Məhkəmə qərarları › İş №8(105)-64/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-64/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-64/2025 28.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Xaçmaz Rayon 1 saylı notariat ofisinin 17 oktyabr 2023-cü il tarixli, 8İ-12044 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs 25 dekabr 2024-cü il tarixli qərarından X2 Kredit Təşkilatı "xxxx" MMC-nin şikayətinə dair iş üzrə (Açar sözlər: icra sənədinin qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Rüstəmli Aytən Kamil qızının katibliyi ilə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-122/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs rəisi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X2 Kredit Təşkilatı "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon 1 saylı Notariat ofisinin 17 oktyabr 2023-cü il tarixli, 8İ-12044 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs 25 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

2. X2 Kredit Təşkilatı "xxxx" MMC şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon 1 saylı Notariat ofisi tərəfindən Borclu barəsində 17 oktyabr 2023-cü il tarixli, 8İ- 12044 nömrəli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə ümumilikdə 130 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Maraqlı şəxs icraatına daxil olmuş və Şöbənin rəisi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Qanun”) 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Şöbənin rəisi qərarını onunla əsaslandırmışdır ki, “aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur”. Bununla bağlı bildirilir ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Digər tərəfdən, hesab edilir ki, ümumiyyətlə borclunun barəsində icra sənədinin olmasına dair məlumat yoxdur (tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilməmişdir) və onun mənzilinə heç bir baxış keçirilməmişdir. Tərtib olunmuş akt isə əsaslı şübhələr doğurur. Bundan başqa, Qanunun 23.1.3-cü mədəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Şöbənin rəisi borclunun banklarda hesabların olub-olmaması və hesabların mövcud olduğu halda orada pul vəsaitinin olub-olmamasını aydınlaşdırmamışdır. Borcludan tutulmalı olan məbləğin cəmi 130 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, uzun müddətdə Şöbənin rəisi tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan və inandırıcı deyildir. Eyni zamanda, borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Lakin nə icra sənədinin qaytarılması haqqında qərarda borclunun izahatının alınması göstərilməmiş, nədə ki, rəis tərəfindən qeyd edilən halların müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarında yoxdur. Qeyd edilən halların müəyyən edilməməsi isə belə bir nəticəyə gəlməyə əsas verir ki, rəis tərəfindən borclunun gəlirlərinin axtarışı ilə bağlı lazımi bütün tədbirlər görülməmişdir. Şöbənin rəisi tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, qərarla icra sənədinin tələbkara deyil, notariat ofisinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərarın qəbulunda prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Qərarın surəti xx.xx.2025ci il tarixdə təqdim edilmişdir. Göstərilənlər və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinin tələbi rəhbər tutulmaqla 17 oktyabr 2023-cü il tarixli, 8İ- 12044 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs 25 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi xahiş olunur.

3. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-122/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim X.Quliyev) şikayət təmin edilərək, Borclu tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 130 manat məbləğində pulun tutulmasına dair Bakı şəhəri 54 saylı Notariat ofisinin 17 oktyabr 2023-cü il tarixli, 8İ-12044 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs 25 dekabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və qeyd olunan icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.

4. Məhkəmə öz mövqeyini bununla əsaslandırmışdır ki, mübahisələndirilən icra qeydi Maraqlı şəxs icraatında daxil olduqdan Maraqlı şəxs icra məmuru tərəfindən konkret olaraq qanunda nəzərdə tutulmuş lazımi icra tədbirləri görülməmiş, borclunun axtarılıb tapılaraq tələbin icrası üçün müvafiq tədbirlər görülməmiş, sadəcə olaraq "icra sənədinin qaytarılması haqqında" qərar qəbul etməklə kifayətlənmişdir. Bundan əlavə icra məmuru icra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin yoxlanılmasına, əmlakının və gəlirlərinin axtarışı ilə bağlı icra tədbirlərinin həyata keçirilməsinə və tələbin icrası ilə bağlı digər zəruri tədbirlərin həyata keçirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edib ki, şikayət əsaslı hesab edilərək təmin olunmalı və Borclu tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 130 manat məbləğində pulun tutulmasına dair Bakı şəhəri 54 saylı Notariat ofisinin 17 oktyabr 2023-cü il tarixli, 8İ- 12044 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs 25 dekabr 2024-cü il tarixli qərarı ləğv edilməli və qeyd olunan icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir.

5. Maraqlı şəxs rəisi Nümayəndə bu qərardaddan şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 8(067)-122/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək icra sənədinin geri qaytarlması haqqında Maraqlı şəxs 25 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

6. Xaçmaz Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(067)-122/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə və Azərbaycan Respublikası MPM-nın 263-264, 267, 268-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon notariat ofisinin 8i-12044 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Borclu 130 manat pul tutularaq tələbkar "xxxx" MMC-nə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə elektron şəkildə “Elektron icra informasiya” sisteminə daxil olmuş və icrası icra məmuru Sabir Kərimova həvalə edilmişdir. İcra məmuru tərəfindən “İcra haqqında” qanun 8-ci maddəsinə əsasən icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu tərəfindən müəyyən edilmiş müddət ərzində heç bir ödəniş olmadığı üçün “İcra haqqında” qanunun 44.1.3-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqi üçün borclunun adına əmlakın və gəlir yerinin axtarışı üçün rəsmi “EİİS” sorğular verilmiş və nəticədə tələbin yönəldilməsi üçün əmlak və gəlir aşkar edilməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə borclunun yaşayış yeri üzrə əmlak vəziyyəti yoxlanılmış və yaşayış üçün zəruri əmlaklardan başqa əmlak aşkar edilməmişdir. Həmin gün borclu şəxsin izahatı alınmış və icra qeydinin icrasına münasibəti öyrənilmişdir. Borclu izahatında qeyd etmişdir ki, çörəyinin olmadığına görə pulu götürüb. Pulun ödənişini nə vaxt edəcəyi ilə bağlı suala, borclu həmin pulun ödənilməsinə imkanının olmamasını izahatda göstərmişdir. Bu səbəbdən də, icra qeydi “ İcra haqqında” qanunun 23.1.3-cü maddəsinə əsasən icra edilmədən tələbkara qaytarılmışdır. Tələbkarın “icra sənədinin qaytarılması haqqında” qərarından verdiyi şikayət qanunvericilikdə nəzərdə tutulmuş heç bir subuta əsaslanmadığı üçün təmin edilmədən geri qaytarılmalıdır. Məhkəmə və digər orqan qərarlarının məcburi icrası ilə məşğul olan icra qurumu ancaq qanunvericilikdə nəzərdə tutulmuş ardıcıllıqla icra sənədlərinin icrasını təmin edir və icra perspektivi olmayan icra sənədləri tələbkara və ya məhkəməyə geri qaytarılır. Qanunla icrasız geri qaytarılan icra sənədi yalnız qaytarılma səbəbləri aradan qalxdıqda təkrar icraya yönəldilməsi mümkündür. Şikayətdə qeyd edilən digər xüsusiyyətlər həqiqətə uyğun deyil və böhtan xarakterlidir. Belə ki, icra sənədi icraatda olduğu bir ilə yaxın müddət ərzində tələbkar tərəfin icra sənədinin icrası ilə bağlı hər hansı təklifi, etirazı və şikayəti icra idarəsinə daxil olmamışdır. Bununla yanaşı “İcra haqqında” qanunda borclunun yaşayış yeri üzrə əmlak vəziyyətinin yoxlanılması və bu barədə tələbkara rəsmi məlumat verilməsi nəzərdə tutulmamışdır. Həmçinin borcun hissə hissə ödənilməsi üçün borclu şəxsin yetərincə vaxtıda olmuşdur. Lakin, heç bir ödəniş etməmişdir. Göründüyü kimi şöbənin xx.xx.2024cü il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması qərarından şikayət verən tələbkar tərəf öz sübutlarını yalnız ehtimala bağlamışdır. Çünki, tələbkar tərəf qəbul edilmiş qərarın əsasız sayılması üçün borclu şəxsin gəlirinin, əmlakının və ödəmə qabiliyyətinin olmasını təsdiq edən əsaslı bir sübut məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

11. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 8(067)-122/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 8(067)-122/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

12. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 23. İcra sənədinin qaytarılması 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1. Apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Maddə 400. apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-122/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

16. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir.

17. Kollegiya ilk olaraq qeyd edir ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur.

18. Kollegiya daha sonra qeyd edir ki, borclunun izahatının məzmundan görünür ki, sonuncu borc pul götürdüyünü etiraf etmiş, lakin hazırda maddi imkansızlıq səbəbindən borcu ödəyə bilmədiyini bildirmişdir.

19. Araşdırılan iş materiallarından borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə icra elektron sistemi üzərindən sorğular verildiyi, adına pul vəsaiti, daşınar və daşınmaz əmlak olmadığı müəyyən edilsə də, məhkəmənin qənaətincə borclunun əmlak vəziyyəti icra məmuru tərəfindən hərtərəfli araşdırılmamış, borclunun nikahda olub-olmaması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın olub-olmaması ilə bağlı hallara aydınlıq gətirilməmiş və qiymət verilməmişdir.

20. Eləcə də iş materialları ilə icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məcburi icra tədbirlərinin həyata keçirildiyi müəyyən edilmir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri həyata keçirməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

22. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual qanunun tələbləri gözlənilmişdir. Konkret halda işə baxan məhkəmə tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət vermişdir. Ona görə də şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-122/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Maraqlı şəxs rəisi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-122/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar