məhkəmə baxışının prinsiplərinə qətiyyən əməl etməmişdir. Hakim Ailə Məcəlləsinin 58, 59, 60, 61, 63 və Konstitusiyanın 43-cü maddələrində nəzərdə tutulan hüquqlarını kobud surətdə pozmuş, sözügedən Məcəllələr, Qanunlar və Konstitusiyaya, habelə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun fundamental tələblərinə, uşaq hüquqları ilə bağlı dövlətin tərəfdar çıxdığı bütün beynəlxalq Konvensiyayara, bəşəri norma və dəyərlərə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. Hakim məhkəmyə təqdim etdikləri təkzibedilməz sübut və dəlillərin (rəylər, arayışlar, CD disklər, aktlar, və s.) heç birinə istinad etməmiş, qiymət verməmiş, bu sübut və dəlillərə bircə kəlimə olsun belə qərardadda münasibət bildirməmişdir. Uşağı dəfələrlə icra idarəsinə aparıb təhvil vermişdir. Lakin uşaq anasına getməkdən qətiyyətlə imtina etdiyi üçün icra mümkün olmamışdır. Bunu məhz məhkəməyə təqdimat vermiş Sumqayıt İcra idarəsi özünün xx.xx.2023 və xx.xx.2023 tarixli qərarları ilə təsdiq də edir. Uşağın anası ilə görüşməkdən və yanına getməkdən dəfələrlə imtina etdiyini təkcə səs yazıları, video görüntülər, rəylər və arayışlar deyil, eyni zamanda icra idarəsi də öz qərarları ilə təsdiq edir. Belə olduğu halda, məcburi gətirməyə dair təqdimat kimə və hansı məqsədə xidmət edir? Cavab çox sadədir: icra məmurlarının icra idarəsində azyaşlı uşağa qarşı törətdilmiş cinayətlərindən ölkə rəhbərliyinə və yeni nazirə şikayətlər ünvanlamışdır. Təqdimatı təmin etdirməklə icra məmurları özlərini mümkün məsuliyyətindən məhkəmənin əli ilə qorumaq, sığortalamaq hədəfləyirlər. Digər vacib bir məqam: icra idarəsinin yuxarıdakı qərarlarından göründüyü kimi, Sumqayıt Ailə Sağlamlıq Mərkəzinin psixoloqu Sevinc Əsədova icra prosesinə mütəxəssis qismində cəlb edilmişdir. Proseslərdə iştirak edən psixoloq uşağın anasının yanına getməkdən qətiyyətlə imtina etdiyinə və icra proseslərində uşağın ciddi psixoloji sarsıntı keçirdiyinə şahid olduqdan sonra “icra proseslərinin dayandırılmasına dair” yekun rəy yazıb icra məmuruna təqdim etdikdə, hazırkı “Təqdimat”ın müəllifi, Sumqayıt icra idarəsinin böyük icra məmuru Rüfət Məmmədov psixoloqun rəyini qəbul etməyərək ona demişdir: “Rəyi cırın atın!” (səs yazısı Məhkəməyə təqdim edilmiş CD-də) İcra məmuru bir tərəfdən uşağın “anası ilə görüşməkdən və yanına getməkdən dəfələrlə imtina etdyini” əsas gətirərək icra prosesslərinə mütəxəssis dəvət etmiş, digər tərəfdən isə həmin mütəxəssisin yazıb gətirdiyi “icra proseslərinin dayandırılmasına dair” yekun rəyini, vəzifə səlayiyyətlərini aşaraq və vəzifə saxtakarlığı edərək qəbul etməmişdir. Böyük icra məmurunun bu əməlləri, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı hallarıdır. Həmçinin, yuxarıda qeyd olunan qərarlarla, səs və və video yazılarla, rəy və arayışlarla da birmənalı təsdiq olunduğu kimi, icra məmurunun məhkəməyə təqdim etdiyi hazırkı təqdimat tamamilə yalan əsasında tərtib edilmişdir. Təqdimatda qeyd olunur ki, guya onun “...qeydiyyatda olduğu ünvana dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, Borclu icra sənədinin icra qaydasını pozmuş, icra məmurunun qanuni çağırışları ilə gəlməkdən imtina etmişdir. Bildirir ki, icra məmurunun təqdimatda qeyd etdiyi bu fakt həqiqətə uyğun deyil. Əvvəla, icra məmurunu qeydiyyatda olduğu ünvana heç bir xəbərdarlıq göndərməmişdir. İkincisi, icra məmuru məhkəməyə təqdimat verməzdən əvvəl edilməli prosessual hətəkətlərin heç birini etməmiş, o cümlədən “məcburi gətirməyə dair qərar” qəbul etmədən, həmin qərarı ona və ya vəkilinə təqdim etmədən, onların şikayət hüququnu tanımadan, sifariş və həvəsləndirmə qarşılığında tələm-tələsik, 2023-cü ilin son iş günündə - 29 dekabr tarixdə məhkəməyə təqdimat vermişdir. Üçüncüsu, icra məmuru, icra idarəsi, bir sözlə, bu işlə məşğul olan bütün qurumlar onun Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində diplomatik xidmətdə olduğunu bilirlər. Buna baxmayaraq, məhkəmə qərarının və qətnamələrinin icrasının məcburiliyini dərk edərək, 2023-cü ilin sentyabr ayında icra məmuru Aqil Məmmədovun votsap vasitəsilə ona göndərdiyi bildiriş əsasında dərhal Yunanıstandan Azərbaycana qayıtmış, icraatla bağlı dəfələrlə Sumqayıt icra idarəsində olmuş, 2 (iki) dəfə - 15 və 20 sentyabr 2023-cü il tarixlərdə uşağı şəxsən aparıb icra idarəsində icra məmuruna təhvil vermişdir. İcraat mümkün olmadığı üçün icra məmuru uşağı qaytarıb özünə vermişdir. Təqdimatda qeyd olunur ki, Borclu guya “...hazırda uşağın yeri barədə qeyri-dəqiq məlumatlar vermişdir. Bildirir ki, icra məmurunun təqdimatda qeyd etdiyi bu fakt həqiqətə uyğun deyil. Uşağın həm yaşadığı ünvan, həm də oxuduğu məktəb hər kəsə, o cümlədən icra məmuruna bəllidir. Uşaq müəvəqqəti olaraq bibisi Gülyaz Mehdiyeva ilə ünvan 4 ünvanında yaşayır. Bu barədə dəfələrlə icra məmuruna, həm də qanuni nümayəndəsi Gülyaz Mehdiyeva məhkəmə iclaslarında hakimə bildirmişdir. Həmçinin, icra idarəsinə təqdim etdikləri “Dünya Məktəbi”nin xx.xx.2023-cü il tarixli arayışından, habelə CD diskdə təqdim etdikləri video yazılardakı qırmızı rəngli məktəb uniformasından göründüyü kimi, uşaq Sumqayıt şəhərində yerləşən özəl “Dünya Məktəbi”ndə oxuyur. Göründüyü kimi, böyük icra məmuru Rüfət Məmmədovun məhkəməyə təqdim etdiyi hazırkı təqdimat tamamilə yalan əsasında tərtib edilmişdir, bu əməllər vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı hallarıdır. Təfərrüatı ilə bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-319/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi icra edilməsi üçün 2023-cü ilin ortalarında icra orqanına göndərilmişdir. Həmin qətnamənin icra edilməsi üçün dəfələrlə icra idarəsində olmuş, 2 (iki) dəfə - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə oğlu Şahhüseynli Nurlan Rəhman oğlunu icra orqanına şəxsən aparıb təqdim etmiş, təhvil vermişdir. Həmin icra prosesləri icra məmuru Aqil Məmmədov tərəfindən aparılmışdır. İcra proseslərində psixoloq Sevinc Əsədova və Tələbkar da iştirak etmişdir. Tələbkarla görüşməmişdən əvvəl oğlu 1 saatdan çox təkbətək (və daha sonra onun iştirakı ilə) psixoloqla danışmış, qətiyyən anasına getmək istəmədiyini, səbəbi soruşulduqda isə anası ilə yaşadığı dövrdə mütəmadi olaraq ana tərəfindən döyüldüyünü aydın ifadələrlə bildirmişdir (səs yazıları qoşmadakı CD-də). Uşağın qətiyyətli etirazına baxmayaraq, Tələbkarla görüşə məcbur edilərkən uşaq kəskin isteriyaka düşmüş, dəfələrlə onu istəmədiyini yüksək səslə qışqıraraq, fəryad edərək ağlayıb bildirmişdir. Qətnamənin icrası mümkün olmadığını görən icra məmuru uşağı qantər içində, yarımcan vəziyyətdə çölə çıxarıb ona geri qaytarmışdır ki, “Mümkün olmadı. Götür uşağı, apar evinə.” İcra idarəsində məmurlar tərəfindən 2 (iki) dəfə (15 sentyabr və 20 senyabr) uşağa edilmiş dözülməz və qəbuledilməz fiziki və psixoloji şiddətə etirazını bildirib, proseslər boyunca çəkilən video görüntüləri istəsə də, icra məmurları həmin epizodların görüntülərini gizlətmiş, üzə çıxarmamışdır. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə bütün bu baş verən qanunsuzluq və özbaşınalıq nəticə vermədiyini görən icra və icra məmuru Aqil Məmmədov “Mümkün olmadı. Götür uşağı, apar evinə.” deyərək uşağı qaytarıb özünə vermişdir. Oğlu evə gedərkən həm yolda, həm də evdə gecə boyunca dayanmadan ağlamış və qışqırmış, 3 dəfə özündən getmiş, səhərə qədər səksəkə və həyəcan içində yata bilməmişdir. Ertəsi gün (xx.xx.2023-cü il tarixdə) səhər açılan kimi, artıq məcbur olub uşağı Sumqayıt Şəhər 1 saylı Uşaq Xəstəxanasına aparmışdır. Uşağı orada da tam sakitləşdirmək mümkün olmamışdır. Müayinə nəticəsində uşağa F-43.0 kodu ilə “ağır stresə qarşı kəskin reaksiya” diaqnozu qoyulmuşdur. Müayinənin nəticələri və xəstəliyin səbəbləri (“icra idarəsində uşağa qarşı edilmiş fiziki-psixoloji təzyiq və təhdidlər”) isə xəstəlik vərəqəsində aydın ifadələrlə qeyd edilmişdir. Sözügedən uşaq xəstəxanası uşağın qeyri-qənaətbəxş vəziyyətini nəzərə alaraq, tibbi göndərişlə Şahhüseynli Nurlanı Sumqayıt Şəhər 1 saylı ASM-ə psixo-sosial reabilitasiyaya (müalicəyə) göndərmişdir. Bu baş verənlərdən sonra, bir müddət uşaq ən sevdiyi məktəbə belə getməkdən qəti imtina etmişdir. Uşağın bu şəkildə davamlı stressə məruz qoymaqla onun sağlamlığına ciddi ziyan vurulması, 20 sentyabr 2023-cü il tarixdə Sumqayıt icra idarəsində uşağa qarşı edilmiş qanunazidd əməllər, o cümlədən uşağa qarşı fiziki və psixoloji təzyiq və hədə-qorxulardan sonra İcra Baş İdarəsinə etdikləri şikayət əsasında iş icra məmuru A.Məmmədovdan alınaraq R.Məmmədova verilmişdir. 15 və 20 sentyabr 2023-cü il tarixlərdə Sumqayıt icra idarəsində xx.xx.2016-cı il təvəllüdlü oğlu Nurlan Şahhüseynliyə qarşı edilmiş fiziki-psixoloji təzyiq habelə təhdid və hədəqorxudan dolayı, F43.0 saylı diaqnozu ilə 655 saylı göndəriş əsasında 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin Psixi Sağlamlıq bölməsində reabilitasiyaya göndərilən uşağın pozulmuş sağlamlığını, uşağın reabilitasiyadan keçib, barəsində rəy verilənədək onu icra idarəsinə gətirməyin mümkün olmadığını əsas gətirərək, icra proseslərinin reabilitasiya prosesi sona çatıb rəy verilənədək dayandırılmasına dair ərizə ilə icra idarəsinə müracəit etsələr də, bu günə qədər ərizəsinə cavab ala bilməmişdir. Reablitasiya davam edən dövrdə, uşağın aralıq vəziyyətinə dair rəy verilməsi üçün vəkil sorğusu ilə Sumqayıt şəhər 1 saylı Ailə Sağlamlıq Mərkəzinə müraciət etmiş, 11 yanvar 2024-cü il tarixdə Mərkəz tərəfindən Şahhüseynli Nurlan Rəhman oğlunun davam edən reabilitasiyası və perspektiv vəziyyətinə dair “Psixoloji Rəy” verilmişdir. Rəydə yazılır: “Şahhüseynli Nurlan Rəhman oğlunun idrak prosesləri (diqqəti yaradıcı və məntiqi təfəkkürü) yüksək səviyyədədir. Uşağın təlim motivasiyası, təlim və təhsil prosesinə marağı, təhsil almaq motivləri, məktəbə olan sevgisi yüksək səviyyədədir. Uşaqla bu günə qədər olan görüşlərə əsasən aparılan psixoloji metodikaların nəticələrinə əsaslanaraq uşaqla ana arasında emosianal bağlılıq, anaya qarşı sevgi-məhəbbət hissi, anaya qarşı inam və güvən duyğusu yoxdur. Ataya qarşı isə sevgi emosional bağlılıq yüksək səviyyədədir. Nurlan atasını həyatının mərkəzinə qoyub və atasını itirmək ən böyük qorxusuna çevrilib. Hal-hazırki durumda uşaq atadan ayrılmağa hazır deyil. Atadan ayırmağa cəhd olunarsa uşaqda psixoloji travma, ağır stress, psixoloji sarsıntı özünə xəsarət yetirmə halları yaşana bilər. Sonda rəydə qeyd edilmişdir ki, Şahhüseynli Nurlan Rəhman oğlu ilə reabilitasiya prosesi davam edir. Bu müddətdə uşaqda olan travma, qorxular, həsasslıq üzərində korreksiya işləri davam edəcək.” Psixoloji rəydən göründüyü kimi, uşaqda anaya qarşı heç bir “bağlılıq, hiss və duyğu yoxdur.” Digər tərəfdən, uşaq son dərəcə ataya bağlıdır və uşağın atadan alınmasına cəhd edimləsi uşaqda fiziki (özünə xəsərət yetirmə) və psixoloji (ağır stress) kimi ciddi fəsadlarla nəticələnə bilər. Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasının verdiyi xx.xx.2024-cü il tarixli göndərişdən və Sumqayıt 1 saylı ASM-nin verdiyi xx.xx.2024-cü il məktub-rəydən də göründüyü kimi, məhz icra idarəsində edilmiş fiziki və psixoloji təzyiqlərdən sonra xəstələnən və rəyin verildiyi xx.xx.2024-cü il tarix etibarilə hələ də müalicəsi davam edən uşaqla bağlı icra sənədinin icrası ən azı uşaq tam sağalana qədər dayandılmalı, mütəxəssisin yekun rəyindən sonra icraatın davam etdirilib-etdirilməməsinə qərar verilməli idi.

b) Şikayətə qarşı etirazın dəlilləri

14. Tələbkar tərəfindən şikayətə qarşı ərizə daxil olmuşdur. Ərizədə qeyd olunur ki, Borclu hazırda Yunanıstanda işləyir. Azyaşlı oğlu ona baxmaq istəməyən müxtəlif şəxslərin himayəsində qalmaqla qayğısız həyat yaşamağa məhkum edilmişdir. Nə işə baxan məhkəmlər, nədə ki, Rəhman azyaşlı uşaq üçün ana qayğısının nə qədər vacib olduğunu anlamaq istəməmişdir. Azyaşlı oğlu artıq 2 ilə yaxındır həm ondan, həm də bacısından ayrı yaşayır. Deyilənə görə o, bibisi X3 himayəsindədir. Belə ki Borclu 3 dəfə rəsmi evli olub. Nəhayət Borclu əvvəlki 2 evliliyində keçmiş ailələrinə qarşı etdiyi şiddət, işgəncə və zorakılıqları 3-cü evliliyində də edərək, Rəhman azyaşlı körpə uşaqlara işgəncə verərək daha sonra etdiklərini ört basdır etmək üçün fotolar çəkir daha sonra məhkəmədə bunları guya özü etməyibmiş kimi görüntü yaratmağa çalışır. Hətta Rəhman yenə də etdiyi bu ağılasığmaz əməllərin təsir gücünü artırmaq üçün onun barəsində polisə yalan şikayətlər edir və polis də Rəhmanın böhtanlarını üzə çıxararaq bütün şikayətlərinin rədd edilməsi barədə qərarlar qəbul edir. İşin qeyd edilən hallarından görünür ki, o əvvəlki ailələri ilə də münasibət də aqresiv davranmış, həm arvadı, həm də uşaqlarına işgəncələr vermişdir. Hazırda isə müxtəlif vasitələrlə azyaşlı oğlunu ondan alıb müxtəlif şəxslərin himayəsində saxlamaq istəyir. Artıq 2 ildir ki, müxtəlif məhkəmə orqanlarına müraciət edir. Lakin Borclu qərəzli və qəsdi nəticəsində məhkəmə qətnaməsi icra olunmamışdır. Onda olan məlumata görə oğlunun həyat tərzi heç də ürəkaçan deyildir. Ona görə də hesab edir ki, oğlunun ona verilməsi barədə məhəkəmə qətnaməsinin icra edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Tətbiq edilən hüquq

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

15. Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

16. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

17. Maddə 44.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır.

18. Maddə 84.2. İcra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 268. Şikayətin verilmə müddəti (...) 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)

21. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

26. İşdən göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü Şahhüseynli Nurlan Rəhman oğlunun anaları X1 yanında qalmaları müəyyən edilmişdir. İcra məmuru xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqdimat təmin olunmuşdur.

27. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işə baxan zaman icra işi üzrə materiallar tələb edilib tədqiq edilməmiş, o cümlədən mövcud şikayətin dəlillərini yoxlamamış və işin faktiki hallarına hüquqi qiymət verməmişdir.

28. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.

29. Qanunun tələbindən göründüyü kimi borclu barəsində məcburi gətirmə tədbiri tətbiq olunması üçün borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmalıdır.

30. İcra məmuru təqdimatı belə əsaslandırmışdır ki, icra sənədi 6 aya yaxındır ki, icra olunmur. Bununla əlaqədar dəfələrlə borclu şəxs Borclu qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, Borclu icra sənədinin icra qaydasını pozmuş, icra məmurunun qanuni çağırışları ilə gəlməkdən imtina etmiş, uşağın yeri barədə qeyri-dəqiq məlumatlar vermişdir. Bununla əlaqədar Borclu heç bir üzrlü səbəb göstərməyərək tələbi təmin etməmişdir. Borclu şəxs hal-hazırda ölkə hüdudlarından kənardadır və nə zaman qayıdacağı bəlli deyil.

31. Borclu isə göstərir ki, icra məmuru, icra idarəsi, bu işlə məşğul olan bütün qurumlar onun Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində diplomatik xidmətdə olduğunu bilirlər. Buna baxmayaraq, məhkəmə qərarının və qətnamələrinin icrasının məcburiliyini dərk edərək, 2023-cü ilin sentyabr ayında icra məmuru Aqil Məmmədovun “whatsapp” sosial şəbəkə vasitəsilə ona göndərdiyi bildiriş əsasında dərhal Yunanıstandan Azərbaycana qayıtmış, icraatla bağlı dəfələrlə Sumqayıt İcra idarəsində olmuş, 2 (iki) dəfə - 15 və 20 sentyabr 2023-cü il tarixlərdə uşağı şəxsən aparıb icra idarəsində icra məmuruna təhvil vermişdir. İcraat mümkün olmadığı üçün icra məmuru uşağı qaytarıb özünə vermişdir. Uşağın həm yaşadığı ünvan, həm də oxuduğu məktəb hər kəsə, o cümlədən icra məmuruna bəllidir. Uşaq müəvəqqəti olaraq bibisi Gülyaz Mehdiyeva ilə ünvan 4 ünvanında yaşayır. Bu barədə dəfələrlə icra məmuruna, həm də qanuni nümayəndəsi Gülyaz Mehdiyeva məhkəmə iclaslarında hakimə bildirmişdir. Həmçinin, icra idarəsinə təqdim etdikləri “Dünya Məktəbi”nin xx.xx.2023-cü il tarixli arayışından, habelə CD diskdə təqdim etdikləri video yazılardakı qırmızı rəngli məktəb uniformasından göründüyü kimi, uşaq Sumqayıt şəhərində yerləşən özəl “Dünya Məktəbi”ndə oxuyur.

32. İşdən göründüyü kimi iş üzrə Borclu Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyində birinci katib vəzifəsində çalışdığını, onun xidməti vəzifəsinin ölkə hüdudlarından kənarda yerləşdiyini, iki dəfə - 15 və 20 sentyabr 2023-cü il tarixlərdə uşağı şəxsən aparıb icra idarəsində icra məmuruna təhvil verdiyini, icra mümkün olmadığı üçün icra məmurunun uşağı qaytardığını, hazırda uşağın müəvəqqəti olaraq bibisi Gülyaz Mehdiyeva ilə ünvan 4 ünvanında yaşadığını, Sumqayıt şəhərində yerləşən Dünya Məktəbində oxuduğunu, bu barədə dəfələrlə icra məmuruna məlumat verdiyini göstərir.

33. İşdən həmçinin görünür ki, Gülyaz Mehdiyeva borclunun nümayəndəsidir, o cümlədən borclu vəkili və nümayəndəsi Vəkil ilə təmsil olunur.

34. Lakin birinci instansiya məhkəməsi həmin xüsusatlar üzrə araşdırma aparmamış, təqdimata yenidən baxarkən həmin hallara qiymət verməmiş, borclunun icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gələrkən icra sənədinin hansı səbəbdən icra edilməməsi, mövcud vəziyyətdə icra sənədinin icra edilməsi üçün borclunun yenidən icra hərəkətlərinin həyata keçirildiyi yerə məcburi gətirilməsinin zəruriliyi, xidməti vəzifəsi ölkə hüdudlarından kənarda yerləşən hazırkı iş üzrə borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınıb-yayınmaması kimi hallar araşdırılmamış və qərardadda əsaslandırılmamışdır.

35. Beləliklə məhkəmə kollegiyası sadalananlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 51/2024 nömrəli qərardadı ləğv edilərək hazırkı qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

36. Təkrar baxış zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, təqdimatın və şikayətin əsası kimi istinad olunan hallara qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-51/2024 nömrəli qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar