Məhkəmə qərarları › İş №8(105)-64/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-64/2022

31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-64/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Qubadlı Rayon Məhkəməsinin 2(028)-288 saylı, 08.10.2015-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus “Mersedes E 200” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin Azərbaycan Respublikası DİN-nin X1 cərimə meydançasında saxlanılması barədə təqdimatına dair Qubadlı Rayon Məhkəməsinin 8(028)-106/2016 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-288 saylı, 08.10.2015-ci il tarixli icra sənədinə əsasən Borclu "xxxx" ASC-nin xeyrinə 2600 manat borc, 150 manat nümayəndəyə çəkilən xərc və 30 manat dövlət rüsumu, cəmi 2780 manat məbləğində pul tutulmalıdır. Qubadlı rayon İcra Qrupunun rəhbəri kiçik Ədliyyə müşaviri Şakir İsgəndərov zəruri icra hərəkətlərinin təmin edilməsi məqsədi ilə məhkəməyə təqdimatla müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-288 saylı, 08.10.2015-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus ** BN *** dövlət qeydiyyat nişanlı, “Mersedes E 200” markalı minik avtomobilinin üzərinə həbs qoyulması və cərimə meydançasında saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 8(028)106/2016 saylı qərardadı ilə təqdimat təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-288 saylı, 08.10.2015-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus “Mersedes E 200” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin Azərbaycan Respublikası DİN-nin X1 cərimə meydançasında saxlanılması barədə təqdimat təmin edilmişdir Borclu 28.04.2022-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 8(028)-106/2016 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 8(028)106/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, icra vərəqəsinə əsasən ondan 2870 manat pul tutularaq "xxxx" ASC-yə verilməlidir. İcra məmuru məhkəməyə müraciət edərək borcun ödənməsi üçün onun maşınının üzərinə həbs qoyulub maşının cərimə meydançasına qoyulmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə təqdimat təmin edilmişdir. Bu qərardaddan onun məlumatı olmamış, məhkəmə qərardadını 31.03.2022-ci il tarixdə alarkən ona məlum olmuşdur ki, belə bir qərardad qəbul edilmişdir. Məhkəmə hazırki qərardadı qəbul edərkən onun iştirakını təmin etməmiş, icra vərəqəsinə və təqdimata dair fikirlərini öyrənməmiş, eləcə də avtomaşının cərimə meydançasına qoyulması qərarına gələrkən onun mülkiyyət hüquqlarını pozmuşdur. Çünki bora görə avtomaşın üzərinə həbs qoyula bilər, amma avtomaşının cərimə meydançasına qoyulması onun mülkiyyət hüquqlarını pozur və avtomaşından mülkiyyətçi kimi istifadədən məhrum edir. Əgər məhkəmə bu hallara qanun baxımından düzgün yanaşsaydı, bu cür qərardad qəbul etməzdi. Bundan əlavə məhkəmə hazırki təqdimata baxarkən borcu ödəməməyinin səbəblərini araşdırmamışdır. Bu hallar araşdırılsaydı, məhkəmə hazırki qərardadı qəbul etməzdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 8(028)106/2016 saylı qərardadı Borclu məxsus “Mersedes E 200” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİN-nin X1 cərimə meydançasında saxlanılması hissəsində ləğv edilməli, təqdimat həmin hissədə təmin edilməməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, Məhkəmə “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə istinad edərək təqdimatı təmin etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Qubadlı Rayon Məhkəməsinin 2(028)-288 saylı, 08.10.2015-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus “Mersedes E 200” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-288 saylı, 08.10.2015-ci il tarixli icra sənədinə Borclu "xxxx" ASC-nin xeyrinə 2600 manat borc, 150 manat nümayəndəyə çəkilən xərc və 30 manat dövlət rüsumu, cəmi 2780 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən müvafiq olaraq maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq qismində müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. “İcra haqqında” AR Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədi borclu tərəfindən uzun müddət icra edilmədiyindən icra sənədinin icrası üçün borclunun əmlakı üzərinə həbs qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında borclu tərəfindən ondan tutulmalı olan borc məbləğinin ödənilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası əmlak üzərinə həbsin qoyulmamalı olması barədə şikayətin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının qeyd edilən hissədə ləğvi üçün heç bir əsas yoxdur. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Borclu məxsus “Mersedes E 200” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİN-nin X1 cərimə meydançasında saxlanılması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək müvəqqəti təminat tədbirləri sayılır. Həmçinin Mülki Prosessual Məcəllənin 158-ci maddəsində müvəqqəti təminat tədbirlərinin siyahısı müəyyən olunmuşdur. Qeyd olunan maddəyə uyğun olaraq, mübahisə predmetinə aid, o cümlədən hazırki iş üzrə avtomobilə aid hərəkətlərin cavabdehə və başqa şəxslərə qadağan edilməsi mümkündür (məsələn əmlakın özgəninkiləşdirilməsi, etibarnamə verilməsi). Amma avtomobilin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi mülki prosessual qanunvericiliyə uyğun deyil. Belə ki, iddianın təmini ilə əlaqədar avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin cərimə meydançasına yerləşdirilməsi avtomobilin istifadəsiz qalmaqla texniki cəhətdən yararsız hala düşməsinə səbəb ola bilər. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsiin qərardadı qeyd edilən hissədə ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 8(028)106/2016 saylı qərardadı Borclu məxsus “Mersedes E 200” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİN-nin X1 cərimə meydançasında saxlanılması hissəsində ləğv edilməli, təqdimat həmin hissədə təmin edilməməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1,398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli, 8(028)106/2016 saylı qərardadı Borclu məxsus “Mersedes E 200” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİN-nin X1 cərimə meydançasında saxlanılması hissəsində ləğv edilsin. Təqdimat həmin hissədə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar