Məhkəmə qərarları › İş №8(105)-7/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-7/2023

09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-7/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19231/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər MƏhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim Elmir Hüseynov) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19231/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimatın rədd edilməsi qərara alınmışdır. Tələbkar qərardaddan şikayət verərək qərardadın ləğv edilərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İ Ş İ N H A L L A R İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19231/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 19231/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 3715,74 manat tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2017-ci il tarixdə idarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Könüllü icra müddətində tələb təmin olunmadığından tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlakların, banklarda hesabının və gəlirinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş, lakin tələbin yönəldilməsinə yol verilən əmlak və gəlir aşkar olunmamışdır. Ona görə də hesab edir ki, zəruri icra tədbirlərinin görülməsi müddəti ərzində Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iclasda iştirak edən Borclu işsiz olması, ötən aydan hissə-hissə ödəniş etməsini, bununla yanaşı icra xərcini ödəməsini, eyni zamanda Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il, 22 aprel tarixli 2-N saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata istinad edərək təqdimatın rədd edilməsi ilə bağlı qərardad çıxarmışdır. Hesab edir ki, borclunun bir neçə icra sənədi üzrə borclu olması, rəsmi gəlir və əmlakının olmaması səbəbindən qərardad ləğv edilməli, yeni qərardad çıxarılmalıdır. Onlar məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə iclasında cavabdeh Borclu məhkəməyə yanlış məlumat verərək guya ötən ay ödəniş etdiyini, icra xərcini ödədiyini bildirsə də məhkəməyə heç bir sübut və ya qəbz təqdim etməmişdir. Cavabdehlər tərəfindən bu icra vərəqəsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə olmuşdur. Ümumilikdə Borclu 3 icra sənədi üzrə Tələbkar ASC-yə borcu vardır. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Hazırda Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə əmri mövcuddur. Lakin həmin məhkəmə əmri hal-hazıradək borclunun qanunusuz hərkətləri səbəbindən icra olmamışdır. Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edərkən borclu tərəfindən məhkəmə əmrinin icrasına yönəlmiş maneələri nəzərə almayaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin etməmişdir. Bu halda, gələcəkdə də həmin məhkəmə əmrinin icrasının qeyri-mümkün olduğunu nəzərə almamışdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-cı maddəsinə əsasən Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il il tarixli və onunla bağlı xx.xx.2022-ci il tarixli qərardadları ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsi ilə bağlı gəlmiş olduğu nəticəni əsaslandırmamış, qanunvericiliyin müvafiq normalarına istinad etməklə kifayətlənmiş, təqdimata baxarkən icra sənədi üzrə toplanmış materialları tələb etməmiş, icra işinin materialları araşdırılmamış, borclunun icra sənədini təmin etməməsinin səbəbləri aydınlaşdırılaraq qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərarın surəti icra məmuru tərəfindən borcluya şəxsən təqdim olunmuşdur. Lakin buna baxmayaraq, icra sənədi borclu tərəfindən bugünədək tam şəkildə icra edilməmişdir. Borclu məhkəmə iclasında verdiyi izahatında işsiz olduğunu və keçən aydan hissəhissə ödəniş etdiyini bildirmişdir. Məhkəmə kolleygiyası qeyd edir ki, qeyd olunan hal təqdimatın təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, nə qədər ki, icra sənədinin hissə-hissə icrasına dair məhkəmə qərardadı qəbul edilməmişdir, borcun hissə-hissə ödənilməsi qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, təqdimat yenidən baxılması, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2, 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 8(060)-926/2022 nömrəli və bununla bağlı 16 dekabr 2022-ci il tarixli 8(060)-926/2022 nömrəli qərardadları ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar