Məhkəmə qərarları › İş №8(105)-67/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-67/2023

25.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-67/2023 25.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu X9 məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X15 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Şabran Rayon Məhkəməsinin 8(031)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından borclu X6 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Şabran rayon İcra və probasiya şöbəsi məhkəməyə 03 aprel 2023-cü il tarixdə təqdimatla müraciət edərək, Borclu məxsus **-DC-*** qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və satılaraq tələbin həmin əmlaka yönəldilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir.

2. Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1352/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh X4 8500 ABŞ dolları pul, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 134 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 69 manat dövlət rüsumu alınaraq iddiaçı X7 verilməlidir. Borclu, Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə baxmayaraq, o, icra sənədinin icrasını təmin etməmişdir və hazırda icra sənədi üzrə 8500 ABŞ dolları pul tələbi üzrə borcu yaranmışdır. Tərəflərindən aparılan icra tədbirləri nəticəsində Borclu məxsus **-BC-*** qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Xahiş edir ki, Borclu məxsus **-BC-*** qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və satılaraq tələbin həmin əmlaka yönəldilməsi barədə qərardad çıxarılsın.

3. Şabran Rayon Məhkəməsinin 8(031)-17/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərardadına əsasən Şabran rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin edilmiş və X9 məxsus “Mercedes Benz C200” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur.

4. X11 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. X11 şikayətini “Mercedes Benz C200” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun yox, atası X2 mülkiyyətində olması ilə əsaslandırmışdır.

5. Şabran Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadına əsasən X8 şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 8(031)-17/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərardadı ləğv edilmiş, Şabran rayon İcra və probasiya şöbəsinin Mercedes Benz C200” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimata məhkəmə iclasında baxılması üçün təyin edilmişdir.

6. Məhkəmə iclasında Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, icra sənədi üzrə icra zamanı dəfələrlə Borclu şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu qərəzli surətdə ödəməmişdir. Hətta özünün dediyi kimi özünə məxsus avtomobili alqı-satqı etsə də, əldə etdiyi puldan heç bir ödəniş belə etməmişdir. Tələbkar tərəfin verdiyi məlumata görə həmin avtomaşını hazırda o özü idarə edir.

7. Məhkəmə iclasında Borclu bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1352/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra olunması məqsədi ilə onun əmək haqqından tutmalar aparılır. Hazırda üzərinə həbs qoyulmuş həmin avtomaşını etibarnamə əsasında özü idarə edir, onunla əvvəllər atası arasında alqı-satqı olmamışdır. Həmin avtomaşını atası ona hədiyyə etmişdir, indi isə yenə də həmin maşını öz adına keçirmişdir.

8. Məhkəmə iclasında tələbkar X5 nümayəndəsi X10 bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1352/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu əmək haqqısından son vaxtlar hər ay 250 manat tutmalar aparılır. Hər ay 250 manat borclu tərəfindən ödənilərsə bu neçə illər davam edəcəkdir. Borclu özünə məxsus avtomobili də düşünülmüş halda atasının adına keçirmişdir. Lakin buna baxmayaraq, həmin avtomobil hazırda Borclu istifadəsindədir.

9. Şabran Rayon Məhkəməsinin 8(031)-17/2023 saylı 18 may 2023-cü il tarixli qərardadına əsasən Şabran rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin edilmiş, Borclu istifadəsində və sahibliyində olan **-BC-*** qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur.

10. Borclu nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 8(031)-17/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

11. Şabran Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 8(031)-17/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

12. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu ** BC *** qeydiyyat nişanlı avtomaşını yoxdur və olmayıb. ** BC *** qeydiyyat nişanlı avtomaşının texniki pasportunu tələb etməklə bunu yoxlamaq mümkündür. Bundan başqa, ** DC *** qeydiyyat nişanlı 1999-cu il istehsal tarixli qara metallik “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitəsi aylar öncə olmuşdur ki, həmin avtomaşın da büdcələri ayrı olan atası X1 ki, bu avtomaşına da həbs qoyulmayıb və qoyula da bilməzdi. Belə ki, mülkiyyət toxunulmazdır və hər kəsin mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyası və mövcud maddi hüquq normaları ilə dövlət tərəfindən qorunur və məhkəmə vətəndaşıların məhkəmə müdafiə hüququnu həyata keçirir. ** BC *** qeydiyyat nişanlı avtomaşın heç bir zaman Borclu mükiyyətində, istifadəsində və sərəncamında olmadığı üçün həmin avtomaşının guya Borclu məxsus olması adı ilə üzərinə qoyulmuş həbs ləğv edilməlidir və tələb həmin əmlaka yönəldilə bilməz. Eləcə də, ** DC *** qeydiyyat nişanlı 1999-cu il istehsal tarixli qara metallik Mersedes C200 minik markalı nəqliyyat vasitəsi vaxtilə borclunun mülkiyyətində olsa da, sonradan borcları ilə bağlı atasına alqı-satqı ilə satılması faktını nəzərə alaraq həmin maşına da borcla və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1352/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqəsi olmayan X2 mülkiyyətində və istifadəsində olduğu üçün ** DC *** qeydiyyat nişanlı 1999-cu il istehsal tarixli qara metallik Mersedes C200 minik markalı nəqliyyat vasitəsi üzərində də həbs qoyularaq tələbin həmin əmlaka da yönəldilməsi mümkün deyil və qanunazidddir.

b) Şikayətə qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

14. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası

45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.

Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, təqdimat təmin edilməməlidir.

19. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir.

20. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (İcra haqqında Qanunun 45.1. maddəsi).

21. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri).

22. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başalayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlandıqdan sonra borcluya bildiriş göndərilmiş, icra sənədi üzrə ödəməli olduğu borcu borclu tələbkara ödəməmişdir. İcra sənədi üzrə könüllü icra müddətində borclu icranı təmin etmədiyinə görə, icra məmuru məcburi icra tədbirlərini həyata keçirilməsindən ötrü müvafiq sorğu vermiş, borclunun mülkiyyətində ** DC *** qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədi üzrə icraatın təmin edilməsindən ötrü həmin əmlakın üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət etmişdir.

24. Birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən **-BC-*** qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitəsinin borclunun istifadəsində və sahibliyində olmasına istinad etmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Şabran rayon İcra və probasiya şöbəsi məhkəməyə 03 aprel 2023-cü il tarixdə təqdimatla müraciət edərək, Borclu məxsus ** DC *** qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və satılaraq tələbin həmin əmlaka yönəldilməsini xahiş etmişdir.

26. Təqdimata əlavə edilmiş “Elektron icra informasiya sistemi”ndən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Borclu mülkiyyətində ** DC *** qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitəsi olmuşdur.

27. Göründüyü kimi nəqliyyat vasitəsinin qeydiyyat nişanları arasında fərqin olması nəzərə alınmamış, məhkəmənin qərardadı ilə iddiaçının mülkiyyətində olmayan və təqdimatla üzərinə həbs qoyulması xahiş edilməyən başqa (** BC ***) qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur.

28. Bundan başqa, işə baxılarkən müəyyən edilmişdir ki, ** DC *** qeydiyyat nişanlı, “Mercedes Benz C200” minik markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən X2 mülkiyyətindədir.

29. Nəqliyyat vasitəsinin borclunun istifadəsində və sahibliyində olması isə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisinin hüququnu pozmamalıdır.

30. Belə ki, əmlakın üzərinə həbs qoyulması müəyyən məhdudiyyətlərə səbəb olur ki, bu da mülkiyyətçi üzrə arzuolunmaz nəticələrə səbəb ola və mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnə bilər.

31. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, göstərilən icra sənədinin icrası məqsədilə üzərinə həbs qoyulması tələb edilən əmlak məhz Borclu mülkiyyətində olmalıdır, başqa şəxsin mülkiyyətindəki əmlakın üzərinə həbs qoyaraq onu satmaq yolverilməzdir.

33. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunduğundan, toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə olunduğundan, birinci instansiya məhkəməsi hazırkı təqdimatı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir.

34. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şabran Rayon Məhkəməsinin 8(031)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, icra məmurunun təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Şabran Rayon Məhkəməsinin 8(031)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus ** DC *** qeydiyyat nişanlı, Mercedes C200 minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və satılaraq tələbin həmin əmlaka yönəldilməsi barədə Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar