Məhkəmə qərarları › İş №8(105)-66/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-66/2022

02.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-66/2022 02.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 8(060)-278/2022 saylı qərardadından Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 8(060)-278/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) Borclu məcburi qaydada Sumqayıt şəhəri üzrə İcra idarəsinə gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun təqdimatı təmin edilməmiş, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3390/2020 saylı, 04 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 5006 manat pul alınaraq Tələbkar verilməlidir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məcburi qaydada Sumqayıt şəhəri üzrə İcra idarəsinə gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3390/2020 saylı, 04 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 5006 manat pul alınaraq Tələbkar verilməlidir. İcra sənədinin icrası ilə bağlı Borclu dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq o, məhkəmə qərarının icrası ilə bağlı verilmiş çağırışlara gəlməmiş, borcunu ödəməkdən üzürsüz səbəbdən yayınmış və səbəbləri barədə də məlumat verməmişdir. Ona görə də borclunun qərəzli hərəkəti nəticəsində icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Sumqayıt şəhəri üzrə İcra idarəsi böyük icra məmuru şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əsassız və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Belə ki, Borclu Ədliyyə Nazirliyinin Elektron İcra İnformasiya Sistemi vasitəsilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə SMS bildiriş vasitəsilə Sumqayıt şəhəri üzrə İcra idarəsinə çağırılmış, lakin borclu çağırışlara gəlməmişdir. Tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan da görünür ki, borclu icra məmurunun qanuni tələblərinə əməl etməmiş, izahat verməkdən imtina etmiş, əlavə olaraq yüksək səs küy salaraq idarənin iş rejimini ciddi şəkildə pozmuşdur. Bütün bunların nəticəsində borclu dövlətin adından çıxarılmış məhkəmə qərarını üzrsüz səbəbdən və qərəzli olaraq icra etməkdən yayınmışdır. Şikayətdə iş üzrə qərardadın ləğv edilib təqdimatın təmin olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3390/2020 saylı, 04 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 5006 manat pul alınaraq Tələbkar verilməlidir. Qeyd edilən icra sənədi əsasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarında Borclu icra məmurunun çağırışlarına gəlməsindən imtina etməsi barədə sübutlar əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığı barədə işdə hər hansı sübut olmadığından birinci instansiya məhkəməsinin icra məmurunun təqdimatının təmin edilməməsinə dair qərardadı qanuni və əsaslıdır. Sumqayıt şəhəri üzrə İcra idarəsi böyük icra məmurunun şikayətində göstərdiyi dəlillər iş üzrə qərardadın apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun şikayətində göstərilən dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 8(060)-278/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar