Məhkəmə qərarları › İş №8(105)-67/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-67/2022

31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-67/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(074)-739/2019 nömrəli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 04.04.2022-ci il tarixli, 8(074)-11/2022 nömrəli qərardadından Tələbkar şikayətinin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyata alınmış “LADA 21214 URBAN minik markalı, **-CX-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. (Natiq İsmayılov) Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 8(074)-11/2022 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir Həmin qərardaddan Tələbkar MMC şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 8(074)-11/2022 saylı qərardadı ilə şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bu qərardaddan Tələbkar MMC tərəfindən verilən şikayət Şamaxı Rayon Məhkəməsinin iş üzrə 27 aprel 2022-ci il tarixli, qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Yenə həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 8(074)-11/2022 saylı qərardadından Tələbkar MMC tərəfindən verilən şikayət elektron kabinet vasitəsilə verilmədiyi üçün məhkəmənin 04 aprel 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, lakin həmin qərardaddan Tələbkar MMC tərəfindən yenə eyni formada (elektron kabinet vasitəsi ilə deyil) şikayət verilmişdir. Məhkəmə kollegiyasl hesab edir ki, tələbkar hazırkı şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. AR MPM-in 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 04.04.2022-ci il tarixli, 8(074)-11/2022 nömrəli qərardadından Tələbkar tərəfindən verilə şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Şamaxı Rayon Məhkəməsinin 04.04.2022-ci il tarixli, 8(074)-11/2022 nömrəli qərardadından Tələbkar tərəfindən verilə şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, qərardaddan şikayəti vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1.3, 263- 264, 361, 363.1, 363.1.5, 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şamaxı Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(074)-739/2019 nömrəli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 04.04.2022-ci il tarixli, 8(074)-11/2022 nömrəli qərardadından Tələbkar tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar