Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-75/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-301/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5493/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5493/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X5 86500 manat pul və 299.5 manat dövlət rüsumu və 25 manat mediasiya xərcinin alınaraq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və onlar tərəfindən icraata başlamaq haqqında qərar və icra sənədinin surəti borcluya göndərilmişdir. xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu icra sənədini üzrsüz səbəbdən icra etmir. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onların qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmalarının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüquqlarının məhdudlaşdırılması zərurəti yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-301/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5493/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır (hakim Aynur Behbudova). Borclu qeyd edilən qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən MPM-nin 9.1-ci, 14.1-ci və 231-ci maddələrinin, habelə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Hakim həqiqətə nail olmaq üçün , işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmamış, faktiki olaraq verilmiş təqdimatın mətnini qərardadına köçürməklə heç bir araşdırma aparmamışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən borclu tərəfindən 2( 060)- 5493 saylı, 22.12. 2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra etməməyinə dair tərtib edilmiş sənədlərin həqiqiliyini araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasına görə həqiqətin müəyyən edilməsi hakimin vəzifəsidir. Lakin, hakim həqiqəti qərəzli olaraq müəyyən etməmiş, borclu tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin əsaslı səbəbləri olmuşdur. Belə ki, fakt odur ki, İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün birinci şərt “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir” və ikinci şərt isə “borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsidir”. Eyni zamanda “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 82-ci maddəsi də icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunu inzibati məsuliyyətə cəlb olunması üçün tədbirlər görmək vəzifəsi qoymuşdur. Bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi halda yaranır. Göründüyü kimi hər iki maddə şərtsiz olaraq imperativ şəkildə qeyd edir ki, məhkəmə qərarının icra etməyən şəxsin bunu qərəzli olaraq icra edib-etməməsi, üzrlü səbəblərin olub-olmaması aydınlaşdırılmalı və yalnız bu əlamətlər mövcud olduqda borclu məsuliyyətə cəlb oluna bilər. Başqa sözlə icra məmuru və birinci instansiya məhkəməsi qərarın icra edilməmə səbəblərini hərtərəfli araşdırmalı, əməlin üzrsüz səbəblərdən törədilib-törədilməməsini mötəbər dəlillərlə sübuta yetirməlidir. Bu halda isə birinci instansiya məhkəməsi məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin üzrsüz səbəbdən yerinə yetirilmədiyini müəyyən etməmişdir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edilən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun adı çəkilən qanunlarda nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Daha sonra işin təkzib edilməz hallarından biri odur ki, borclu inzibati məsuliyyətə cəlb olunduqdan sonra müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini məhz üzrlü səbəbdən icra etməmişdir. Hakimin istinad etdiyi həmin dəlillərin heç birində Nairə Qurbanovanın məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi əlamətləri mövcud deyildir. Belə ki, birinci instansiya məhkəməsi öz qərardadında borclu-Nairə Qurbanovanın Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 5493/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etmədiyi nəticəsinə gələrkən ancaq icra məmurunun təqdimatına istinad etmişdir. Birinci instansiya məhkəməsinin hakiminə icra məmurunun tərtib etdiyi təqdimat kifayət etmişdir ki, üzrlü səbəbdən məhkəmə qətnaməsini icra etməyən şəxsi təqsirli bilsin. Eyni zamanda hakim bir tərəfdən borcun ödənilməsi üçün borclunun adına hər hansı əmlak aşkar olunmadığını və onun 147.000 manat dəyərində evinin , avtomaşının dələduzluqla ələ keçirildiyini və həmin cinayət işi üzrə borclunun zərərçəkmiş şəxs kimi tanınmasını, borclunun himayəsində azyaşlı uşağının olmaqla kirayədə yaşamasını və başqa gəlirinin olmadığını müəyyən edir, digər tərəfdən isə onu məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməkdə təqsirli bilir. Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən istintaqı aparılan ********* və ********* nömrəli material üzrə qəbul etdiyi cinayət işinin başlanması haqqında qərardan görünür ki, N.Qurbanova istintaqı aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və təqsirli şəxslər onun 147.800 manat dəyərində olan evini və avtomaşınını dələduzluqla ələ keçirmişlər. Təqsirli şəxslər həbsdədir və istintaq yekunlaşmaq üzrədir. Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin icraatındadır. Daha sonra Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə görə “cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs kimi tanınır”. Bu halda isə təqsirləndirilən şəxs-X4 verilmiş ittihamdan görünür ki, o, 2021-ci ilin may-iyun aylarında polis nəfəri vəzifəsində işləməklə yanaşı ev alqı-satqısı fəaliyyəti ilə də məşğul olarkən Tələbkar dəvəti ilə mənzilinə gəlmiş və onun arvadı Borclu paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3166-cı məhəllədə yerləşən 33 saylı binanın 82,5 kv.m sahəyə malik 6 nömrəli mənzilini satmaqda köməklik etməsi adı altında onlara məxsus əmlaklarını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, işdə şahid kimi keçən-X6 və X1 iştirakları ilə ələ keçirərək onlara külli məbləğdə maddi ziyan vurmuşdur. İbtidai istintaq orqanı T.Teymurovu CM-nin 178.3.4-cü maddəsi ilə təqsirli bilib məhkəməyə verərkən paylı mülkiyyətçilərdən biri olan onu zərərçəkmiş şəxs kimi tanımış, lakin eyni zərər vurulmuş Tələbkar zərərçəkmiş şəxs kimi tanımamış, şahid kimi ifadələrini almaqla kifayətlənmişdir. Halbuki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə “nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır”. MM-nin 225.1-ci maddəsinə görə isə “ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontantıktda və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir”. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5493/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli , Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-685/2023 saylı, 01 may 2023-cü il tarixli qətnamələri ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3168/2023-cü il tarixli Qərarı ilə müəyyən olunmuşdur ki,həmin mənzil və avtomaşın Qurbanova ( Qədimova ) Nairə Rasim qızının və Tələbkar ümumi birgə mülkiyyətləridir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3168/2023-cü il tarixli Qərarının 65-ci bəndində göstərilir ki, “nikah müddətində əldə olunmuş əmlak Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbi baxımından ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Bu halda Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən nikah müddətində əldə olunmuş əmlakın bölünməsi zamanı bu əmlaklardakı payları bərabər hesab edilir. Həmin qərarın 66-cı bəndində isə qeyd olunur ki, “ ... mənzilin alınması üçün iddiaçı tərəfindən ödənilən məbləğin cavabdehin etiraf etdiyi 35.000 manat həcmində olması nəzərə alınmaqla mübahisəli mənzillə bağlı-75.000 manat ( 35.000əvvəlki mənzilin pulu +40.000 ( 115.000- 35.000=80.000/2=40.000), avtomobilin satılmasından əldə olunan pulun yarısı-11.500 manat Tələbkar payı müəyyən edilmişdir . Həmin Qərarın 69-cu bəndində isə göstərilir ki, “ Hazırkı vəziyyətdə, iddiaçının mənzili bağışlama müqaviləsi etibarsız sayıldığına görə, mənzil satılarkən birgə əmlak olduğu müəyyən edilir“. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər X9 Nairə Rasim qızı ilə əri Tələbkar arasında nikahın pozulması və əmlak tələbinə dair gedən məhkəmə prosesi ərəfəsində Borclu mülkiyyətində olsa da, ümumi birgə mülkiyyət olan mənzili və sahibliyində olan avtomobili məhkəmənin qərarı ilə ər-arvad arasında bölünməməsi üçün formal olaraq başqa şəxslərin adına rəsmiləşdirib yekun məhkəmə qərarı qüvvəyə mindikdən sonra yenidən öz mülkiyyətinə qaytaracağı barədə yalan vəd verib aldadaraq dələduzluq yolu ilə onlara ümumilikdə külli miqdarda, yəni 148.000 manat məbləğində ziyan vurması faktına görə xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin müstəntiqi tərəfindən CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs-Teymur Teymurova xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin müstəntiqi tərəfindən ********* nömrəli cinayət işi üzrə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmişdir. İttiham Aktından görünür ki, X4 29 mart 2024-cü il tarixdə CM-nin 178.3.2-ci maddəsi ilə ittiham verilmiş və Borclu zərərçəkmiş şəxs kimi tanınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5493/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 105)- 685/2023 saylı, 01 may 2023-cü il tarixli qətnamələri ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3168/2023-cü il tarixli Qərarı ilə qət olunmuşdur ki, Qurbanova (Qədimova) Nairə Rasim qızının və Tələbkar ümumi birgə mülkiyyətlərində olan və Teymur Teymurov tərəfindən dələduzluqla ələ keçirdiyi mənzil və avtomaşın yarı dəyəri olan 86.500 manat pul Qurbanova (Qədimova) Nairə Rasim qızından alınıb, iddiaçı- Tələbkar verilsin. Göründüyü kimi Tələbkar bu cinayət işi üzrə vaxtında zərərçəkmiş şəxs kimi tanınmaması onun qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Bir tərəfdən, birgə mülkiyyətdə olan mənzilin satışından əldə edilmiş 163.800 manat pulun təqsirləndirilən şəxs Teymur Teymurovda olduğu sübuta yetir və həmin şəxsə ittiham verilir, digər tərəfdən isə, bu vəsaitin yarısı, yəni 84.600 manatını Teymurov deyil, o, Tələbkar ödəməlidir. Halbuki, Tələbkar cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınsaydı , X3 təkcə ona deyil, hər ikisinə 163.800 manat məbləğində ziyan vurması müəyyən olunardı. İşin sual doğuran başqa bir halı odur ki, Tələbkar dələduzluqla ələ keçirilən birgə əmlakılarının yarı dəyərini X2 deyil, ondan tələb etmişdir. Tələbkar bir tərəfdən cinayət işini qaldırmaq hüququ olan orqanlara müraciət edərək onun cinayət törətməyi barədə şikayət etmiş, digər tərəfdən eyni məzmunda məhkəmədə mülki iddia qaldırmışdır. Halbuki, Tələbkar ona qarşı məlum iddianı qaldırarkən əmlaklarının T.Teymurov tərəfindən dələduzluqla ələ keçirilməsindən məlumatlı olmuş və məhz onun ərizəsi əsasında ilkin istintaq hərəkətləri aparılmışdır. Daha sonra hakim, işə baxarkən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.2-ci maddəsinin tələblərinə də əhəmiyyət verməmişdir. Halbuki, həmin maddədə birbaşa göstərilir ki, “borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda “və həmin Qanunun 23.1.3-cü maddəsində göstərildiyi kimi “ borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri olmadıqda və icra məmurları tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə” bu Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi icra sənədi icra sənədini vermiş məhkəməyə qaytarılır, Bu halda isə hesab edir ki, icra məmurunun tələbləri qanuni deyildir. Ona görə ki, borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi halı mövcuddur. Qanunu tələbin mövcudluğu üçün üzrsüz səbəblərin olması mütləq haldır. Əgər şəxs üzrlü səbəbdən qərarı icra edə bilmirsə tərkib yaranmır. Təkzib edilməz fakt odur ki, nə icra məmuru və nə də birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq icra etməmənin səbəblərini araşdırmamışlar, qərəzli olmuşlar. Daha sonra İcra Haqqında “Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun olaraq icraata başlanıldığı vaxtdan ən çoxu 10 gün müddətində borcluya “Bildiriş” və icraata başlamaq haqqında qərarın surəti verilməmiş, məcburi icra tədbirləri barədə onu xəbərdar etməmiş, əmlaklarını siyahıya almamışdır. Bununla da icra məmuru borclunun həmin Qanunun 8.5-ci maddəsində nəzərdə tutulmuş icraata başlamaq haqqında qərardan məhkəməyə şikayət vermək hüququndan məhrum etmişdir. İcra məmuru şərh olunan qərarları qəbul edərkən adı şəkilən Qanunun 10-cu maddəsində göstərildiyi kimi borclunun yaşayış yerini müəyyən etməmiş və borcun ödənilə biləcəyi əmlaklarının mövcudluğunu müəyyən etməmişdir. Əksinə müvafiq orqanlara verdiyi sorğulara borcun ödəniləcəyinə yönələ bilən əmlakın olmamasını müəyyən etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-301/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-301/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5493/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş qətnamə 5 aydan çox müddətdir ki, tam icra olunmamışdır. Məhz bu səbəbdən də, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, borclu icra sənədini qanunla nəzərdə tutulmuş vaxtda tam yerinə yetirmir, bunun nəticəsində isə qanuni qüvvəyə minmiş məhkəmə aktı xeyli müddətdir ki, icrasız qalır. Borclu şikayətində icra sənədinin onun tərəfindən üzrlü səbəbdən icra edilmədiyini bildirir və bunun səbəbi kimi də davam edən cinayət işini qeyd edir.Lakin bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, borclunun qeyd etdikləri icra sənədinin üzrlü səbəbdən icra edilməsi halı kimi müəyyən edilə bilməz. Belə ki, MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, borclunun ölkə hüdudlarından çıxması borcun ödənilməmiş, icra sənədinin isə icra olunmadan qalmasına gətirib çıxara bilər. Bu səbəbdən kollegiya borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-301/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-75/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-75/2024
11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver