Məhkəmə qərarları › İş №8(105)-7/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-7/2024

18.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-7/2024 18.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 8(059)-32/2023 nömrəli qərardadlarından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev təqdimatla məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinin icra olunması üçün Borclu icra yerinə, Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclu X1 Tələbkar xeyrinə 3300 manat və 320 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul, eləcə də borclular X1 və Borclu müştərək qaydada Tələbkar təmir üçün çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı sonuncunun xeyrinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi 09 fevral 2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Siyəzən şəhərinin Füzuli küçəsindəki 39 saylı evə göndərilmişdir. Beləliklə, Borclu şöbəyə və digər orqanlara ünvanlandığı məktublardan da məlum olur ki, sonuncunun icra sənədindən, eləcə də sözügedən icra sənədi üzrə borclu qismində olan qardaşı Raman Sədrəddinovun tələbi yerinə yetirməməsinə görə Siyəzən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə inzibati qaydada həbs olunmasından məlumatı vardır. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, habelə bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Eyni zamanda, Borclu məcburi gətirilməsi haqqında 26 iyul 2023-cü il tarixdə qəbul edilmiş qərar onun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 8(059)-32/2023 saylı qərardadı ilə Borclu məhkəmənin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməlidir. Borclu 24 noyabr 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 8(059)-32/2023 saylı qərardadından şikayət vermişdir. Siyəzən Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 8(059)-32/2023 saylı qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 8(059)-32/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Borclu 04 dekabr 2023-cü il tarixdə yenidən Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il və 28 noyabr 2023-cü il tarixli, 8(059)-27/2022 saylı qərardadlarından şikayət vermiş, həmçinin icra sənədinin icrasına möhlət verilməsini də bir daha rica etmişdir. Siyəzən Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 8(059)-32/2023 saylı qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il və 28 noyabr 2023-cü il tarixli, 8(059)-27/2022 saylı qərardadlarından Borclu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Borclu sadalanan nöqsanları aradan qaldırmaq əvəzinə, Siyəzən Rayon Məhkəməsinin 13, 28 noyabr və 07 dekabr 2023-cü il tarixli, 8(059)-32/2023 saylı qərardadlarından 18 dekabr 2023-cü il tarixdə rəsmi poçt vasitəsilə məhkəməyə şikayət göndərmiş və bu şikayətində də icra sənədinin icrasına möhlət verilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 8(059)-32/2023 saylı qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 13, 28 noyabr və 07 dekabr 2023-cü il tarixli, 8(059)-32/2023 saylı qərardadlarından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 8(059)-32/2023 nömrəli qərardadlarından Borclu tərəfindən verilmiş şikayətlərin mümkünlüyünü yoxlayıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessul Məcəllənin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Borclu şikayəti MPM-in imperativ xarakterli “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilmədən məhkəməyə təqdim olunmuş, bununla da MPM-in 361.1-ci maddəsinin tələbi pozulmuşdur. MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin məhz bu Məcəllə ilə müəyyən edilmiş formada tərtib olunmaqla verilməsi nəzərdə tutulmuş, həmin forma isə MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2021-ci il 9 iyul tarixli, № 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş “Əlavə 2”də göstərilmişdir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. İş materialları ilə müəyyən olunur ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 8(059)-32/2023 nömrəli qərardadlarından Borclu tərəfindən verilmiş şikayətlər mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, şikayəti elektron kabinet vasitəsilə (elektron ərizə formasında) verməli, elektron imza ilə imzalamalı olduğu halda, kağız daşıyıcada məhkəməyə təqdim etmişdir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 363.4-cü maddəsinə görə bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Birinci instansiya məhkəməsi qeyd edilən məsələlərə münasibət bildirməmiş, şikayəti işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bundan başqa, Borclu mövcud şikayətlə qətnamənin icrasına möhlət verilməsini xahiş edir ki, bu tələblə də hazırkı icraatda məcburi gətirilmə barədə qərardaddan verilmiş şikayətlə deyil, MPM-in 231-ci maddəsində nəzərdə tutulmuş qaydada işə baxmış məhkəməyə müstəqil ərizə ilə müraciət edilməlidir. Belə ki, MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 8(059)-32/2023 nömrəli qərardadlarından Borclu tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar