Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-74/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 8(012)-192/2024 nömrəli qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 45000 manat pul vəsaiti və məhkəmə məsrəfi olan 461,25 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-298/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən borcluya məxsus ünvan 1 ünvanındakı 18 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, 238/22 saylı protokoluna əsasən tələbin yönəldiyi Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 9 ünvanındakı 18 saylı mənzil qalib alıcı kimi Tələbkar satılmışdır. Bundan sonra, Tələbkar xx.xx.2022-ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək ünvan 1 ünvanındakı 18 saylı mənzili ilə bağlı sənədləşmə işlərinin aparılmasında çətinlik olduğundan həbsin götürülməsini xahiş etmişdir. Buna görə də təqdimat təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 8(012)-192/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, həmin Məhkəmənin 8(012)-298/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan ünvan 1 ünvanındakı 18 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür (hakim Məlahət Abbasova). İcra sənədi üzrə Borclu qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-192/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcunu ödəyir. Hazırda tələbkar tərəf hüquqdan sui-istifadə edərək, onun əmlakını ələ keçirmək istəyir. Bütün bunlar isə qanunvericiliyin tələbinə ziddir. Ona görə də qeyd edilən qərardad ləğv olunmalıdır, çünki o, qətnamənin icrasından yayınmır. Belə olan halda, icra məmurunun təqdimatla məhkəməyə müraciət etməsi əsassızdır və bu, onun mülkiyyət hüququna əsassız müdaxilədir. Abşeron Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 8(012)-205/2024 nömrəli qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-192/2024 saylı qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 45000 manat pul vəsaiti və məhkəmə məsrəfi olan 461,25 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bu icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-298/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən borcluya məxsus ünvan 1 ünvanındakı 18 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 238/22 saylı protokolundan görünür ki, tələbin yönəldiyi Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 9 ünvanındakı 18 saylı mənzil qalib alıcı kimi Tələbkar satılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu tələbin əmlaka yönəldilməsidir. Həmin qanunun 44.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Hazırki işin hallarından da görünür ki, üzərinə həbs qoyulmuş əmlak hərrac yolu ilə tələbkara satıldığından icra sənədi üzrə tələb tam yerinə yetirilmişdir. Buna görə də hazırda borclunun əmlakı üzərinə qoyulmuş həbsin saxlanılmasına zərurət yoxdur və həmin mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 8(012)-192/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-74/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-74/2024
11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver