Məhkəmə qərarları › İş №8(105)-69/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-69/2023

25.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-69/2023 25.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 icra sənədi üzrə icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-111/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, X4 Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanında yerləşən “ünvan 2li (köhnə sıralamada 30 nömrəli) mənzilə köçürülməsi, mənzilin 2.7 m x 4.3 m ölçüdə olan yataq otağının yaşamaq üçün X4 istifadəsinə verilməklə mənzilin sanitar qovşağı, dəhliz və mətbəx otağının birgə istifadədə saxlanılması, həmin mənzildə olan, birgə nikah dövründə alınmış 2 ədəd “LG” televizor, 1 ədəd soyuducu, 1 ədəd “Samsung” televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstlərinin icra mərhələsində qiymətləndirilərək satılması, əldə ediləcək pul vəsaitinin ½ hissəsinin X9 ilə X10 arasında bölünərək onlara verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Türkiyənin “Altınbaşaq” firmasına məxsus 750 əyarlı, çəkisi 35 qr olan brilliant qaşlı kolye və qolbaq dəsti (2000 manat dəyərində), zümrüd və brilliant qaşlarla bəzədilmiş 583 əyarlı, çəkisi 32 qr olan “fantaziya” üzük və sirğa dəsti (1920 manat dəyərində), “Badam” formalı 583 əyarlı, çəkisi 26 qr olan brilliant qaşlı sırğa və üzük dəsti (1560 manat dəyərində), İtaliya istehsalı olan ağ qızıldan 750 əyarlı, çəkisi 25 qr olan sırğa, üzük və klon dəsti (1750 manat dəyərində), Rusiya istehsalı olan “moruq” formalı 750 əyarlı, çəkisi 55 qr olan boyunbağı (3850 manat dəyərində), İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 20 qr olan boyunbağı, qolbaq, sırğa və üzük dəsti (1400 manat dəyərində), İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan “sonsuzluq” formalı sırğa və üzük dəsti (1050 manat dəyərində), İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan brilliant qaşlı nişan üzüyü (1125 manat dəyərində), Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 12 qr olan sırğa, üzük, boyunbağı və klondan ibarət brilliant qaşlı uşaq dəsti (720 manat dəyərində), Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 18 qram olan “silsilə” formalı boyunbağı (990 manat dəyərində), İtaliya istehsalı olan “tısbağa” formalı, 750 əyarlı, çəkisi 12 qr olan üzük (840 manat dəyərində), 1 ədəd “Samsung” markalı, istifadə olunmuş, 82 diaqonallı televizor (70 manat dəyərində), 1 ədəd “Beko” markalı, istifadə olunmuş, böyük ölçülü soyuducu (300 manat dəyərində), 1 ədəd “Beko” markalı, iki qapılı, istifadə olunmuş qabyuyan (150 manat dəyərində), 1 ədəd “Beko” markalı, istifadə olunmuş paltaryuyan (150 manat dəyərində), 1 ədəd güzgülü kamod, 1 ədəd 4 qapılı servant, 1 ədəd künc şkafından 8 nəfərlik stol-stul dəstindən ibarət qəhvəyi rəngli taxtadan oyulma əl işləməsi olan Malayziya istehsallı qonaq dəsti (3000 manat dəyərində), Malayziya istehsalı olan qonaq dəsti ilə eynilik təşkil edən yataq dəsti (2000 manat dəyərində), Polşa istehsalı olan qəhvəyi rəngli, 3 m uzunluğu olan mətbəx mebeli (500 manat dəyərində), 1 ədəd qəhvəyi rəngli dəhliz şkafı (300 manat dəyərində), krem rəngli 1 ədəd divan, 2 ədəd kreslodan ibarət yumşaq dəst (500 manat dəyərində), 1 ədəd “Bohema” markalı əmtəə nişanlı böyük ölçülü zal üçün nəzərdə tutulmuş billur çilçıraq (300 manat dəyərində), 1 ədəd “Bohema” markalı əmtəə nişanlı yataq otağı üçün nəzərdə tutulmuş billur çilçıraq (300 manat dəyərində), 1 ədəd Türkiyə istehsalı olan mətbəx üçün çilçıraq (70 manat dəyərində), qonaq, yataq otaqları və mətbəx üçün “Capsella” firmasının pərdələri (1100 manat dəyərində), 2 ədəd yumru balaca “kaşmir” xalçaları (300 manat dəyərində), 2 ədəd 2.5x5.5 ölçülü “kaşmir” xalçaları (600 manat dəyərində), 2 ədəd 3x5 ölçülü “Merinos” firmasının xalçaları (700 manat dəyərində), 2 ədəd 2x3 ölçülü “İmperial” firmasının xalçaları (400 manat dəyərində), 1 ədəd böyük ölçülü sandıq (130 manat dəyərində), Çexiya istehsallı 12 nəfərlik yemək, çay, qəhvə dəstləri (700 manat dəyərində), 4 ədəd “Bohema” markalı billur qənd qabı (300 manat dəyərində), 4 ədəd “Bohema” markalı billur mürəbbə qabı (300 manat dəyərində), 2 dəst 6 nəfərlik billur böyük və balaca bakal (250 manat dəyərində), 6 ədəd billur ləpə qabları (180 manat dəyərində), 1 ədəd böyük saat (150 manat dəyərində), 4 ədəd “Bohema” markalı billur meyvə qabları (200 manat dəyərində), Türkiyə istehsallı qırmızı rəngli “Tefal” markalı qazan-tava dəsti (200 manat dəyərində), 1 ədəd aliminium materiallı aş qazanı (80 manat dəyərində), 1 ədəd “Samsung” markalı, istifadə olunmuş ətçəkən maşın (80 manat dəyərində), 1 ədəd “Samsung” markalı, istifadə olunmuş tozsoran (50 manat dəyərində), 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan (100 manat dəyərində), 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu (250 manat dəyərində), 1 ədəd “Beko” markalı, istifadə olunmuş şirəçəkən maşın (30 manat dəyərində), 1 ədəd “Beko” markalı mətbəx elektrik dəsti (kombayn) (50 manat dəyərində), Çexiya istehsallı 6 stəkan və 1 qrafindən ibarət kampot dəsti (200 manat dəyərində), 1 ədəd “Tefal” markalı, istifadə olunmuş çaydan (20 manat dəyərində), 1 ədəd “Beko” markalı, istifadə olunmuş toster (30 manat dəyərində), 1 ədəd Çexiya istehsallı basma naxışlı billur güldan (160 manat dəyərində), 1 ədəd qara rəngli, az istifadə olunmuş xəz dəri materialından tikilmiş üst geyimi (şuba) (1500 manat dəyərində) - qeyd olunan qızıl-zinət əşyaları, cehiz və geyim əşyalarının, onlar naturada aşkar olunmadıqda hər birinin qeyd edilən məbləğdə pul dəyəri X2 alınıb X8 verilməsi, “Hyundai Veloster” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 1000 manat pulun ½ hissəsi, yəni, 500 manat məbləğində pulun X2 alınıb X8 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi, ekspertizanın keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun X5 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2849/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh A.Q.Məmmədovun verdiyi apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı G.İ.Məmmədovanın apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-111/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, X6 X7 qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 17000 manat pulun ½ hissəsi-8500 manat məbləğində pul vəsaitinin X3 alınıb X8 ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 1680/2022 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2849/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2849/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Ucar rayon İcra və probasiya şöbəsinə icraya yönəldilmişdir.

5. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-111/2021 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2849/2021 saylı qətnamələri əsasında verilmiş icra vərəqələri üzrə icra işlərinin icra üsulunun və qaydasının dəyişdirilərək eyni vaxtda icra olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X9 cavabdeh X8 qarşı “yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü” tələbinə dair ilkin, iddiaçı X10 isə cavabdeh X7 qarşı “qızıl-zinət əşyaları və əmlak tələbi”nə dair qarşılıqlı iddia ərizələri ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-111/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmişdir. Qətnamə icra edilməsi üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hazırda, tərəflərin icra sənədləri ayrı-ayrılıqda icra şöbəsindədir. Qeyd olunan əmlaklar ərazi üzrə “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 1, blok 31, 37 nömrəli (köhnə sıralamada 30 nömrəli) ünvanda yerləşdiyindən icra sənədi də “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, əmlakın olduğu yer üzrə icra edilməlidir. Tərəflərin icra işləri bir-biri ilə bağlı olduğundan onların hər ikisinin eyni vaxtda icra edilməsi daha məqsədəmüvafiqdir. Ona görə də ərizənin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur.

7. Məhkəmə iclasında X1 ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, qarşı tərəf evə köçürülmək istəsə də, onun borcu da mövcuddur. Ona görə də, borcun ödənilməsinin ilkin olaraq həyata keçirilməklə sonradan evə köçürülmənin təmin olunmasını istəyir. Hesab edir ki, borclu borcun ödənilməsini təmin etməyəcəkdir. Belə ki, X9 mənzilə köçürüləndən sonra bilir ki, onun da həmin ünvan üzrə yaşamasına imkan verməyəcəkdir. Halbuki, onun da həmin ünvan üzrə payı vardır. Bu səbəbdən də, məhkəmə aktlarının eyni vaxtda icra olunmasını istəyir. X9 həmçinin, mənzildə yaşasa payın satılmasına da imkan verməyəcəkdir.

8. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 ərizəyə münasibət bildirərək izahatında göstərmişdir ki, X4 evə köçürülməsi ilə bağlı hər hansı bir problem yoxdur, lakin borcun dərhal ödənilməsini təmin etdirmək mümkün deyildir.

9. Abşeron Rayon Məhkəməsinin 8(012)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Habil Əhmədov) ərizə təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra sənədinin icra olunması icra məmuru tərəfindən tələbkarın mənafeyi nəzərə alınmaqla həyata keçirilir, lakin bu hal digər tərəfi əlverişsiz şəraitə salmaqla, onun üzərinə maliyyə yükünün qoyulmasına səbəb ola bilməz. Belə ki, icra sənədinin “mənzilə köçürülmə” hissəsində icra olunmasında hər hansı bir mübahisənin olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapsa da, “borcun ödənilməsi”nə dair hissədə icra məmuru tərəfindən məcburi icra tədbirləri görülməlidir ki, borcun ödənilməsi hissəsi ilə mənzilə köçürülmə tələbinin eyni anda icra olunması digər tələbin də icrası müddətinin lüzumsuz şəkildə uzadılması ilə nəticələnəcəkdir. Bu da nəticə etibarı ilə, qanunun və Plenum Qərarındakı hüquqi mövqe ilə ziddiyyət təşkil edir. Başqa sözlə, məhkəmə aktının vaxtında və düzgün icra olunmaması məhkəmə müdafiəsi hüququnun da həyata keçirilməsini səmərəsiz və qəbul edilmiş qərarın əhəmiyyətsiz olması ilə nəticələnir. Bu səbəbdən də, məhkəmə icra sənədinin icrası üsulunun dəyişdirilməsinə lüzum görmədiyindən ərizə əsaslı deyildir, ona görə də təmin edilməməlidir.

11. X1 qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 8(012)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

13. Şikayət onunla əsaslandırılmışdır ki, eyni məhkəmə qətnaməsi ilə həm əsas iddiaçının, həm də qarşılıqlı iddiaçının iddiaları qismən təmin edilmiş və eyni iş üzrə çıxarılmış icra vərəqələri Abşeron rayon İcra və probasiya şöbəsində olduğundan onların ayrı-ayrılıqda icrası mümkün deyildir. Bu həm əsas iddiaçının, həm də qarşılıqlı iddiaçının hüquqlarının həyata keçirilməsini səmərəsiz edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində deyilir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

14. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

16. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 15. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. (...) 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

19. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Hazırkı işdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-111/2021 saylı qətnaməsi ilə X4 Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanında yerləşən “ünvan 2li (köhnə sıralamada 30 nömrəli) mənzilə köçürülməsi, mənzilin 2.7 m x 4.3 m ölçüdə olan yataq otağının yaşamaq üçün X4 istifadəsinə verilməklə mənzilin sanitar qovşağı, dəhliz və mətbəx otağının birgə istifadədə saxlanılması, həmin mənzildə olan, birgə nikah dövründə alınmış 2 ədəd “LG” televizor, 1 ədəd soyuducu, 1 ədəd “Samsung” televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstlərinin icra mərhələsində qiymətləndirilərək satılması, əldə ediləcək pul vəsaitinin ½ hissəsinin X9 ilə X10 arasında bölünərək onlara verilməsi, G.Məmmədovaya məxsus qızıl-zinət əşyalarının, cehiz və geyim əşyalarının, onlar naturada aşkar olunmadıqda hər birinin qeyd edilən məbləğdə pul dəyərinin X2 alınıb X8 verilməsi qət edilmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2849/2021 saylı qətnaməsi ilə “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 17000 manat pulun ½ hissəsi-8500 manat məbləğində pul vəsaitinin X3 alınıb X8 ödənilməsi qət edilmişdir.

23. G.Məmmədova məhkəməyə müraciət edərək qətnamələrin eyni vaxtda icra olunmasını xahiş etmiş, A.Məmmədovun qətnamələrlə müəyyən edilmiş öhdəliyini icra etməməsi ilə əlaqələndirmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

25. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamənin icrası məcburidir. Qətnamənin icrası mümkün olmadıqda bunun icra üsulu və qaydası dəyişdirilə bilməsi istisna edilmir. Qətnamənin icra üsulunun dəyişdirilməsi dedikdə, bir icra növünün başqası ilə əvəz edilməsi və ya qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması anlaşılır. Qətnamənin icrası üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi də qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət bir qayda olaraq o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin.

26. Göründüyü kimi mövcud ərizə tələbi pul və əmlak tələbi ilə mənzilə köçürülmə tələbinin eyni vaxtda icra olunması tələbidir. Halbuki, həmin tələblərin ayrı-ayrılıqda icrasını mümkünsüz edən hal mövcud deyildir. Hər iki icra sənədi məhkəmə qərarı əsasında verilmişdir, məhkəmə qərarının icrası isə bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin 8(012)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar