Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-67/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-24/2021 saylı qərardadından tələbkar “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-24/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Anar Sadıqov) Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmış, tələbkar qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Tələbkar “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyəti şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, şikayət ərizəsinin qoşma sənədlər hissəsində İcra və probasiya şöbəsinin mübahisələndirilən qərarının və icra və probasiya şöbəsinin məktubunun şikayətə əlavə edilməsi qeyd edilmişdir. İcra və probasiya şöbəsinin mübahisələndirilən qərarı şikayət ərizəsinə əlavə edilməsəydi, formalaşmış təcrübəyə əsasən məhkəmənin işçiləri tərəfindən bu barədə akt tərtib edilərdi. Göründüyü kimi, məhkəmə heç bir qanuni əsas olmadan şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Qeyd olunan qərardadın ləğv olunması üçün kifayət qədər əsaslar vardır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması xahiş edilmişdir. Tələbkar “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyəti, borclu X3 və Xaçmaz rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, borclu məhkəmə iclasına gəlmədiyindən, tələbkar və Xaçmaz rayon İcra və probasiya şöbəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tələbkarın şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-3290/2017 saylı, xx xxx 2017-ci il tarixli icra sənədinə əsasən X2 cəmi 194 manat borc tutularaq “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə ödənilməlidir. Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3290/2017 saylı, xx xxx 2017-ci il tarixli icra sənədi Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərkən “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyətinin Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarını mübahisələndirsə də, icra işi üzrə mövcud olmayan xx xxxxxxx 2020-ci il tarixli qərarın ləğv olunmasını xahiş etməsinə istinad etmişdir. “İcra haqqında” qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, mövcud olmayan qərarın ləğvi barədə şikayətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Tələbkar birinci instansiya məhkəməsinin qərardadında göstərən nöqsanı aradan qaldırmaq əvəzinə, qərardadı mübahisələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyətinin şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-24/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №8(105)-67/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-67/2021
17.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver