Məhkəmə qərarları › İş №8(105)-65/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-65/2023

20.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-65/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(105)-382/2022 saylı qətnaməsinin icrasına borclu X1 qızının möhlət verilməsi barədə ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 8(012)-217/2023 saylı qərardadından borclu X1 qızı və tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Borclu X1 qızı Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(105)-382/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı qətnaməsinin icra edilməsinə altı ay müddətinə möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-217/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərardadı ilə borclu X1 qızının ərizəsi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(105)-382/2022 saylı icra sənədinin icrasına 3 ay müddətinə möhlət verilməsi, müddətin əvvəli bu qərardad qüvvəyə minən gündən hesablanması qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Həmin qərardaddan Tələbkar MMC-nin vəkili-nümayəndəsi Vəkil2 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-217/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-217/2023 saylı, 18 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-217/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərardadından X1 qızının vəkili-nümayəndəsi Vəkil1 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-217/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-217/2023 saylı, 22 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tələbkar MMC-nin şikayəti onunla əsalandırılmışdır ki, Abşeron rayon məhkəməsinin 20 aprel 2023-cü il tarixdə borclu X3 qızının Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(105)-382/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsini qismən edən qərardad qəbul etmişdir. Həmin qərardad tam qanunsuz, qərəzli və əsassızdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qətnaməsi müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilmiş, iddiaçı Tələbkar məhdud məsuliyyətli cəmiyyəti ilə cavabdeh X1 qızı ilə aralarında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilə ləğv edilmiş, X1 qızı Xırdalan şəhəri, Quba-Bakı magistiralının qərbində inşa edilmiş yaşayış binasının bina 2, 4-cü mərtəbədə yerləşən 24 saylı mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə Tələbkar məhdud məsuliyyətli cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4136/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi 2022-ci ilin dekabr ayından Abşeron rayon İcra Şöbəsinin icraatındadır. Bu vaxta qədər icra məmuru və tələbkar kimi onlar dəfələrlə borclunun qanunsuz olaraq bu vaxta qədər yaşadığı mənzildən çıxmalarını, könüllü olaraq icra sənədini yerinə yetirməyi, mənzili boş vəziyyətdə onlara təhvil verməyi təklif etmiş, başqa sözlə onlara 5 ay möhlət vermiş, lakin borclu və oğlu Elvin adlı şəxs bu müddət ərzində qanuni qüvvədə olan qətnaməni könüllü icra etməmişlər. 06 aprel 2023-cü il tarixdə növbəti dəfə borclunun yaşadığı mənzilə gedərək icra sənədinin icrasına nail olmaq istəmiş, borclu və oğlu Elvin, habelə digər qohumları icra sənədinin icrasına müxtəlif və zorakı yollarla mane olmuş, bununla da inzibati və cinayət məsuliyyəti yaradan hərəkətlərə yol vermişlər. Hansı ki, humanistlik mövqeyindən bu vaxta qədər həmin şəxslər barəsində qanunla nəzərdə tutulan tədbirlər görülməmişdir. Lakin bu o demək deyil ki, borcluların qanunsuz hərəkətlərinə, habelə tələbkarın rəhbərliyi haqqında böhtanlarına, şantaj və hədə-qorxularına sonadək səbir göstəriləcək. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4136/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi Azərbaycan Respublikası adından çıxarılmışdır və təbii ki icra olunmalıdır. Sözügedən məhkəmə aktının icra müddəti müvafiq qanunla 2 ay müddətində nəzərdə tutulmuşdur. Borclu və qohumlarının təqsiri üzündən 6 aydan çoxdur ki, qanuni qüvvədə olan məhkəmə aktı icra edilmir və üstəlik məhkəmə də onlara 3 ay da möhlət vermişdir. Məhkəmə qərardadla ərizəni qismən təmin edərkən hesab etmişdir ki, “ərizəçi mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. O və həyat yoldaşı təqaüdçüdür, gəlini evdar xanımdır, nəvələri isə məktəblidir. Ailənin bütün yükü tək oğlunun qazancı onların təqaüdləri hesabınadır. O, qətnamənin icrasından boyun qaçırmır. Hal-hazırda maddi vəziyyətləri pisdir, lakin yaxın zamanlarda ev almaq istəyirlər. Mülkiyyətlərində ayrıca bir evləri yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Qətnamənin icra edilməsi bir vətəndaş kimi onun və ailə üzvlərinin qanunla nəzərdə tutulmuş mənafelərinin pozulması ilə nəticələnə bilər” Qərardadda qeyd edilən “dəlillərin” heç bir əsası yoxdur ona görə ki, əvvəla borclunun maddi vəziyyəti qətiyyən pis deyil ona görə ki, bu iş üzrə 5 nəfər ayrı-ayrı vəkillə müqavilə bağlamış, “himayəsində yaşadığı” oğlu Elvin iş adamı olmaqla İrandan gətirdiyi tikinti mallarının istehsalı üzrə avadanlıqların topdan satışı ilə məşğul olur. Borclu və əri əmək haqqı ilə bərabər təqaüd də alırlar. O ki qaldı nəvələrinin məktəbə getməsi və sair məsələlərə gəldikdə isə nəvələrin valideynləri var, nənə-babanın himayəsində və qəyyumluğunda deyillər və nənə-baba nəvələr üçün heç bir məsuliyyət daşımırlar. Demək ki, ərizədə və qərardadda qeyd edilənlər bəhanədir. Məqsəd isə qətnamənin icrasına mane olmaq, icra sənədinin icrasını lüzumsuz yerə ləngitməklə qanuna və hüquqa hörmətsizlik etməkdir. İcra məmuru ən yaxşı halda 2023-cü ilin fevral ayının sonuna qədər bu iş üzrə icra hərəkətlərini həyata keçirib icranı sona çatdırmalı idi. 20 aprel 2023-cü il tarixində borclunun ərizəsinə baxan zaman icra sənədi 5 aydan artıq icrasız qalmışdır. Ona görə ki, borclu bütün vasitələrlə qətnamənin icrasına mane olmuşdur. Borclunun qanuna, hüquqa və məhkəmə aktına açıq-aşkar hörmətsizliyi üzündən qanunla nəzərdə tutulmuş 2 aydan da artıq 5 ay müddətində icra olunmayan qətnamənin icrasına 3 ay da möhlət verilməsi, həm də möhlət müddətinin qərardadın qanuni qüvvəyə minməsindən sonra hesablanması o deməkdir ki, ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Borclu X1 qızının şikayəti onunla əsalandırılmışdır ki, borclu X1 qızı Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(105)-382/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı qətnaməsinin icra edilməsinə altı ay müddətinə möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə qismən təmin edilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı qətnaməsinin icra edilməsinə üç ay müddətinə möhlət verilməsi qərara alınmışdır. X1 qızı həmin evdə ailə üzvləri, yəni, həyat yoldaşı, oğlu və oğlunun ailəsi ilə birlikdə yaşayırlar. O və həyat yoldaşı təqaüdçüdür, gəlini evdar xanım, nəvələri isə məktəblidir. Bu gün ailənin bütün yükü tək oğlunun qazancı, onların təqaüdləri hesabınadır. Mülkiyyətlərində ayrıca bir evləri yoxdur. O, qətnamənin icrasından boyun qaçırmır. Amma yuxarıda sadaladığı və üzrlü səbəbdən sadalaya bilmədiyi bir çox səbəblərdən hal-hazırda qətnaməni icra etməyi çox müşkül bir məsələdir. Belə ki, halhazırda maddi vəziyyətlərinin pis olması ilə yanaşı azyaşlı nəvələrinin birinin məktəbə qədər hazırlıq kursuna getməsi, digərinin də uşaq bağçasına getməsi də onlar üçün əlavə bir məsuliyyət yaradır. Çünki uşaqları tərbiyəçilər, müəllimlər və dostlarından da ayırmaq istəmirlər. Uşaqların həm evdən, həm də öz daimi mühitlərindən ayrılması da onlara çox pis təsir edəcəkdir. Bundan əlavə qış ayından, xüsusilə də bayram ərəfəsində onların yaşlı və azyaşlı ailə üzvləri ilə birlikdə evdən çıxarılmaqları nə ədalətə nə də müsəlmançılığa sığmaz. Yaxın aylarda eyni ərazidə ev almağı planlaşdırırlar. Pandemiya ilə əlaqədar mənzilin ödənişlərini bir qədər gecikdirsələr də, qalan məbləği tam olaraq hazırda da ödəməyə razıdırlar. Lakin tələbkar nədənsə qəbul etmir. Eyni zamanda mənzilə çəkilən təmir xərcinin tələbi barədə iddia ərizələri üzrə mülki iş Abşeron rayon Məhkəməsinin icraatındadır. Belə ki, məhkəməyə də məlumdur ki, eyni şəraitli mənzillə təmin olunmaq üçün C.İskəndərova hal-hazırki şəraitdə təxminən 132.000 manat pul ödəməlidir. Cavabdeh hazırkı mənzili özgəninkiləşdirməklə təmirli vəziyyətdə hər kv. metrini 1246 manata satdığı halda minimum 92.000 manat gəlirlə də edəcəkdir. Bu isə cavabdehin əsassız varlanmasına və hüquqdan sui-istifadəsinə gətirib çıxarmaqla iddiaçını mənzilsiz qoyub onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış olacaqdır. Mənzilin alınması üçün təmsil etdiyi şəxs tərəfindən bu günədək ödənilmiş 40.000 manat pulu, həmin tarixdə başqa bir MTK-nə ödəmiş olsaydı onlar hal-hazırda borclu qaldığı 18.300 manatı götürər və evi təmsil etdiyi şəxsin sərəncamına vermiş olardı. Göründüyü kimi cavabdeh ərizəçinin faktiki sahibliyində olan mənzili özgəninkiləşdirməklə fayda götürərək əsassız varlanacaq və nəticədə ərizəçinin qanunla qorunan hüquqları məhdudlaşdırılacaqdır. İmzalanmış müqavilə münasibətləri təmirsiz mənzilin sahibliyə verilməsi ilə əlaqədar olmuşdur. Halhazırkı vəziyyətdə mənzil orada yaşamaq üçün və sosial mühit yaratmaq üçün tam təmir edilmişdir. Ərizəçinin köçməyə başqa mənzili olmadığından, tərəflər arasında Abşeron rayon məhkəməsinin icraatında olan digər iş üzrə təmir xərcləri və arada yaranmış fərqin iddiaçıya ödənilməsi ilə bağlı gözlənti olduğundan, hər iki qətnamənin gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə qərardad dəyişdirilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı qətnaməsinin icra edilməsinə altı ay müddətinə möhlət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən borclu X1 qızının şikayəti təmin edilməməli, tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-217/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, borclu X1 qızının Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(105)-382/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə ərizəni qismən təmin edərək qətnaməsinin icrasına 3 ay müddətinə möhlət vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası, eləcə də möhlət verilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, borclu ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, özü və həyat yoldaşı təqaüdçüdür, gəlini evdar xanımdır, nəvələri isə məktəblidir. Ailənin bütün yükü tək oğlunun qazancı onların, təqaüdləri hesabınadır. O, qətnamənin icrasından boyun qaçırmır. Hal-hazırda maddi vəziyyətləri pisdir, lakin yaxın zamanlarda ev almaq istəyirlər. Mülkiyyətlərində ayrıca bir evləri yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Qətnamənin icra edilməsi bir vətəndaş kimi onun və ailə üzvlərinin qanunla nəzərdə tutulmuş mənafelərinin pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Ərizəçinin əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 04 iyul 2014-cü il tarixli qərarında göstərilir ki, "Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. 231.5. maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə alımalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra qaydasının və üsulunun dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə" AR Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndinə görə qətnamənin birinci instansiya və ya apellyasiya instansiya məhkəməsi tərəfindən çıxarılmasından asılı olmayaraq onun icrasına möhlət verilməsi və ya hissə-hissə icra olunması məsələləri yalnız birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Məhkəmə kollegiyası qeyd edir ki. yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Göründüyü kimi, hazırki işdə tələbin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda iş üzrə icraatın dayandırılmasına, icasına möhlət verilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verildiyindən, hazırki işdə də ipoteka saxlayan buna razı olmadığından qətnamənin icrasına möhlət verilməsi qanuna ziddir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X5 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X5 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası borclunun şikayətini dəlillərini əsassız, tələbkarın dəlillərini isə əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, borclu X1 qızının Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(105)-382/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-217/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. Borclu X1 qızının Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiysının 27 yanvar 2022-ci il tarixli, 2(105)-382/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Borclu X1 qızının şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar