Məhkəmə qərarları › İş №8(105)-74/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-74/2023

07.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-74/2023 07.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-385/2023 nömrəli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Orxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Krone SD Yarımqoşqu” markalı, “**-ZB-***” dövlət nömrə nişanlı, “X5 1844LS Yük” markalı, “**-ED- ***” dövlət nömrə nişanlı və “Lexus LX470 minik” markalı, “10- MN-008” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2018 nömrəli,xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular "xxxx" MMCdən, “TERM” kompaniyasından, X1 və Borclu müştərək qaydada 131.770,77 manat əsas borc, 14535 manat faiz borcu, 1000 manat cərimə borcu və 60 manat dövlət rüsumu olmaqla, cəmi 147.365,77 manat tutularaq iddiaçı Tələbkar ASC-yə verilməlidir. Borclular "xxxx" MMC-yə, “TERM” kompaniyasına, X2 və Borclu xx.xx.2022-ci il tarixdə könüllü icra üçün bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi halhazırki tarixədək icra olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron İnformasiya Sistemindən əldə olunan məlumatlarına əsasən Borclu mülkiyyətində olan “Krone SD Yarımqoşqu” markalı, “**-ZB-***” dövlət nömrə nişanlı, “X5 1844LS Yük” markalı, “**-ED- ***” dövlət nömrə nişanlı və “Lexus LX470 minik” markalı, “**-MN-***” dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin olduğu müəyyən edilmiş və həmin avtomaşınlar barəsində axtarış qərarı qəbul edilmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun mülkiyyətdə olan avtomobilin üzərinə həbs qoyulmalıdır.

3. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 təqdimata dair izahat verərək bildirmişdir ki, borcun ödənilməsi üçün borcluya məxsus əmlak üzərinə də həbs qoyulması üçün məhkəməyə təqdimat verilmiş və həmin əmlak kompleksi üzərinə həbs qoyulmuşdur. Həmin əmlak kompleksinin qiymətləndirilməsi həyata keçirilmişdir. Hazırda qiymətləndirmə rəyi icra işinin materiallarında olmasa da, elektron sistemə gəlmiş məlumatdan görünür ki, borclunun üzərinə həbs qoyulmuş əmlak kompleksinin qiyməti 150.000 manat məbləğində müəyyən edilib. Onlar gələcəkdə hərracda əmlakın qiymətinin ucuzlaşacağını nəzərə alaraq maşınların da üzərinə həbs qoyulmasını məhkəmədən xahiş edirlər.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-385/2023 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) təqdimat təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ödənilməli olan borc (147365,77 manat) Borclu məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin satışından əldə ediləcək vəsait hesabına ödənilə bilər. Başqa sözlə, borclunun hazırda icra sənədi ilə əlaqədar üzərinə həbs qoyulmuş əmlakı borcun ödənilməsinə kifayət edir.

6. Qərardaddan Tələbkar ASC şikayət verərək ləğv edilməsini, təqdimatın təmin edilməsini xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-385/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, açıq hərracdan satılacaq əmlakın qiymətinin likvid və qeyri-likvid olması məlum deyildir. Həmin əmlak açıq hərracdan satılmadığı halda icra məmuru tərəfindən borcun əvəzi olaraq TələbkarASC-yə təklif olunacaqdır. Bu halda bank həmin əmlakı əldə etmək istəməsə, onun üzərindən həbs götürüləcəkdir. Belə olduqda hal-hazırda təqdimatda sözügedən nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması zəruridir. Belə ki, borclu məhkəmə qətnaməsini könüllü icra etməkdən imtina edir və həmin nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi ehtimalı vardır.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası

45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.

Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)-464/2023 nömrəli qərardadı ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur. Borclu məxsus ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə üzərinə həbsin qoyulması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır.

17. İcra işində olan xx.xx.2023-cü il tarixli “Qiymətləndiricinin dəvət edilməsi” haqqında Sumqayıt şəhər İcra idarəsinin qərarından görünür ki, həmin qərar ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin qiymətləndirilməsi üçün "xxxx" MMC tərəfindən qiymətləndirici ekspert dəvət edilmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Orxan Məmmədov izahatında Borclu məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin 150.000 manat məbləğində qiymətləndirildiyini bildirmişdir.

19. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, icra icraatı qaydasında borclunun əmlakı üzərinə həbsin qoyulması həmin əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular "xxxx" MMC-dən, “TERM” kompaniyasından, X1 və Borclu müştərək qaydada cəmi 147.365,77 manat tutularaq Tələbkar ASC-yə verilməlidir. Borclu məxsus olan və üzərinə həbs qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin dəyəri (150.000 manat) isə ödənilməli olan borc məbləğinə mütənasib olduğundan, borcluya məxsus digər əmlakların üzərinə həbs qoyulmasına hazırda zərurət yoxdur.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)- 385/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-385/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar