Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-68/2025 05.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X18 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, borclu Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının artırılması tələbinə dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-169/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X3 alimentin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi və birgə faktiki nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X12 yetkinlik yaşma çatanadək saxlanması üçün məhkəməyə müraciət olunduğu tarixdən borclu şəxs Mahirzadə (Nağıyev) Azər Şahin oğlundan bir uşaq üçün hər ay minimum əmək haqqının 0,68 (272 manat) misli məbləğində alimentin tutulub ona verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 cavabdeh Mahirzadə (Nağıyev) Azər Şahin oğlu ilə 2008-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə faktiki nikahdan iki övladı var: xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X19. Hazırda hər ay hər uşaq üçün 136 manat olmaqla, ümumilikdə 272 manat sabit pul məbləğində aliment alır. Həmin məbləğdə aliment ilə də övladlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2025-ci il Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumunun 246 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və birgə faktiki nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu şəxsdən bir uşaq üçün hər ay minimum əmək haqqının 0,68 (272 manat) misli məbləğində aliment tutulub ona verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-169/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliuyeva) ərizənin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2009cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq hər ay hər uşaq üçün minimum aylıq əmək haqqının 1,17 misli miqdarında müəyyən edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə xx xxxxx 1982-ci ildəQuba rayonu Xaroşa kəndində anadan olmuş Mahirzadə (Nağıyev) Azər Şahin oğlundan 16 oktyabr 2009-cu il təvəllüdlü X6 və 26 fevral 2011-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 136 manat, cəmi 272 manat sabit pul məbləğində alimentin alınıb iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 116 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 116 manat olmuşdur. Belə olan halda məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2017-ci ildə aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-169/2025 nömrəli qərardadından narazı qalan borclu şikayət verərək, qərardadın ləğv edilməsini və X5 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarının indeksasiya olunmasına dair ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ödənilməli olan pul məbləğlərinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğlərinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. İndeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2017-ci ildə aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə qətiyyən razı deyil və hesab edir ki, bu nəticə ilə məhkəmə borclunun hazırki maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almamış, aliment ödəmək vəzifəsi qoyulan borclunun hüquq və mənafelərini zərbə altında qoymuşdur. Belə ki, borclunun məhkəməyə təqdim etdiyi etirazında aydın göstərilmişdir ki, o, birgə yaşadığı X4 ayrıldıqdan sonra, əvvəllər nikahda olduğu Mahirzadə (Əliyeva) Əsmər Əlipaşa qızı ilə yenidən nikaha daxil olmuş və ailəsini bərpa etmişdir. Bu nikahdan biri tələbə xx.xx.2006-cı il təvəllüdlü X13, ikisi isə xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X14 azyaşlı olmaqla 3 övladı var. Hal-hazırda onun əmək haqqı 576 manatdır. Bu məvaciblə ümumilikdə 5 nəfər övladlarına baxır. Onların ehtiyaclarını ödəyir. İddiaçı ərizəsində yalan məlumat verir. Ona görə ki, hal-hazıradək onun əmək haqqının, yəni maaşının 70 faizi (403 manat) aliment kimi tutularaq X7 ödənilir. İddiaçı bunu gizlədərək neçə illərdir ki, onun digər 3 övladlarının saxlanmasına və tələbatına aid olan vəsaiti mənimsəmişdir. Halbuki, bu rəqəm ümumilikdə 272 manat olmalıdır. Maaşının digər kiçik bir hissəsi isə hal-hazırki ailəsindən olan övladlarının ehtiyaclarına çətinliklə yetir. Kənddə müəllim işləyir, başqa yerdən heç bir gəliri və qazanc yeri yoxdur. İddiaçı X8 özü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində 4 nömrəli uşaq poliklinikasında tibb bacısı vəzifəsində işləyir və hər ay 500 manat məbləğində məvacib alır. Aliment miqdarının indeksasiya olunması, aliment miqdarının artırılması hal-hazırki ailəsində olan övladlarına (3 nəfər) qarşı haqsızlığa və onların hüquqlarının pozulmasına zəmin yaradır. Bu kimi səbəblərdən də iddianı qəbul etmir. Məhkəmənin gəldiyi nəticədən belə aydın olur ki, borclu iki uşaq üçün hər ay 272 manat aliment verdiyi halda hazırda tələbkarın əsassız ərizəsi əsasında hazırda ümumilikdə hər iki uşaq üçün ayda 968 manat ödəməlidir. Belə olan halda qanunvericiliyin aliment təyin edərkən, onun miqdarı azaldılıb artırılarkən, habelə, aliment məbləği indeksləşdirilərkən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halların, valideynin uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə maddi imkanın səviyyəsinin, aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoyulmamasının nəzərə alınması kimi tövsiyyələri niyə nəzərə alınmır və bu tövsiyyələr nə üçün lazım idi? Bundan əlavə, X3 məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi və birgə faktiki nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X12 yetkinlik yaşma çatanadək saxlanması üçün məhkəməyə müraciət olunduğu tarixdən borclu şəxs Mahirzadə (Nağıyev) Azər Şahin oğlundan bir uşaq üçün hər ay minimum əmək haqqının 0,68 (272 manat) misli məbləğində alimentin tutulub ona verilməsini məhkəmədən xahiş etdiyi halda, məhkəmə də ərizəni təmin etməsini qeyd etsə də faktiki olaraq tələbkarın ərizəsinə uyğun deyil, tələbkarın buna razılığını və mövqeyini öyrənmədən öz mülahizəsilə daha artıq məbləğdə aliment təyin etmişdir ki, bu da qanunla yolverilməzdir. Məhkəmə həmçinin borclunun əvvəlki müddətlərdə artıq ödəmələrini müəyyən etmək üçün heç bir cəhd etməmiş və elektron sistemdən cavabdehin iş yeri üzrə məlumatları, aldığı məvacib barədə məlumatları qəraredadda göstərməmişdir. Valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Məhkəmə tələbkarın da hazırda işləməsini və aylıq əmək haqqı almasını, iki uşağın saxlanmasında onun vəzifələrinin olmasını, bütün yükün tək borclunun üzərində olmamasını, həmçinin də təyin edilmiş aliment miqdarından da artıq aliment almasına qiymət verməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tələbkarın yanında yaşayan 2 uşağın mənafeyini nəzərə alaraq onların saxlanması üçün təyin edilmiş alimentin məbləğini 3 qat artırdığı halda borclunu himayəsində qalan 3 uşağın da qanunla qorunan hüquq və mənafelərini, eləcə də, borclunun indeksasiya edilmiş məbləği ödəməyi ümumiyyətlə imkanı olmamasını və bunun da onun üçün gələcəkdə hansı ağır nəticələrə (məsuliyyətə) səbəb olmasını, bu halda tək tələbkarın yananda qalan 2 uşağın deyil, özünün himayəsində olan 3 uşağın da mənafeyinə xələl gətiriləcəyini qətiyyən nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-169/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu Cavabdeh şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında borclu Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək bildirdi ki, borclu idman müəllimi işləməklə 567 manat əmək haqqı alır. Himayəsində 3 uşaq var. Tələbkar ərizəsində 136 manat alimenntin qarşılığından bir uşaq üçün hər ay minimum əmək haqqının 0,68 mislində 272 manat tələb edir. Təəbkar da işləyir, 500 manmat əmək haqqı alır. Ərizəçi alimentin məbləğinin minimum əmək haqqının 0,68 manat mislində istədiyi halda məhkəmə minimum əmək haqqının 1,17 mislində aliment müəyyən etsə də bunun əsaslandırmamışdır. Tələbkar ərizəsində alimentin artırılmasını xahiş etmiş, məhkəmə isə aliment məbləğini indeksasiya etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-169/2025 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(060)-169/2025 nömrəli qərardadı ləğv edilməli, ərizə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, tələbkar ərizəsinin məzmunu ziddiyyətli olmaqla, həm alimentin miqdarının artırılması, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinad etməklə, dolayısı ilə qətnamə ilə tutulan alimentin məbləğinin indeksasiyası ilə bağlı olmuşdur. Lakin, ərizəçi tələbində Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, bir uşaq üçün hər ay minimum əmək haqqının 0,68 (272 manat) misli məbləğində müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq, ərizəçinin hüquqi marağının konkret olaraq nədən ibarət olmasını dəqiqləşdirməmiş və ona prosessual hüquqlarının həyata keçməsinə köməklik göstərməmişdir. Hərçənd ki, iddiaçının hüquqi marağının alimentin miqdarının artırılmasından və ya alimentin məbləğinin indeksasiyasından ibarət olmasına dair dəqiqləşdirilməsi ərizəyə məhkəmə qərarının icrası qaydasında və ya iddia icraatı qaydasında işə baxılmalı olması baxımından əhəmiyyətli olmuşdur. Məhz bu səbəbdən ərizəçinin alimentin bir uşaq üçün hər ay minimum əmək haqqının 0,68 misli məbləğində müəyyən edilməsini xahiş etməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin alimentin məbləğinin indeksasiya olunaraq hər ay hər uşaq üçün minimum aylıq əmək haqqının 1,17 misli miqdarında müəyyən edilməsi borclunun şikayətinə əsas vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-169/2025 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(060)-169/2025 nömrəli qərardadı ləğv edilməli, qərardadda qeyd edilən mövqe nəzərə alınmaqla, ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-169/2025 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(060)-169/2025 nömrəli qərardadı ləğv edilsin. Ərizəyə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-68/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-68/2025
05.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver