Məhkəmə qərarları › İş №8(105)-71/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-71/2023

24.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-71/2023 24.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Tural İsayevin Borclu məcburi gətirilməsi barədə təqdimatının təmin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-377/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Tural İsayev məhkəməyə təqdimatla müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-380/2021 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 380/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən “X1 Şirkəti” MMC-dən 170.000 manat və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Müvafiq icra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. “X1 Şirkəti” MMC-nin rəhbəri Borclu xəbərdarlıq olunaraq idarəyə dəvət olunmasına baxmayaraq, çağırışlara gəlməmişdir. İstifadəsində olan ***-***-**-** mobil nömrəsinə dəfələrlə zəng olunmasına baxmayaraq, çağrışlara gəlməkdən yayınmışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə xəbərdarlıq olunmuşdur. Lakin o, dəfələrlə idarəyə dəvət olunmasına baxmayaraq, çağırışlara gəlməmişdir. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-377/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Tural İsayevin Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-380/2021 saylı icra sənədi üzrə xx.xx.1970-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə gətirilməsi, qərardadın icrasının Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Borclu şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)- 377/2023 nömrəli qərardadının ləğv edilməsi və icra məmurunun təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, “X1 Şirkəti” MMC-dən vətəndaşın xeyrinə pul tutulması barədə icra vərəqəsi icra orqanının icraatındadır. Həmin icra işi üzrə icra məmurunun təqdimatı və qərarlarına əsasən MMC-yə məxsus bank hesabına və əmlakları üzərinə həbs qoyulmuşdur. İcra işi üzrə icraat dəfələrlə dayandırılıb, təzələnib, yenidən qismən dayandırılıb. Bütün bunlardan sonra icra məmuru onun icra şöbəsinə məcburi gətirilməyi barədə məhkəməyə təqdimat verib. Nümayəndəsi vasitəsilə bu təqdimatın əsassız olduğunu, icranın davam etməsini və təqdimatda onun nəyə görə icra şöbəsinə dəvət edilməyi və nəyə görə məcburi gətirilməyinin zərurəti əsaslandırılmadığına görə təqdimatin təmin edilməməsi məhkəmədən xahiş edilib. Amma məhkəmə qanunsuz olaraq təqdimatı təmin edib və onun məcburi gətirilməyi barədə qərardad qəbul edib. Məhkəmə işin hallarını düzgün araşdırmadığına görə bu nəticəyə gəlmişdir və öz qərardadında məcburi gətirilməyini əsaslandıra bilməmişdir. Ona görə də hesab edir ki, bu qərardad qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və təqdimatın rədd edilməsi barədə yeni qərardad qəbul edilməlidir. İcra məmuru öz vəzifəsindən sui-istifadə etməklə hər hansı bir zərurət olmadan MMC-nin rəhbərini şöbəyə dəvət etməkdə haqlı olmamışdır. Çünki MMC-nin rəhbərinin icra ilə əlaqədar icra şöbəsinə gəlməsi qanunda da nəzərdə tutulmamışdır. Çünki hüquqi şəxsin rəhbərinin icraya gəlməsinin hər hansı bir zərurəti yoxdur. Bunun üçün məcburi icra tədbirləri var və ya həmin hüquqi şəxsin nümayəndələri var və icra hərəkətləri ilə onlar maraqlanır, arayışlar, vəsatətlər, izahatlar verirlər. Bu icra işində də MMC-nin nümayəndəsi və vəkili rəsmi etibarnamə təqdim edib, bütün yazışmaları, vəsatət, ərizə və şikayətləri də icra məmuruna və məhkəməyə o təqdim edir. Bundan əlavə, icra məmuru məcburi icra tədbirləri kimi bank hesabına və əmlaklara həbs qoydurub. İcra işi obyektiv, hərtərəfli olaraq tədqiq edilməli və görülməlidir ki, bu icra işi üzrə bütün aktiv icra hərəkətləri davam edir, MMC rəhbəri bu icranın gedişinə hər hansı bir maneçilik göstərmir və belə olan təqdirdə rəhbərin məcburi gətirilməsinə, eləcə də, ümumiyyətlə icra orqanına dəvət edilməsinə hər hansı bir lüzum və zərurət yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)- 377/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanununun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-380/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icraata qəbul edilməsindən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, qanuni təmsilçisi Borclu olan borclu “X1 Şirkəti” MMC tələbi könüllü olaraq tam icra etməmiş, həmçinin icra idarəsinə gəlməsi üçün ona bildiriş və xəbərdarlıq göndərilsə də, çağırış üzrə gəlməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin tez müddətdə icra edilməməsi və ya uzun müddət icra edilməməsi məhkəmə qətnaməsini xəyali bir kağız parçasına çevirmiş olur ki, bu da yolverilməzdir. Borclu şikayətinin dəlillərində hüquqi şəxsin rəhbəri olduğunu, rəhbərin isə icra üzrə çağırışlara gəlməsi üçün hər hansı bir zərurət olmadığını, bunun üçün etibarnamə verilmiş hüquqi şəxsin nümayəndəsinin olmasını bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə hüquqi şəxsin rəhbərinin məhkəmə və ya məhkəmə aktlarının icrası proseslərində cəlb edilməsini məhdudlaşdıran və ya istisna edən hər hansı norma mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla icra sənədinin icrasından yayınmaq üçün formal xarakter daşıyır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun məcburi gətirilməsi barədə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin təqdimatının təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-377/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar