Məhkəmə qərarları › İş №8(105)-69/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-69/2025

01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-69/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu hakimlər X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 8(012)-120/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksləşdirilərək, hər bir uşaq üçün hər ay 246 manat sabit pul məbləğində alimentin Borclu tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, son dövrlərdə yaşayış minimumu və inflyasiya göstəricilərinin artması səbəbindən hazırkı aliment məbləği uşaqların əsas ehtiyaclarını ödəmək üçün kifayət etmir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə hər uşağa görə hər ay 220 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Belə ki, borclu aldığı əmək haqqı məbləği ilə bağlı məhkəməyə saxta arayış təqdim etmişdir. Borclu uşaqları ilə maraqlanmır və uşaqlarına baxmır. Abşeron Rayon Məhkəməsinin 8(012)-120/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 28 mart 2015-ci il təvəllüdlü X4 və 28 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu ərizəçi Tələbkar xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunması və qərardad qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması qərara alınmışdır. Borclu qərardaddan şikayət verərək onun ləğv edilməsini, bu işdə onun borclu yox, cavabdeh kimi qəbul edilməsi və onun bu iş üzrə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət məhkəmənin xx.xx.2025-ci il tarixində qəbul etdiyi qərardadda hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunması barədə qərar verilmişdir. 2025-ci il minimum əmək haqqı 400 manat olduğu üçün 400 x 0,62 = 248 manat edir. İddiaçı ərizəsində hər uşağa 246 manat istədiyi halda hakim iddiaçının xeyrinə bir az da artıq pul təyin edərək hər uşağa görə 248 manat təyin etmişdir. Belə ki, hakim iddiaçının istədiyindən artıq ona pul vermişdir. Konstitusiyaya görə hər 2 valideynin uşaqları saxlamağa borclu olduğunu qeyd edilsə də hakim tərəfindən bu qayda pozularaq maaşından ona 100 manat pul saxlayaraq iddiaçının xeyrinə qərardad qəbul edilmişdir. Məhkəmə hər iki uşağın yaşayış minimumunu onun üzərinə yükləyərək ərizəçini uşaqlara öz pulu ilə qayğı göstərmək borcundan azad etmiş, yəni ailə dağıtmağı ona sərfəli etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 2025-ci ildə 246 manat məbləğ müəyyən edildiyinə baxmayaraq hakim iddiaçının xeyrinə bir az da artıq pul təyin edərək hər uşağa görə 248 manat təyin etmişdir (400 x 0,62 = 248 manat) və onun 808 manat əmək haqqından 18 faiz tutulmalar və 496 manat aliment çıxılandan sonra onun yaşayış minimumu pozulmaqda davam etmiş olur. Mülki Prosesual Məcəllənin 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Məhkəmə isə onu cavabdeh əvəzinə borclu rolunda qeydə almış, həmçinin onun qarşılıqlı iddia ərizəsinə baxmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından olan 28 mart 2015-ci il təvəllüdlü X4 və 28 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu ərizəçi Tələbkar xeyrinə tutulan alimentin indeksasiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən həmin dövr üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə mütənasib olaraq aparılmışdır. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin indeksasiyası barədə işlərlə bağlı ərizənin qismən təmin edilməsi nəzərdə tutulmadığından borclu tərəfindən şikayət ərizəsində göstərilən hallar qanunauyğun olaraq qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 8(012)-120/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında vurğulanmışdır ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan Plenum Qərarına əssən uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış məbləğinin artımına əsaslanan alimentin indeksasiyası ilə bağlı işlərə məhkəmə tərəfindən iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxıldığından hazırki iş üzrə Borclu cavabdeh kimi tanınması, həmçinin onun tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qeyri-mümkündür. Buna görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 8(012)-120/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar