Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-66/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-848/2016 nömrəli icra sənədinə əsasən Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatına dair Quba Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 8(027)-175/2023 nömrəli qərardadından tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatla Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)- 848/2016 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-848/2016 saylı icra sənədinə əsasən borclular Borclu, X1 və X2 cəmi 12559,54 ABŞ dolları və dövlət rüsumu üçün ödənilmiş 29 manat alınaraq tələbkar “Dəmirbank “ASC-yə ödənilməlidir. İcra sənədi üzrə 93070/18/15 saylı icra işi açılmış, xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “icra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbkara heç bir məbləğdə pul ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində Borclu mülkiyyətində Quba şəhəri, “Dəvədabanı” y/m-də 0,05 ha torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Quba Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 8(027)-175/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(027)- 848/2016 saylı icra sənədinə əsasən Borclu adına Quba şəhəri, “Dəvədabanı” y/m-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməmişdir (hakim Aydın Babayev). Həmin qərardaddan narazı qalan tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək Quba Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 8(027)-175/2023 nömrəli qərardadınının ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 8(027)-175/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı əsassızdır və buna görə də həmin qərardada öz etirazlarını bildirirlər. Məhkəmə qərardad çıxararkən tələbkar Bankın qanuni maraq və mənafelərini nəzərə almamışdır. Əmlakın üzərinə həbs qoyulması borclunu öz öhdəliklərini yerinə yetirməyə sövq edən məcburi icra tədbirlərindəndir. Məhkəmə nəzərə almamışdır ki, sözügedən torpaq sahələrinin üzərinə həbsin qoyulmaması nəticəsində borclunun həmin torpaq sahələrinin bundan sonra tezliklə özgəninkiləşdirəcəyi istisna olunmur və bunun nəticəsi olaraq gələcəkdə Quba Rayon Məhkəməsinin 2(027)-848/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icra olunması çətinləşəcəkdir. Belə ki, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə qərarını icra etməkdən yayınmış və bu günədək Tələbkar ASC-yə olan öhdəliyini bilərəkdən icra etməmişdir. Bildirirlər ki, ləğv prosesində olan Tələbkar ASC-nin də dövlət və ayrı-ayrı şəxslər qarşısında öz öhdəlikləri vardır və borclu şəxslərin məsuliyyətdən yayınması bankın həmin öhdəliklərinin icrasında əlavə çətinliklər yaradır. Quba Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 8(027)-175/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək Quba Rayon Məhkəməsinin 8(027)-175/2023 saylı 05 may 2023-cü il tarixli qərardadından verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aydın Babayev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, 2(027)-848/2016 saylı icra sənədindən görünür ki, borclular Borclu, X1 və X2 cəmi 12559,54 ABŞ dolları və dövlət rüsumu üçün ödənilmiş 29 manat alınaraq tələbkar “Dəmirbank “ASC-yə ödənilməlidir. İş materialında olan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2(027)-848/2016 saylı icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Borclu adına Quba şəhəri, “Dəvədabanı” y/m-də 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84,5 kv.m. olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdən qeydiyyatdadır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”ndan göründüyü kimi, qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə verilmiş təqdimatda borcluya məxsus evdən təyinatı üzrə istifadə olunması üçün zəruri olan torpaq sahəsi dəqiqləşdirilməmiş və buna görə bütünlüklə 0,05 ha torpaq sahəsinə həbs qoyulmasına dair təqdimat düzgün əsaslandırılmamışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Bu səbəbdən kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-848/2016 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan fərdi yaşayış evinə aid torpaq sahəsinin üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 8(027)-175/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-66/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-66/2023
23.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver