Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-66/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Tələbkar Eminova (Mirzəyeva) Ülviyyə Atamoğlan qızının Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə Qobustan Rayon Məhkəməsinin 8(026)-4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Tələbkar Eminova (Mirzəyeva) Ülviyyə Atamoğlan qızı ərizə ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)898/2016 saylı qətnaməsi ilə Borclu təyin edilmiş alimentin indeksasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırılmışdır ki, 02 avqust 2010-cu ildə Borclu ilə nikahlarını rəsmiləşdirməklə evlənmiş, birgə nikahdan 15 mart 2013-cü ildə Tunar və 20 may 2015-ci ildə Nərmin adlı iki uşaqları anadan olmuşdur. Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Nərminin yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 117 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda Nərminin 10 yaşı var, onun yaxşı oxuması və gələcəkdə cəmiyyətdə layiqli yer tutması üçün müəllimlərin yanına göndərir. Bundan əlavə, onun geyimləri və başqa xərcləri də çoxalmışdır. Heç bir yerdə işləmədiyi üçün övladlarının normal böyüməsi və təhsil alması üçün Borclu maddi yardımına ehtiyacı var. Ona görə də övladı Nərminin yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu təyin olunmuş alimentin hazırkı qanuna görə indeksasiya edilməsini istəyir. Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə (hakim Samir Mayılov) ərizə təmin edilmiş, 20 may 2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 117 manat sabit aliment məbləğinin, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,11 misli həddində indeksasiya olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsinin qəbul edildiyi zaman minimum əmək haqqının məbləğinin neçə manat olması və müəyyən edilmiş 117 manat sabit pul məbləğində alimentin həmin dövrdəki minimum əmək haqqının neçə mislini təşkil etməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 31 avqust 2013-cü il tarixli, 3112 nömrəli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmişdir. Həmin minimum əməkhaqqı məbləği Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 21 yanvar 2017-ci il tarixli, 2608 nömrəli sərəncamı ilə dəyişdirilmiş və minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilmişdir. Göründüyü kimi, Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə 117 manat sabit pul məbləğində aliment müəyyən edilərkən həmin dövrdə minimum aylıq əmək haqqı məbləği 105 manat olmuşdur. Buradan da aydın olur ki, qətnamə ilə müəyyən edilmiş alimentin məbləği həmin il üçün nəzərdə tutulmuş minimum aylıq əmək haqqı məbləğinin 1,11 mislini təşkil etmişdir. Qərardaddan narazı qalan Borclu şikayət vermiş, şikayətində Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadının ləğv edilməsini və işin həqiqi hallarına uyğun yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-3/2025 saylı qərardadı ilə ərizə təmin edilərək, 15 mart 2013-cü il tarixində anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artırmalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,03 misli həddində indeksasiya olunmuşdur. Eyni zamanda Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə ərizə təmin edilərək, 20 may 2015-ci il tarixində anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artırmalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,11 misli həddində indeksasiya olunmuşdur. Mülki işin sənədlərindən də görünür ki, onunla Tələbkar birgə nikahından iki uşaq dünyaya gəlmişdir. Məhkəmənin bu iki qərardadı ilə o, bu il üçün hər ay 847 manat məbləğində aliment ödəməlidir. Belə ki, 2025-ci ildə minimum əmək haqqı 400 manat müəyyən edildiyi üçün qızı Nərminə görə 444 manat, oğlu Tunara görə isə 403 manat olmaqla, ümumilikdə 847 manat məbləğində aliment ödəməlidir. Bu isə nə onun maddi vəziyyətinə, nə aylıq gəlirinə, nə də ki qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, məhkəmə bu qərardadı qəbul edərkən Ali Məhkəmə Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 saylı qərarı ilə edilmiş dəyişikliklərə istinad etmişdir. Lakin məhkəmə həmin qərarın digər bəndlərini nəzərə almamışdır. Eyni zamanda məhkəmə tərəfindən işə baxılarkən işin halları araşdırılmamış, onun sabit gəlirinin olub-olmaması müəyyən olunmamış və hal-hazırkı maddi vəziyyəti qiymətləndirilməmişdir. O, 2024-cü ildən rəsmi olaraq usta kimi işləyir və hal-hazırda 520 manat məbləğində əmək haqqı alır. Təbii ki, onun da minimum yaşayış səviyyəsini təmin etmək üçün müəyyən vəsait lazımdır. Belə ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə əmək qabiliyyətli əhali üçün minimum yaşayış səviyyəsi 305 manat məbləğində, uşaqlar üçün isə 246 manat məbləğində müəyyən edilmişdir. Yəni, onun ən minimum yaşayış səviyyəsini təmin etmək üçün 305 manat vəsait lazımdır. Onun aylıq əmək haqqından həmin vəsaiti çıxdıqda isə 215 manat məbləğində pul qalır. Bundan başqa, uşaqlarının birinin 10, digərinin isə 12 yaşı vardır. Yəni, keçmiş həyat yoldaşı özü də işləyərək uşaqların saxlanmasında iştirak etməlidir. Belə ki, Ailə Məcəlləsinin tələblərinə görə valideynlərin hər ikisi uşaqların saxlanılmasında eyni hüquq və vəzifələrə malikdirlər. Ona görə də qanun ilə nəzərdə tutulmuş uşaqların minimum yaşayış səviyyəsi təkcə onun tərəfindən deyil, həm də keçmiş həyat yoldaşı tərəfindən təmin edilməlidir. Uşaqların anasının uşaqların saxlanmasında maddi cəhətdən iştirakını aradan qaldıran və ataya nisbətdə ona üstün hüquqlar verən hal yalnız ananın əmək qabiliyyətini itirməsi və ya 3 yaşadək uşağa qulluq etməsidir. Lakin, hal-hazırkı mülki işin sənədlərində belə bir hal yoxdur. Eyni zamanda əvvəlki qətnamənin icrası ilə əlaqədar bugünə onun ümumilikdə 5000 manat məbləğində borcu qalmışdır. Belə ki, bir müddət səhhəti lə əlaqədar işləyə bilmədiyi üçün maddi vəziyyəti həddindən çox çətinləşmiş, bu da nəticə etibarı ilə aliment üzrə ödənişlərin icra olunmasında çətinliklər yaratmışdır. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halları da nəzərə alınmamışdır. Ona görə də hesab edir ki, məhkəmənin bu qərardadı həm maddi, həm də prosessual normaların tələblərinin pozulması ilə qəbul edilmişdir. Qanunverici orqan uşaqlar barəsində hər iki valideynin bərabər hüquq və vəzifələrə malik olduqlarını göstərsə də, əfsuslar olsun ki, məhkəmə tərəfindən Ailə Məcəlləsinin 56-cı maddəsi nəzərə alınmamışdır. Belə ki, məhkəmənin bu qərardadı ilə alimentin məbləğinin kəskin şəkildə artması və uşaqların saxlanılmasında iddiaçını heç bir rolunun olmaması və bütün maddi problemlərin ata tərəfindən təmin olunmasının tələb edilməsi valideynlər arasında olan uşaqlara nisbətdə vəzifələrin bərabərliyi prinsipinin pozulması deməkdir. İşin hallarından da görsənir ki, tələbkar əmək qabiliyyətlidir və əmək fəaliyyəti ilə məşğul olmaması üçün heç bir üzrlü səbəbi yoxdur. Bu halda o da işləyərək uşaqların saxlanmasında maddi cəhətdən köməklik göstərməlidir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən bu hal nəzərə alınmamış və bununla da Ailə Məcəlləsinin 56-cı maddəsinin tələbləri pozulmuşdur. Ailə Məcəlləsinin 76-cı maddəsindən görünür ki, stabil gəliri olan şəxsdən iki uşağa görə aliment onun aylıq gəlirinin 1/3-i həcmində müəyyən olunur. Onun hal-hazırkı rəsmi əmək haqqını nəzərə aldıqda, onda bu təxminən 180 manat məbləğində vəsait edir. Lakin məhkəmə qərardadları ilə müəyyən edilmiş məbləğ onun əmək haqqının 170 faiz həcmini təşkil edir. Bu isə Ailə Məcəlləsinin 76-cı maddəsi ilə tam ziddiyyət təşkil edir. Məhkəmə bu qərardadı qəbul edərkən Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli, 8 saylı qərarına edilmiş 20 dekabr 2024-cü il tarixli dəyişikliklərə istinad etmiş, lakin ümumilikdə həmin qərarın digər normalarını nəzərə almamışdır. Belə ki, 2024-cü ildə qəbul edilmiş bu dəyişikliklərdən görsənir ki, Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4, 8.9, 8.11-ci bəndlərində dəyişikliklər olmuşdur. Lakin Plenumun həmin qərarının 8.5, 8.6, 8.7-ci maddələrində dəyişikliklər edilməmişdir. Lakin məhkəmə hal-hazırkı qərardadı qəbul edərkən həmin maddələrin tələblərinə riayət etməmiş və yalnız digər maddələrdə olan dəyişikliklərə istinad edərək belə bir qərara gəlmişdir. Bu isə özlüyündə məhkəmə tərəfindən Ali Məhkəmə Plenumunun 28 mart 2016cı il tarixli, 8 saylı qərarının tələblərinin pozulması deməkdir. Ərizənin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən işin bütün halları ətraflı araşdırılmamış və yalnız ərizəçinin istinad etdiyi hallara uyğun qərardad qəbul edilmişdir. Bu isə məhkəmə tərəfindən işin ədalətli və obyektiv baxılmadığını göstərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14-cü maddəsinin tələbləri pozulması deməkdir. Qobustan Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Borclu ilə X3 arasında bağlanmış 02 avqust 2010cu il tarixdə bağlanmış AZ-İ seriyalı 569433 saylı nikahın pozulması, onların 15 mart 2013cü ildə anadan olmuş uşaqları X6 və 20 may 2015-ci ildə anadan olmuş X4 anaları X1 yanında saxlanılması, 20 may 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 avqust 2016-cı il tarixdən başlayaraq Borclu hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə alimentin məbləği hər uşaq üçün 117 manat müəyyən edilərkən ilə minimum aylıq əməkhaqqının məbləği 105 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1,17 misli (117:105=1,11) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 8(026)- 4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək hər uşaq üçün 117 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1,11 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 8(026)-4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-66/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-66/2025
01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver