Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-70/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-95/2024 nömrəli qətnaməsinin izah edilməsi barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-207/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-95/2024 nömrəli qətnaməsinin izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə dair verilmiş xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar xx.xx.2013-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü və ya bazar günü (həftədə 1 gün) eləcə də uşağın ad günü və ya bayram günləri, bayram günləri iki və daha artıq olduqda, bayram günlərinin birinci günü saat 11:00-dan 16:00-dək ünsiyyət hüququ təmin edilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, icra məmurunun müvafiq qərarı ilə icraata qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı tərəflər uşaqla birlikdə xx.xx.2024-cü il tarixinə icra şöbəsinə dəvət olunmuşlar. Təyin olunmuş vaxtda Tələbkar və Borclu xx.xx.2013-cü il təvəllüdlü uşaqla birlikdə icra şöbəsinə gəlmişlər. Tələbkara uşaqla sərbəst görüşərək söhbət etmək üçün şərait yaradılmış, ata uşağının onunla getməsini tələb etsə də, həmçinin tərəflərindən edilən bütün cəhdlərə baxmayaraq qısa dialoqlar istisna olmaqla uşaq israrlı şəkildə buna etiraz edərək atası ilə getməkdən imtina etmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Borclu şəxs uşağın sağlamlıq imkanlarının məhdud olmaqla (orta əqli geriləmə) diaqnozundan əziyyət çəkdiyini, xüsusi qayğıya ehtiyac olduğundan ananın iştirakı olmadan görüşün təşkil edilməsinə etiraz etdiyini və ananın iştirakı olmadan atanın uşaqla görüşməsi ilə bağlı hər hansı məhkəmə qərarının olmadığını bildirmiş və bu barədə xx.xx.2024-cü il tarixli ərizə ilə icra şöbəsinə müraciət etmişdir. Tələbkar xx.xx.2024-cü il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü uşaqla icra sənədində göstərilən müddətdə sərbəst şəkildə ananın iştirakı olmadan görüşə bilər. Buna görə də məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Belə olan halda icra sənədinin icrasında çətinliklər yaranmışdır. Qeyd olunanlara əsasən və yaranmış fikir ayrılığına aydınlıq gətirilməsi məqəsdilə Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsi zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-207/2024 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin izah edilməsi barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət verib Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-207/2024 nömrəli saylı qərardadının ləğv edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsi, atanın birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X1 ilə ünsiyyət hüququnun onun iştirakı ilə həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edən Tələbkar ərizəni qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş əlavə olaraq izahatında göstərmişdir ki, alimentlə bağlı heç bir problem yoxdur, xx.xx.2013-cü il təvəllüdlü X1 ilə görüş zamanı anası və nənəsi problem yaradır, uşağın yanında anası onu təhqir edir. Qətnamədə ananın iştirakının olub-olmaması məsələsinin olmadığını qeyd etmişdir. Tələbkarın məhkəmə iclasında uşaqla görüş zamanı onun və uşağın nənəsinin problem yaratması, uşağın yanında tələbkarı təhqir etməyi şər və böhtandan ibarətdir. Belə ki, məhkəmə iclasında iştirak edən zaman izahatında bildirmişdir ki, uşağın sağlamlıq imkan məhdud olmaqla (orta əqli geriləmə) diaqnozundan əziyyət çəkir. Xüsusi qayğıya ehtiyacı olduğundan ananın iştirakı olmadan görüşün təşkil edilməsinə icazə verə bilmir. Uşağın atası ilə görüşünə heç bir zaman mane olmamağa çalışmış. Uşaq sağlamlıq imkanı məhdud uşaqdır, hər an qayğıya ehtiyacı var. Qətnamənin icrası ilə əlaqədar icra şöbəsinə dəvət olunmuş, ataya uşaqla sərbəst görüşərək söhbət etmək üçün şərait yaradılmış, ata uşağının onunla getməsini tələb etsə də, həmçinin tərəflərindən edilən bütün cəhdlərə baxmayaraq qısa dialoqlar istisna olmaqla uşaq israrlı şəkildə buna etiraz edərək atası ilə getməkdən imtina etmişdir. Bununla bağlı icra məmuru tərəfindən akt tərtib edilmişdir. Lakin məhkəmə qeyd hallarla bağlı heç bir obyektiv araşdırma aparmamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş qərardadı qanunsuz və əsassız hesab edir. Qərardadın ləğv edilməsı, ərizənin təmin edilməsi və qətnaməyə izah verilməsi üçün əsaslar var. Yuxarıda da qeyd etdiyi kimi uşaq sağlamlıq imkanı məhdud uşaqdı və bu şikayətə əlavə etdiyi sənədlərlə də tam sübut olunur. Natiq atası ilə getmək və onunla ünsiyyət qurmaq və onunla getməkdən imtina edir. O, da Natiqin onun iştirakı olmadan atası ilə görüşməsinə etiraz edir, çünki Natiq xüsusi qayğıya ehtiyacı olan bir uşaqdır. Natiq sağlamlıq imkanı məhdud olsa da hər şeyi yaxşı dərk edir. Ata uşağın yanında onu heç bir əsas olmadan təhqir edir, Natiqdə bunu qəbul etmir. Atası ilə getmək və onunla ünsiyyət qurmaq istəmir. Natiqi nəyəsə məcbur etmək qeyri-mümkündür, çünki o, hər şeyi dərk edir və anlaya bilir. Ona görə də, Natiqin atası ilə tək görüşməsini istəmir. Lakin məhkəmə qərardad qəbul edərkən uşağın xüsusi qayğıya ehtiyacı olan uşaq olmasını bildiyi halda, ananın iştirakı olmadan ata ilə tək görüşməsi barədə belə bir əsassız və qanunsuz qərardad qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-207/2024 nömrəli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməyə izah verilməsindən imtina barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 230-cu maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qanunun mənasından göründüyü kimi, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyri-müəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyət, qeyrimüəyyənlik və anlaşmazlıq yaratdıqda qətnamənin izah olunmasına yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən tələbkarın azyaşlı uşağı ilə ünsiyyət hüququ təmin edilməlidir. Borclu isə icra sənədinin icrasının tələbkarın azyaşlı uşağı ilə yalnız onun da iştirakının təmin edilməklə həyata keçirilməsini tələb edir. Lakin göstərilən məsələ həmin mülki iş üzrə məhkəmə mübahisəsinin predmetini təşkil etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədə gəlinən nəticə əsaslandırıcı hissədə aydın və anlaşılan formada göstərilmiş, əsaslandırıcı hissə ilə nəticə hissə arasında hər hansı bir uyğunsuzluq olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-95/2024 nömrəli qətnaməsinə izah verilməsi barədə ərizəsinin təmin olunmaması haqqında Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(012)- 207/2024 nömrəli qərardadı əsaslı olduğundan şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-207/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-70/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-70/2024
27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver