Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-71/2025 25.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, X3 Cəbrayıl oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-10/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qərardadından X3 Cəbrayıl oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2025-ci il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) X3 Cəbrayıl oğlunun icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair verdiyi şikayət təmin edilməməsi qərara alınmışdır. X3 Cəbrayıl oğlu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-10/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qərardadından X3 Cəbrayıl oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X3 Cəbrayıl oğlu şikayətlə müraciət edərək, Maraqlı şəxs icra məmuru Kənan Məhərrəmov tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 98 №-li qərarına əsasən ilin yekunlarına görə birdəfəlik pul mükafatı və məzuniyyət pulundan alimentin tutulması barədə qərarın ləğv edilməsi və bugünə kimi ilin yekunlarına görə birdəfəlik pul mükafatı və məzuniyyət pulundan tutulmuş aliment miqdarının geri qaytarılmasından imtina olunması barədə hərəkətsizliyin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X3 Cəbrayıl oğlu Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda həmin qərardadla razı olmadığına görə həmin qərardaddan şikayət vermək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırır ki, X3 Cəbrayıl oğlu şikayətin əsası kimi birdəfəlik pul mükafatı və məzuniyyət müavinətindən aliment tutulduğunu iddia etsə də həmin faktı iddia edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, xx.xx.2025-ci il tarixində Sumqayıt şəhər Məhkəməsi tərəfindən X3 Cəbrayıl oğlunun birdəfəlik pul mükafatı və məzuniyyət müavinətindən aliment tutulub-tutulmaması ilə bağlı sorğu ünvanlamasına baxmayaraq Müdafiə Nazirliyi məhkəməyə açıq-aydın hörmətsizlik göstərərək məhkəmə sorğusuna cavab verməmişdir. Birinci istansiya məhkəməsi işi tam və obyektiv araşdırmayaraq əsassız olaraq şikayətini təmin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən X3 Cəbrayıl oğlunun nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Tələbkar və Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsini borclu şikayətin əsası kimi birdəfəlik pul mükafatı və məzuniyyət müavinətindən alimentin tutulduğunu iddia etsə də, həmin faktı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır. X4 həmin nəticədən narazı qalaraq qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası qərardaddan şikayətin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər öz yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi Qərarın 1-ci hissəsi ilə uşaqlar üçün valideynlərinin aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müəyyən olunmuşdur ki, buraya əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə ödənilə bilən əmək haqqı, o cümlədən pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşları, əmək haqqına olan bütün növ əlavələr, qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqı, pul və ya natura ilə verilən mükafatlar, xidmət illərinə görə verilən birdəfəlik mükafatlar, il üzrə işin yekunlarına görə verilən mükafatlar və s. aid edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77 və 102-ci maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 1.1-ci bəndi və 5-ci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2025-ci il tarixli qərardadında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarının 5-ci hissəsində alimentin tutulmadığı konkret gəlir növlərinin də siyahısı təsbit olunmaqla yubiley və bayram günləri, anadan olan günlərlə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla), maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən, yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından, elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan və sair bir sıra ödənişlərdən alimentin tutulması istisna edilmişdir. Bundan başqa, Nazirlər Kabinetinin Qərarının 3 və 6-cı hissələrində hərbi qulluqçular, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərlə bağlı xüsusi qayda müəyyən edilərək, həmin şəxslərin uşaqları üçün alimentin tutulduğu və tutulmadığı gəlir növləri göstərilmişdir. Qeyd edilən normalardan görünür ki, qanunverici uşaqlar üçün valideynlərinin aliment tutulan və tutulmayan gəlir növlərinin siyahısını müəyyən edərkən bu və ya digər ödənişin iqtisadi-hüquqi təyinatından, məqsədindən çıxış etmişdir. Belə ki, Qərarın 1.1-ci bəndi ilə şəxsin əmək münasibətlərindən irəli gələn, əsasən müntəzəm (daimi) xarakter daşıyan əmək haqqı komponentlərinin alimentə cəlb edildiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, əmək haqqı işçinin gördüyü işə görə ödənilən məbləğ olmaqla onun özünün və ailəsinin əsas maddi təminat vasitəsi kimi çıxış edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsi əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı ilə yanaşı, əlavələr və mükafatların da daxil olduğunu təsdiqləyir. Əmək Məcəlləsinin 157-ci maddəsinin altıncı hissəsinə əsasən, mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Göstərilənlər baxımından ilin yekunlarına görə mükafat əmək haqqı sistemində (daxili qaydalarla) nəzərdə tutularaq, əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə ödənilməklə Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin əhatə dairəsinə düşür. Həmçinin məzuniyyət hüququ işçinin əsas hüquqlarından biri olmaqla məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır (Əmək Məcəlləsinin 111-ci maddəsi). Əmək Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Eləcə də işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir (Əmək Məcəlləsinin 135-ci maddəsi). Odur ki, məzuniyyət haqqı işçinin əmək haqqı sisteminə aid olmaqla Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndi ilə aliment tutulmasının yönəldildiyi ödənişlərdəndir. Nazirlər Kabinetinin Qərarının 5-ci hissəsi ilə aliment tutulmasının istisna edildiyi ödənişlərin isə mahiyyət etibarı ilə əsasən qeyri-müntəzəm olmaqla şəxsi xarakterli, özəl, əlamətdar günlərdə (ad günü, yubiley və s.) və ya şəxsin hər hansı xüsusi xidmətinə (elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə, habelə ixtiralara və səmərələşdirici təkliflərə) görə həvəsləndirici məqsədlərlə verilən, eləcə də konkret, kompensasiya təyinatlı (maddi yardım şəklində verilən ödənclər, işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası, sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri) ödənişlər olduğu görünür. Beləliklə, qanunvericinin yanaşmasına görə alimentin tutulmalı olduğu ödəniş əsasən daimi (müntəzəm) xarakterli, proqnozlaşdırıla bilən olmaqla əmək haqqı sisteminə daxil olmalı və işçinin sabit və əsas gəlir mənbəyini təşkil etməlidir. Həvəsləndirici və ya kompensasiya xarakterli ödənişlər isə müəyyən bir hadisənin baş verməsi ilə əlaqədar həyata keçirilən, konkret təyinatlı, epizodik xarakter daşımaqla işçinin daimi (müntəzəm) gəlirlərindən olmayan ödənişlərdir və qanunverici bu tipli gəlirləri aliment tutulmalarından azad etmişdir. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 Cəbrayıl oğlunun şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2025-ci il tarixli və onunla bağlı 04 aprel 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-71/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-71/2025
25.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver