Məhkəmə qərarları › İş №8(105)-65/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-65/2024

14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-65/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 8(012)-205/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-864/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin mənzilin alınmasına sərf olunmuş vəsaitin birgə nikah dövründə ödənilmiş kredit məbləğinin bölünməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin bu hissədə qismən təmin edilməsi, cavabdeh Borclu iddiaçı X1 xeyrinə 9031,69 manatın tutulması qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-864/2022 saylı, xx.xx.2022-ci il icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və “icraata başlama haqqında” qərar hər iki tərəfə göndərilmişdir. Lakin iş üzrə Borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirləri görülməsi zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 8(012)-205/2024 nömrəli qərardadı ilə təqdimatın təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 864/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1980ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır (hakim Elman Məmmədov). Borclu xx.xx.2024-cü il tarixində şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-205/2024 nömrəli qərardadının ləğv edilərək onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında onun tərəfindən ödənilən ödənişlər nəzərə alınmamış və işə obyektiv qiymət verilməmişdir. Belə ki, onun tərəfindən xx.xx.2023-cü il tarixində 200 manat, xx.xx.2024-cü il tarixində 100 manat və xx.xx.2024cü il tarixində 200 manat olmaqla, ümumilikdə, 500 manat məbləğində Abşeron rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ53CTRE********************) ödənişlər edilmişdir və mütəmadi olaraq növbəti aylarda da ödəniş etmək niyyətindədir. Hazırda qeyd edilən borc məbləğini tam olaraq ödəməyə imkanı yoxdur. Aldığı əmək haqqının az olmasına baxmayaraq hər ay 400 manat aliment ödənişlərini nəzərə alaraq, borcunu mümkün qədər tez ödəməyə çalışacaqdır. Abşeron Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 8(012)-205/2024 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Borclu xx.xx.2024-cü il tarixində verdiyi şikayət ərizəsinin təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-864/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş qətnamə 1 ildən çox müddətdir ki, tam icra olunmamışdır.Məhz bu səbəbdən də, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, borclu icra sənədini qanunla nəzərdə tutulmuş vaxtda tam yerinə yetirmir, bunun nəticəsində isə qanuni qüvvəyə minmiş məhkəmə aktı xeyli müddətdir ki, qismən icrasız qalır. Halbuki MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Borclu şikayətində onun tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödənişlər edildiyini qeyd etsə də, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinin tələbləri baxımından icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda onun tərəfindən üzrsüz səbəbdən tam icra edilmədiyindən şikayəti əsassızdır. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan əlavə o, şikayətində borclarını ödəmək niyyətində olduğunu bildirdiyindən bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Buna görə borclu borcunu tam ödədikdən sonra onun ölkədən getmə hüququnu məhdudlaşdırılmasına səbəb olan hallar da aradan qalxmış olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, borclunun ölkə hüdudlarından çıxması borcun ödənilməmiş, icra sənədinin isə icra olunmadan qalmasına gətirib çıxara bilər. Bu səbəbdən kollegiya borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 8(012)-205/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar