Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-70/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-655/2021 nömrəli qərardadının ləğv edilməsi barədə Borclu ərizəsinin təmin edilməməsinə dair həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli 8(012)-655/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-2129/2014 saylı icra vərəqəsinə əsasən, cavabdehlər (borclular) Borclu, X5, X8 və X2 müştərək qaydada 6769,96 manat məbləğində pul və 30 manat dövlət rüsumu əvəzinin alınıb iddiaçı (tələbkar) "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014 cü il tarixli, 2(001)-2129/2014 saylı icra sənədi üzrə borclu – xx.xx.1970-ci il təvəllüdlü, Ağcabədi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-655/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-2129/2014 saylı icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1970-ci il təvəllüdlü, Ağcabədi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi qərara alınmışdır. Hazırda Borclu ərizə ilə məhkəməyə müraciət edib, borclu olaraq onun ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)- 655/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-2129/2014 saylı icra sənədinin icrasını təmin etmək üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-655/2021 saylı qəraradadı ilə onun ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır. Hesab edir ki, həmin qərardad əsassızdır. Çünki borclu olaraq onun ölkədən getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi məhdudlaşdırılması onun azadlığının məhdudlaşdırılması deməkdir. Məsələyə dair Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu, konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. İcazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə qanuni məqsədlərə nail olmaq üçün zəruri olmalı və digər hüquqlara uyğun gəlməlidir. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır... Bundan başqa, bildirir ki, hazırda onun adına şirkət vardır. Onun yüksək gəlirləri və adına əmlak vardır. Həmçinin icra sənədi üzrə borcdan hissə-hissə ödəyir. Bu səbəbdən də hesab edir ki, əsassız yerə azadlığını məhdudlaşdıran qərarın qüvvədə qalması ona qarşı haqısızlıqdır. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi ərizəni araşdırıb hesab etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(012)-655/2021 saylı qərardadının ləğv edilməsi barədə Borclu ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Lakin Borclu onun ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)- 655/2021 saylı qərardadının ləğv edilməsini xahiş etsə də, MPM-in 231.4-cü maddəsində nəzərdə tutulmuş qaydada Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)- 655/2021 saylı qərardadının ləğvi barədə şikayət vermək əvəzinə, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Ərizə (şikayət) forma və məzmun tələblərinə riayət edilmədən verildikdə geri qaytarılır (MPM-in 150.1.1-ci maddəsi). Bundan əlavə, MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-655/2021 saylı qərardadı 31 avqust 2021-ci il tarixli müşayiət məktubu ilə tərəflərə, o cümlədən Borclu ünvanına göndərilmiş, lakin borcluya ünvanlanmış qərardad “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Daha sonra Borclu xx.xx.2022-ci il tarixdən şəxsi kabineti mövcud olduğundan sözügedən qərardaddan şikayət vermə müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlamış, ancaq Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-655/2021 saylı qərardadının ləğv edilməsi barədə ərizəsi xx.xx.2025-ci il tarixdə həmin Məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, Borclu şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-655/2021 saylı qərardadının ləğv edilməsi barədə Borclu ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-655/2025 nömrəli qərardadı ilə Borclu həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(012)-655/2021 saylı qərardadının ləğv edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır (hakim Elman Məmmədov). Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-655/2025 nömrəli qərardadından xx.xx.2025-ci il tarixdə şikayət verərək, həmin qərardadın ləğv edilməsini, adı çəkilən Məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(012)-655/2021 saylı qərardadının ləğv edilməsi barədə ərizəsinin təmin edilərək onun ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması tədbirinin ləğv olunmasını xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-655/2025 saylı qərardadı ilə həmin Məhkəmənin xx.xx.2021ci il tarixli, 8(012)-655/2021 saylı qərardadının ləğv edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Hesab edir ki, qərardad bir sıra hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və ərizəsi təmin olunmalıdır. Belə ki, qərardada görə o, yalnız Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)- 655/2021 saylı qərardadından şikayət verməklə hüququnun məhdudlaşdırılmasını aradan qaldıra bilər. Lakin ərizədə qeyd etdiyi hallar həmin qərardaddan xeyli sonra yaranmışdır. Bildirir ki, hazırda onun adına şirkət vardır. Şirkətin yüksək gəlirləri və adına əmlak vardır. Həmçinin icra sənədi üzrə borcdan hissə-hissə ödəyir. Bu səbəbdən də hesab edir ki, əsassız yerə azadlığını məhdudlaşdıran qərarın qüvvədə qalması haqsızlıqdır. Göstərilənlərə əsasən onun ərizəsinin təmin edilməsi zəruridir. Lakin məhkəmə ərizəni hərtərəfli araşdırmamış, lazımi sorğuları verməmiş, qarşı tərəfin qərəzli mövqeyinə istinad etmiş və beləliklə də düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən o, şikayətinin təmin edilməsini xahiş edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-655/2025 nömrəli qərardadı ilə Borclu şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Elman Məmmədov). Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, Borclu şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-655/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icra vərəqəsi üzrə Borclu şikayətinin məzmunundan aydın olur ki, hazırda o, Abşeron Rayon Məhkəməsinin onun ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2021-ci il tarixli, 8(012)-655/2021 nömrəli qərardadını mübahisələndirmək, bundan ötrü qərardaddan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatət qaldırmaq niyyətində deyil. O, sonrakı dəyişikliklərin (hazırda ödəniş qabiliyyətli olmasının və borcu hissə-hissə ödəməyə başlamasının, bununla xx.xx.2021-ci il tarixli, 8(012)-655/2021 nömrəli qərardad qəbul edilən şəraitin dəyişilməsinin) nəzərə alınıb onun üzərindən ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsini (bu barədə qərardad qəbul edilməsini) istəyir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsi ilə tənzimlənir. İstinad edilən normaya əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Beləliklə, “İcra haqqında” Qanunun 84-1.2-ci maddəsinə uyğun olaraq, Borclu üzərindən ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi üçün müvafiq ərizə ilə onun barəsində icra sənədinin icrasını həyata keçirən icra məmuruna müraciət etməlidir və əgər icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasları aradan qalxmış hesab edərsə, onda həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edə bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Borclu ərizəsi üzrə Abşeron Rayon Məhkəməsi düzgün qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bu nəticəyə gəlməsini əsaslandırdığı dəlillərlə razılaşır. Kollegiyanın qənaətincə, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-655/2025 nömrəli qərardadı qanuni və əsaslıdır. İcra vərəqəsi üzrə Borclu şikayətinin dəlilləri həmin qərardadın ləğv edilməsinə əsas vermir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin hazırkı qəbildən olan qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İcra vərəqəsi üzrə Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, 8(012)-655/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-70/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-70/2025
29.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver