Məhkəmə qərarları › İş №8(105)-72/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-72/2024

03.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-72/2024 03.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X18 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Maraqlı şəxs icra məmurunun icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair tələbkar X11 ərizəsinin təmin edilməsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-371/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ X2 məhkəməyə şikayət təqdim edərək, Sumqayıt şəhəri icra idarəsinin böyük icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu X5 06 mart 2024-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir Şikayətini onunla əsaslandırmışdır ki, o, X3 həyat yoldaşı X15 ilə xx.xx.2003-cü il tarixində nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2008 -ci il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə aralarında bağlanmış nikah pozulmuş və hər iki uşaq onun himayəsində saxlanılmışdır. Daha sonra aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X6 hər ay ümumilikdə 200 manat məbləğində alimentin tutulması qət edilib. Qətnamə dərhal qüvvəyə minmiş və icraya yönəlmişdir. X15 ilə aralarında olan anlaşmaya əsasən birgə nikah dövründə əldə edilmiş avtomobil bölünməcəyək və o, alimentdən imtina edəcəkdir. Bu razılığa əsasən ondan notarial qaydada ərizə istənildi və o, da onların sözünə inanmış, çünki ona da əmlakdan imtina barədə ərizə veriləcəkdi. Ancaq ilk olaraq o, ərizəni təqdim etmiş və bundan sonra qarşı tərəf mövqeyini dəyişmişdir. Aralarında olan razılaşmaya əsasən aralarında əvəzləşdirmə edəcəklər, ancaq o, aldadıldığından aliment məbləğinin güya ödənilməsi barədə verdiyi ərizəni ləğv etdirmişdir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru işin bütün hallarım aydınlaşdırmadan icraata xitam verilməsi haqqında qərar qəbul edib, icra qurumunun rəhbəri isə qanunsuz qərarı təsdiqləyib. Çünki hər hansı gəliri olmayan şəxsin 2 uşaq 18 yaşına çatana kimi alimentin tam məbləğini ödəməsi inandırıcı deyil. İcraçı aydınlaşdırılmalı idi ki, iki uşağın mənafeyinin müdafiəsi üçün çıxarılmış məhkəmə qətnaməsi həqiqətən icra edilib, yoxsa arxasında hər hansı digər məqsəd dayanır. Qərar qanunsuz olduğu üçün ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. İcra məmuru qərarı ona qanunla müəyyən olunmuş 3 gün müddətində göndərməməklə də qanunun tələbini pozmuş, bununla bir daha işin məhz indiki nəticəsində maraqlı olduğunu nümayiş etdirmişdir. Belə ki, 06 mart 2024-cü il tarixli qərar ona göndərilməyib və o, Sumqayıt Şəhər İcra İdarəsinə 17 may 2024-cü il tarixində gələrək müvafiq bildirişi imzalamaqla qərarı əldə etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-371/2024 nömrəli qərardadı ilə şikayət ərizəsinin təmin edilməsi, Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu X5 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6937/2023-007 saylı, 04 dekabr 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 06 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6937/2023-007 saylı, 04 dekabr 2023-cü il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır (hakim Gülnarə Tağızadə). Borclunun nümayəndəsi Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024cü il tarixli 8(060)-371/2024 saylı qərardadından narazı qalaraq şikayəti vermişdir, Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 8(060)-371/2024 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12 çoxdan 18 yaşını keçmiş, fəaliyyət qabiliyyəti olan, müstəqil qərar vermək qabiliyyətinə malik olan hətta etimaddan istifadə edərək maşının üzərinə qoyulmuş həbsi götürən ağlı özünü idarə edən fəaliyyət qabiliyyətli bir insandır. Əgər o, verilmiş qərarları özü qəsdən pozursa, öz qərarına hörmət bəsləmirsə, bir başqasının əsəblərinə toxunmaq üçün yüz cür fırıldaqlara əlatırsa bu onun günahı deyil. O qanunları bilmirsə, bu qanunları dərindən bilən məhkəmə icraçısı qərar qəbul etməmişdən əvvəl bu işi dərindən araşdırmalı idiı və 3 gün müddətinə də məhkəməyə verməli, hər iki tərəfi təlimatlandırmalı idi. Əgər qanunsuz qərarı icra qurumları təsdiqləyibsə o buna cavabdeh deyil. Bu icra qurumlarında nə birinci, nə də axırıncı işdir ki, 18 yaşına çatana kimi ödənişləri tam edən insanlar olmuşdur. İcraçı heç bir vaxt onun mənafeyini müdafiə etməmişdir, əksinə o dəfələrlə Ədliyyə Nazirliyinə şikayət etmiş, həmin şikayətlər birbaşa icra qurumuna göndərilmişdir. Belə çıxır ki, məhkəmə icraçısı müəyyən olunmuş müddəti ötürmüşdürsə, qanunun tələblərini pozmuşdursa, onda cavabdehliyi birbaşa məhkəmə icraçısının özü daşıyır və yaxud icraçı ilə Elxan Cəfərov əlbir olaraq onu külli miqdarda ziyana salmışlar. Elxan qeyd edir ki, guya maşın birgə nikah dövründə alınmışdır. Elxanın ona 10.000 manat borcu olduğu halda, görəsən birgə nikah dövründə necə maşın alırdı və alırdısa, niyə öz adına və ya həyat yoldaşının adına almırdı? O xəstə uşaqları həkimə aparmaq üçün mülkiyyətində olan maşını etibarnamə ilə sürmək üçün vermişdir. O borcundan və maşından imtina etmişdir, o da alimentdən imtina etmişdir. Elxan əsassız varlanmaq istəyir. Hətta 4 saylı notariusun qarşısında ərizə yazarkən iki nəfər şahid də notariusda iştirak etmişdir Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-371/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 8(060)-371/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan: “İcra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6937/2023-007 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir X7 notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, X1 Xəyalə Tofiq qızı tərəfindən xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X8 18 yaşına kimi təyin olunmuş aliment tam şəkildə ödəmişdir. X4 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qanunun 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göründüyü kimi, icra sənədi Borclu tərəfindən uşaqları xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X8 18 yaşına kimi saxlanılması üçün təyin olunmuş alimentin ödənilməsi ilə bağlıdır. Kollegiya ilk öncə tələbkar və borclunun uşaqlarının mənafelərini nəzərə alır. Kollegiya qeyd edir ki, aliment məhz onların saxlanması və tələbatlarının ödənilməsinə yönəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair ərizənin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-371/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar