Məhkəmə qərarları › İş №8(105)-73/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-73/2024

04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-73/2024 04.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X1 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizəsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-321/2024 nömrəli qərardadından borclunun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hər ay 250 manat məbləğində olmaqla hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə **-NK-*** dövlət qeydiyyat nişanlı və **-RP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin satışından əldə edilmiş ümumilikdə 35.000 manat pulun ½ hissəsini təşkil edən 17500 manat pul ondan alınaraq Tələbkar verilməlidir. Hazırda onun həmin məbləği bir dəfəyə ödəmək imkanı yoxdur. Belə ki, aylıq gəliri bütünlüklə tələbkar ilə birgə nikahlarından olan xəstə övladlarının müalicəsinə sərf olunur. Həmin pulun müqabilində mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini qarşı tərəfə təklif etsə də, o, bununla razı olmamışdır. O, mülkiyyətində olan torpaq sahəsinin satılaraq əldə olunan pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsinə etiraz etmədiyini də dəfələrlə icra məmuruna bildirmişdir. Lakin göründüyü kimi bu istiqamətdə heç bir tədbir görülməmişdir. Onun aylıq gəliri 750 manat məbləğindədir. Hazırda bu məbləğdən 350 manat hissəsi aliment üçün ödəniş edilir, qalan aylıq maaşının 250 manat məbləğini isə borcun ödənilməsi üçün verilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-321/2024 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) X1 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icrası barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan borclu şikayət vermişdir. Şikayət qətnamənin hissə-hissə icrası barədə verdiyi ərizə ilə eyni məzmunlu olmaqla əlavə olaraq göstərmişdir ki, 5 ildir ki, tələbkar ilə nikahları pozulmuşdur. Xəstə övladları vardır. Övladı Şabranda oxuyurdu, autizm xəstəsidir. Uşağı o saxlayır. Həmçinin hər ay 390 manat məbləğində aliment ödəyir. Eyni zamanda uşaqların təhsil haqqını da ödəyir. Qardaşının 3 uşağı var, onların maddi tələbatlarını özü qarşılayır. Taksi sürücüsü kimi fəaliyyət göstərir. Əmək haqqından qalan 400 manat məbləğdən qeyd edilən borc üzrə tutulmalar olduğu təqdirdə ona heçnə qalmayacaqdır. Valideynlərinin evində qalır. Özünə ev almalıdır. İcra məmuru bildirmişdir ki, məhkəmə qərarı olarsa hissə-hissə ödənişə razıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-321/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. X1 borcun hissə-hissə icra edilməsinə dair ərizəsində göstərilən hallar hər hansı bir dəlilə və əsaslandırmaya malik olmamış, həmin halları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-321/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-321/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar