Məhkəmə qərarları › İş №8(105)-7/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-7/2025

24.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-7/2025 24.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1558/2024 saylı, 01 may 2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş təqdimata dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-871/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: MÜƏYYƏNETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1558/2024 saylı, 01 may 2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılmasının mümkünlüyü məsələsinə baxılaraq müvafiq qərar verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1558/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 15000 manat və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə idarəyə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Tələbkar Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək Borclu barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Bu səbəbdən də icra sənədi üzrə icraatın təmin edilməsi üçün borclu barəsində məcburi icra tədbirləri görülmüşdür. Borclu icra məmurundan etiraz vermiş, lakin verilmiş etiraz xx.xx.2024-cü il tarixli qərarla təmin edilməmiş, sonuncu qərardan məhkəmə qaydasında borclu tərəfindən şikayət verilmişdir. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 18.1.4 və 19.1.4-cü maddələrinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasının mümkünlüyü məsələsinə baxılaraq müvafiq qərar verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-871/2024 saylı qərardadı ilə (hakim Vəfa Şirəliyeva) təqdimat təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, icra məmuru icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət etsə də, məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi X1 məhkəmə iclasında izahatında icra məmurunun hərəkətləri ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdiklərini, lakin həmin məsələyə inzibati məhkəmədə baxılmalı olmaması əsası ilə iddialarının mümkün sayılmadığını və bundan sonra icra məmurunun hərəkətlərindən şikayətlə məhkəməyə müraciət etmədiklərini bildirmişdir. Beləlikə məhkəmə hesab edir ki, icra sənədi üzrə icraatın dayandırılmasının mümkünlüyünə əsas ola biləcək hal aradan qalxmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-871/2024 saylı qərardadından narazı qalan Borclu qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-871/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunaraq, Sumqayət şəhəri üzrə İcra idarəsinin "icraatın dayandırılmasına dair" xx.xx.2024-cü il tarixli təqdimatının təmin olunmasını, əks halda işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi xx.xx.2024-cü il tarixli təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə icraatın dayandırılmasının mümkünlüyü məsələsinə baxılaraq müvafiq qərar verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi son dərəcə qanunsuz, əsassız və başdansovdu qərardad çıxararaq, təqdmatı təmin etməmişdir. Qərardadda borclunun nümayəndəsinin söylədikləri təhrif edilmişdir. Belə ki, borclunun nümayəndəsi “həmin icra məmuruna qarşı borclu tərəfindən etiraz edilmişdir. Lakin etiraz təmin edilməmişdir. Bununla əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edilmişdir.” söyləmiş və bu cümlələr qərardadda qeyd olunmuşdur. Lakin həmin gün 2 saat sonra eyni nümayəndənin iştirak edəcəyi məhkəmə iclasının nəticəsi, borclunun nümayəndəsinin adından Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə həmin şikayət ərizəsi mümkün hesab edilməmiş və izah edilmişdir ki, bununla əlaqədar Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilməlidir. Bu cümələlər qeyd edilmişdir ki, borclu heç vaxt bu məzmunda bir fikir söyləməmişdir. Borclunun nümayəndəsi bu nəticəni yalnız 8(060)-871/2024 saylı iş üzrə məhkəmə iclasından 2 saat sonra iştirak etdiyi Sumqayıt İnzibati Məhkəməsində keçirilən iclasının sonunda bilmişdir. Göründüyü kimi 8(060)-871-/2024 saylı işə baxan hakim, həmin iş üzrə qərardad çıxararkən 2 saat sonra baxılacaq e-2-1(118)7248/2024 saylı işin nəticəsini əvvəlcədən bilmiş və bunu qəraradadında aydınca yazmışdır (borclunun nümayəndəsinin adından). Əvvəla, Sumqayıt İcra İdarəsi icraatın dayandırılmasına dair təqdimat verərkən, icra məmurundan verilmş etirazın təmin edilməməsinə dair qərardan məhkəməyə şikayət verildiyini dəqiqləşdirdikdən sonra məhkəməyə təqdimat göndərmişdir (qanunun tələbinə uyğun olaraq). Başqa sözlə icra məmurundan verilmiş etirazın təmin edilməməsinə dair İdarənin qərarından xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət verildikdən və e-2-1(118)- 7248/2024 saylı iş hakim Mehriban Mahmudlu-Abbaszadənin icraatına qəbul edildikdən sonra xx.xx.2024-cü il tarixdə İcra İdarəsi tərəfindən icraatın dayandırılmasına dair təqdimat məhkəməyə göndərilmişdir. Qərardadda "Beləlikə məhkəmə hesab edir ki, icra sənədi üzrə icraatın dayandırılmasının mümkünlüyünə əsas ola biləcək hal aradan qalxmışdır." kimi yekun qənaətə gəlib təqdimatı təmin etməyən məhkəmə tamamilə yalnış qənaətə gəlmişdir. İcra sənədi üzrə icraatın dayandırılmasının mümkünlüyünə əsas olan hal, işə baxılarkən aradan qalxmamışdır. Yalnız 2 saat sonra e-2-1(118)-7248/2024 saylı iş üzrə hakim Mehriban Mahmudlu-Abbaszadə qərardad çıxararaq həmin şikayətə aidiyyəti üzrə şəhər məhkəməsinin baxmalı olduğunu qeyd etmiş və dərhal da borclu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilmişdir. (8(060)-899/2024, hakim Şəbnəm Həxiyeva). Odur ki, icra sənədi üzrə icraatın dayandırılmasının mümkünlüyünə əsas olan hal heç bir zaman aradan qalxmış olmadığı üçün, 8(060)-871/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad ləğv olunmalı, icraatın dayandırılmasına dair xx.xx.2024-cü il tarixli təqdimat təmin olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-871/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 871/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, icra sənədi üzrə icraatın dayandırılmalı olduğu və dayandırılmasının mümkün olduğu hallar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17 və 18-ci maddələrində öz əksini tapmışdır. Həmin Qanunun 17.1-ci maddəsində icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması ilə bağlı hallar göstərilmişdir. Həmin Qanunun 18-ci maddəsində isə aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırılması ilə bağlı mümkün hallar göstərilmişdir. 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; Həmin qanunun 21.2.-ci maddəsinə əssən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində göstərilən hallardan fərqli olaraq 18-ci maddəsində göstərilən hallarda icraatın dayandırılmasının imperativliyi müəyyən etməmişdir. Yəni, qeyd edilən hallarda icraatın dayandırılması icra sənədinin xüsusiyyəti, icra tədbirlərinin davam etdirilməsi ilə əlaqədar müəyyən müddət icra hərəkətlərində fasilələrin yaranması və sair kimi hallarla əlaqədar olmaqla, qeyd edilən hallarda icra vəziyyətinin məhkəmə tərəfindən qiymətləndirilməklə müvafiq qərarın qəbul edilməsini şərtləndirir. Hazırkı iş üzrə isə təqdimatın verilməsinə əsas kimi borclunun icra məmuruna etiraz etməsi, lakin etirazın xx.xx.2024-cü il tarixli qərarla təmin edilməməsi və borclunun həmin qərardan məhkəmə qaydasında şikayət verilməsi olmuşdur. İcra işi isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1558/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 15000 manat pulun tutulması ilə bağlı olmuşdur ki, həmin məbləğin də bir hissəsi borclu tərəfindən ödənilmişdir. Borclunun icra məmuruna etiraz etməsi ilə bağlı müvafiq qərardan şikayət verilməsi ilə əlaqədar icra sənədi üzrə icraatın dayandırılmasının hansı zərurətdən irəli gəlməsi, qeyd edilən şikayətə baxıldığı müddətdə icra sənədi üzrə icraat dayandırılmadığı təqdirdə bunun hansı nəticələrə sabəb olması isə təqdimatda, o cümlədən borclunun verdiyi şikayətdə də əsaslandırılmamışdır. Buna görə də verilmiş təqdimat əsassız olmuşdur. Bundan başqa iş üzrə tələbkar məhkəməyə müraciət edərək, qeyd olunan icra işi üzrə icra məmuru Rüfət Məmmədovun dəyişdirildiyini bildirmişdir ki, borclu da onun bu dəlilini inkar edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-138/2025 nömrəli qrəarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1558/2024 saylı, 01 may 2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim etmişdir ki, bununla da icra sənədi üzrə icraatın dayandırılmasının mümkünlüyünə əsas ola biləcək hal ümumiyyətlə aradan qalxmış hesab olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 871/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-871/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar