Məhkəmə qərarları › İş №8(105)-72/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-72/2025

06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-72/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, X1 Hətəmşah oğlunun, Borclu, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Hətəmşah oğlunun Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından verdiyi şikayətə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 Hətəmşah oğlu Sumqayıt şəhəri üzrə İcra İdarəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4498/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 1010 manat borcun tutularaq, ona dənilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Həmin icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İcra X4 icraatında olmuşdur. O, oğlu 2017-ci ildən 2023-cü ilin sonlarına qədər həbsdə olduğuna görə həmin icra sənədi ilə maraqlana bilməmişdir. Bu yaxınlarda həmin icra sənədinin icrası ilə bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərkən ona bildirilmişdir ki, həmin icra sənədinin icrasına icra məmuru Emil Həsənov tərəfindən xitam verilmişdir. Bundan sonra tələbkar Sumqayıt şəhəri üzrə İcra idarəsinə rəsmi qaydada ərizə ilə müraciət edərək, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın rəsmi qaydada təqdim olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən həmin qərar tələbkara rəsmi qaydada təqdim olunmuşdur. Həmin qərara nəzər salarkən məlum olmuşdur ki, guya tələbkar xx.xx.2017-ci il tarixində Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək, hazırki icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Həmin ərizə tələbkar tərəfindən yazılmamış və imzalanmamışdır. Yazı və imza ona məxsus deyildir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) şikayətin təmin edilməsi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra X4 “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-4498/2014 nömrəli icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu nümayəndəsi və vəkili Vəkil məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-192/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(105)-118/2024 nömrəli qərardadı ilə Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024cü il tarixli, 8(060)-192/2024 nömrəli və bununla bağlı 30 avqust 2024-cü il tarixli, 8(060)- 192/2024 nömrəli qərardadlarının ləğv olunması, X1 Hətəmşah oğlunun Sumqayıt şəhəri üzrə İcra İdarəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarından verdiyi şikayətə yenidən baxılması üçün işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-2/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərardadına əsasən şikayətin təmin edilməsi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra X4 “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-4498/2014 nömrəli icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qeyd edilən icra sənədi icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri icra tədbirləri həyata keçirilmədən formal əsaslarla xitam olunduğundan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməlidir. Ekspert rəylərindən görünür ki, tədqiq olunan imzanı Şahverdiyev Saleh Hətəmşah oğlunun imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlər mövcuddur. Borclu tərəf borcun ödənilməsini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsindən icra işini tələb etmiş və icra işinə baxılması zamanı da borcun ödənilməsinə dair sübuta rast gəlinməmişdir. Borclu nümayəndəsi və vəkili Vəkil məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Şahverdiyev Saleh Hətəmşah oğlu tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədə qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4498/2014 nömrəli icra sənədinə əsasən Borclu ona 1010 manat pul verməlidir. Yuxarıda qeyd olunan icra sənədinin “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Həmin müraciət əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Emil Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2017ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4498/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan da göründüyü kimi X1 Hətəmşah oğlu xx.xx.2017-ci il tarixdə ərizə ilə müraciət edərək qeyd olunan icra sənədinə xitam verilməsini xahiş etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Şahverdiyev Saleh Hətəmşah oğlu iştirak etdiyi məhkəmə iclasında icra şöbəsində olduğunu və icra məmurunun adına müvafiq ərizə yazdığını və imza etdiyini bildirmişdir. Bunu məhkəmə iclasında aparılan sual-cavablarda və həmin sual-cavabların əks olunduğu sual-cavablarda və həmin sual-cavabların əks olunduğu protokolda, eyni zamanda məhkəmə iclasının qeydə alındığı videogörüntülərdə də öz əksini tapmışdır. Sonradan həmin tarixdə ölkə xaricində olduğunu bildirərək, həmin tarixdə həmin ərizəyə imza etmədiyini bildirərək dediklərini inkar etmişdir. Bununla əlaqədar Sumqayıt şəhər Məhkəməsi tərəfindən 05 fevral 2025-ci il tarixli, 8(060)-2/2025 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət olunaraq 15 avqust 1984cü il təvəllüdlü Şahverdiyev Saleh Hətəmşah oğlunun dövlət sərhədindən hərəkəti barədə məlumat verilməsi xahiş olunmuşdur. Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli, 3-38-33/2-777/25 nömrəli cavab məktubundan da göründüyü kimi 10 iyul 2017-ci il tarixdə ərizə yazılan vaxtı Şahverdiyev Saleh Hətəmşah oğlu ölkə ərazisində olmuş və 12 iyul 2017-ci il tarixindən sonra ölkə xaricinə getmişdir. Yəni ərizə verilən vaxtı nə həbsdə olmuş, nədə ki, ölkə xaricində olmuşdur. Digər tərfədən hazırki işin (şikayət ərizəsinin) obyektiv və hərtərəfli araşdırılması məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, tədqiq olunan imzanı Şahverdiyev Saleh Hətəmşah oğlunun imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlər mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 4/722 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, Şahverdiyev Saleh Hətəmşah oğlunun adından olan xx.xx.2017-ci il tarixli icra işinə xitam verilməsi barədə “Ərizə”nin aşağı hissəsində “Şahverdiyev.S” yazılarının qarşısında olan imzanın Şahverdiyev Saleh Hətəmşah oğlu tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Belə ki, tədqiq olunan imzanı Şahverdiyev Saleh Hətəmşah oğlunun imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması, nümunələrin öz aralarında fərqlənməsi və vəsatət cavab olaraq 1 ədəd sərbəst imza nümunəsi təqdim olunması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 8(105)118/2024 nömrəli qərardadındakı göstərişə uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli qərardadına əsasən iş üzrə yenidən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1889 nömrəli ekspert rəyinin tədiqatın nəticəsinə dair hissədə “ekspertizaya təqdim edilmiş, Şahverdiyev Saleh Hətəmşah oğlunun adından olan 10 aprel 20170-ci il tarixli icra işinə xitam verilməsi barədə “Ərizə”nin aşağı hissəində Şahverdiyev.S” yazılarının qarşısında olan imzanın Şahverdiyev Saleh Hətəmşah oğlu tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/722 nömrəli və 12 dekabr 2024cü il tarixli, 4/1889 nömrəli ekspert rəyinə əsasən qəti bir fikir söyləmək mümkün olmadığı halda, məhkəmənin yanaşması həmin imzanın Şahverdiyev Saleh Hətəmşah oğluna aid olmadığı istiqamətində olmuşdur. Şahverdiyev Saleh Hətəmşah oğlu tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə ərizə ilə müraciət edilərək icra sənədinə xitam verilməsini xahiş edilmiş və ərizə də sənədinə xitam verilməsini xahiş edilmiş və ərizə də Şahverdiyev Saleh Hətəmşah oğlu tərəfindən imzalanmışdır. Buna görə də ekspert rəyində eyniləşdirici əlamətlərin mövcudluğu qeyd olunmuşdur. Ekspert rəyində tədqiqatın nəticəsi o olmuşdur ki, yazıların qarşısında olan imzanın-Şahverdiyev Saleh Hətəmşah oğlu tərəfindən icra olunub-olunmamasını müəyyən etmək olmadı. Maraqlıdır ki, məhkəmə nəyə əsasən imzanın Şahverdiyev Saleh Hətəmşah oğlu tərəfindən icra olunmadığı qənaətinə gəlmişdir? Qanunvericiliyə uyğun olaraq ekspert rəyi işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Lakin nə ekspert rəyində, nə də ki işdə olan digər sübutlara əsasən imzanın Şahverdiyev Saleh Hətəmşah oğlu tərəfindən icra olunmadığını söyləmək mümkün olmur. Buna baxmayaraq Sumqayıt Şəhər Məhkəməsini 8(060)-2/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra X4 “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarı ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-4498/2014 nömrəli icra sənədinin icrası ilə bağlı icra hərəkətləri davam etdirilməsi qət edilmişdir. Göstərilənlərin əksinə iş materiallarında olan sübutlar Şahverdiyev Saleh Hətəmşah oğlunun bildirdiklərində haqlı olmadığını aşkara çıxartmış olur. X2 Hətəmşah oğlu həmin vaxtı icra şöbəsində olmadığını, ölkə xaricində və ya həbsdə olduğunu bildirməklə məhkəməyə yanlış informasiya verməklə məhkəməni yanıltmağa çalışmışdır. Lakin araşdırma zamanı onun 10 iyul 2017-ci il tarixdə ölkə ərazisində olduğu və 04 oktyabr 2017-ci il tarixdən həbsdə olduğu müəyyən edilmişdir. Qanunverciliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin sözügedən imzanın Şahverdiyev Saleh Hətəmşah oğlu tərəfindən icra olunmadığı və belə bir ərizəni yazmadığı sübut olunmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bir daha qeyd etmək istəyir ki, ekspert rəyində tədqiq olunan imza ilə Şahverdiyev Saleh Hətəmşah oğlunun imza nümunələrini müqayisə etdikdən həm də uyğunlaşdırıcı əlamətlər ortaya çıxmışdır. Sübut kimi qəbul edilən həmin ekspert rəyində tədqiq olunan imzanın Şahverdiyev Saleh Hətəmşah oğlu tərəfindən icra olunmadığını göstərən hər hansı bir yanaşması mövcud deyildir. Hazırki qərarı əsassız edən hallardan biri də şikayət vermə müddəti ilə bağlıdır. Belə ki, 19 iyul 2017-ci il tarixdə qərar qəbul edilməsinə baxmayaraq, icra məmurunun qərarından Şahverdiyev Saleh Hətəmşah oğlu 7 il sonra şikayət vermişdir. Əgər doğurdanda həmin borc ödənilməmişdisə hansı səbəbdən bu 7 il ərzində pul tələb olunmurdu və ya bu müddətdə həmin qərardan şikayət verilmirdi. Məhkəmə bu halı da araşdırmamış və hazırki işə düzgün hüquqi qiymət verməmişdir. Yəni iş materiallarından da göründüyü kimi Şahverdiyev Saleh Hətəmşah oğlu 04 avqust 2023cü il tarixdən həbsdən azad olunmuş, həmin qərardaddan isə yalnız 2024-cü ilin mart ayının 4-də şikayət vermişdir. Bununla da qanunvercilikdə nəzərdə tutulmuş şikayətvermə müddətini də keçirtmişdir Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-2/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Borclu nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək bildirdi ki, məhkəmə gəldiyi nəticəni borclunun borcu ödəməsi barədə sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Tələbkar məhkəmə iclaslarında verdiyi ərizədə, şikayətlərdə bildirirdi ki, qərar qəbul edilən zaman ölkə ərazisində olmayıb. Verilmiş sorğularla təsdiqini tapdı ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilən zaman ölkə ərazisində olub. Tələbkarın qeyd edlən qərardaddan məlumatı olub. Bir müddət keçdikdən sonra həbsə düşüb. 2017-ci ilin icra işi olub, borc təmsil etdiyi şəxs tərəfindən ödənilib. İcra məmurunun hansı marağı ola bilər ki, borclu olmadan ərizəni qəbul edib icraata xitam verilsin. Tələbkar həmin ərizənin özü tərəfindən imzalanmamasını mübahisələndirir, şikayətin verilmə müddətinə gəldikdə belə bir hal var idisə tələbkar vaxtında şikayət verməli idi. Məhkəmə kollegiyasının iclasında Borclu bildirdi ki, pulu icra məmuru Emin Həsənova ödəmiş, pulu ödəyən vaxt tələbkar özü icra şöbəsində olmamışdır. Özünün pulu olmadığı üçün anasının qızılını satıb pulu ödəmişdir. Tələbkarın icra şöbəsində ərizə yazmasını görməmişdir. Pulun ödənilməsi ilə bağlı isə icra məmurundan hər hansı bir ödəniş sənədi almamışdır. Məhkəmə kollegiyasının iclasında X1 Hətəmşah oğlu şikayətə etiraz edərək bildirdi ki, icra şöbəsində ərizə yazmamışdır. Həmin ərizədəki yazı da, imza da ona məxsus deyildir. İcra məmurunun yanına gedərək qərarın icra edilməsini xahiş etmiş, icra şöbəsində kiçik bir kağız parçasına yazıb imza etmişdir ki, Borclu pul alınıb “Azəriqazbanka” ödənilsin. İkinci dəfə icra məmurunun yanına gedəndə isə icra məmuru bildirmişdir ki, borclu həbsdədir, ondan pul ala bilməyəcək. Bundan sonra Rusiya Federasiyasına getmiş, ay yarım sonra geri qayıtmış, sonradan həbs olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-2/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 8(060)-2/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərardadı ləğv edilməli, X1 Hətəmşah oğlunun Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından verdiyi şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli ərizənin tələbkar tərəfindən imzalanıb-imzalanmaması ilə bağlı birinci instasniya məhkəməsi tərəfindən iki dəfə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/722 nömrəli rəyində tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması, nümunələrin öz aralarında fərqlənməsi və vəsatətə cavab olaraq 1 ədəd sərbəst imza nümunəsinin təqdim olunması səbəblərindən müqayisəedici tədqiqat zamanı qəti (müsbət və ya mənfi) bir rəyə gəlməyin mümkün olmaması bildirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1889 nömrəli rəyində isə tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması, nümunələrin öz aralarında fərqlənməsi və müqayisəedici tədqiqat zamanı qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmağın mümkün olmaması bildirilmişdir. Göründüyü kimi ekspert rəylərindən müəyyən olunur ki, ekspertizaya tələbkarın sərbəst imza nümunəsi qismində 2-3 sənəd təqdim edilmişdir ki, bu səbəbdən də ekspert tərəfindən qarşısında qoyulmuş suala cavab verilməsi mümkün olmamışdır. Halbuki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 avqut 2023-cü il tarixli şərti olaraq vaxtından əvvəl həbsdən azad edilməsi barədə qərarından görünür ki, Şahverdiyev Saleh Hətəmşah oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 1(101)-372/2018 saylı hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Tələbkarın özünün bildirməsi ilə yanaşı qeyd edilən qərarla da onun barəsində 2017-ci il tarixdə cinayət işinin aparılması müəyyən edilməkdədir. Həmçinin, mübahisə predmeti olan ərizə də 2017-ci il tarixdə yazılmışdır ki, qeyd olunan cinayət işinin materiallarında tələbkarın kifayət qədər sərbəst imza nümunəsinin olması yüksək ehtimal olunandır. Hərçənd ki, həmin cinayət işində mövcud ola biləcək tələbkarın sərbəst imza nümunələrinin götürülərək tədqiqat üçün ekspertizaya təqdim edilməsi ilə qeyd olunan sərbəst imza nümunələrindəki imza ilə mübahisə predmeti olan ərizədə olan imza nümunəsinin eyni şəxs tərəfindən icra edilib-edilməməsini müəyyən etmək mümkün hesab olunur. Digər tərəfdən gələcəkdə iş üzrə qəti qərara gəlmək üçün ərizədəki imza ilə yanaşı, yazıların da tələbkar tərəfindən icra edilib-edilməsini müəyyən etmək zəruri hesab olunur. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan hallarla bağlı müvafiq ekspertiza keçirildiyi və təkrarən qəti nəticə verməyən ekspert rəyi əldə edildiyi halda, həmin vaxt icra məmuru olmuş şəxsin də işə cəlb edilərək münasibətinin öyrənilməsi zəruri hesab olunur. Belə ki, məhkəmə kollegiyasının iclasında borclu pul məbləğini tələbkara deyil, icra məmuruna verdiyini iddia etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmamışdır ki, bu da əsaslandırılmamış nəticəyə səbəb olmuşdur. Buna görə də qərardad ləğv edilməli və hazırkı qərardadda qeyd olunan göstərişlərə müvafiq olaraq araşdırma aparmalı və həmin araşdırmanın nəticəsinə müvafiq olaraq isə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-2/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 8(060)-2/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin. X1 Hətəmşah oğlunun Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından verdiyi şikayətə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar