Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-75/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X6 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 8(031)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə müraciət edərək Şabran Rayon Məhkəməsinin 2(031)- 565/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulan hər ay iki uşağa görə tutulan cəmi 340 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulan hər ay iki uşağa görə tutulan cəmi 340 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0,80 misli həddində müəyyən edilməlidir. Bazar qiymətləri artmışdır. Cavabdehin maddi imkanı yaxşıdır və yüksək məbləğdə aliment ödəməyə qadirdir. Cavabdehlə aralarında aliment miqdarının artırılmasına dair heç bir razılaşma olmamışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
3. X2 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə müraciət edərək Şabran Rayon Məhkəməsinin 2(031)-565/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulan hər ay iki uşağa görə tutulan cəmi 340 manat sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şabran Rayon Məhkəməsinin 8(031)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim K.Mirzəfərova) Şabran Rayon Məhkəməsinin 2(031)-565/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa görə tutulan 170 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi öz qərardadında göstərib ki, Azərbaycan Respublikasında minimum əmək haqqı 2020-ci il üzrə 250 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edib ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 565/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa görə tutulan 170 manat sabit pul məbləğində aliment indeksasiya edilərək Borclu X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1, 110.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1, 8.4-2-ci bəndlərinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə istinadla əsaslandırmışdır.
7. Qərardaddan narazı qalan Borclu şikayət verərək, Şabran Rayon Məhkəməsinin 8(031)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şabran Rayon Məhkəməsinin 8(031)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
9. Borclu şikayətini onunla əsaslandırıb ki, iş üzrə məhkəmənin mövqeyi əsassızdır. Onun rəsmi iş yeri yoxdur, fərdi işlərlə məşğul olur və aylıq qazancı təxminən 400 manat təşkil edir. Bu yaxınlarda yenidən ailə həyatı qurub. Lakin, nikahları rəsmiləşdirilməmişdir. Bir neçə aydan sonra övladı dünyaya gələcək. Hazırda aylıq 340 manat aliment pulunu güclə ödəyir. Valideynləri ilə birlikdə yaşayırlar və onların maddi ehtiyacları valideynləri tərəfindən qarşılanır. Hazırkı halda alimentin müəyyən edilmiş məbləğinin indeksləşdirilməsi üçün heç bir əsas mövcud deyildir. Şabran Rayon Məhkəməsinin 8(031)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən minimum əmək haqqının 0,68 misli həddində indeksləşdirildikdə tutulacaq alimentin məbləği bu il üçün hər uşağa görə 272 manat, cəmi 544 manat təşkil edəcək ki, onun maddi vəziyyəti həmin məbləği ödəməyə imkan vermir. Ərizədə qeyd olunanlar həqiqəti əks etdirmir. Onun maddi imkanı yaxşı deyil. Ərizəçi qeyd etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşə baxan məhkəmə qeyd olunan halları araşdırmamış, yalnız ərizəçinin ərizədə qeyd etdiyi hallara uyğun qərar qəbul etmişdir. Onun heç bir əlavə gəliri yoxdur. Şabran rayonu ərazisində gündəlik nə iş olsa işləyir. Bununla belə məhkəmə qərardadında müəyyən edilən aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Şabran Rayon Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarını hazırkı iş üzrə əsas mənbə hesab etmiş və qərardakı göstərişlərə uyğun qərardad qəbul etmişdir. Məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının
8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
15. Apellyasiya baxışının hədləri Apellyatorun hazırkı şikayəti Şabran Rayon Məhkəməsinin 8(031)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.
16. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin 8(031)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 8(031)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
19. Şabran Rayon Məhkəməsinin 2(031)-565/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Borclu xx.xx.1010-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir.
20. Hazırda ərizəçi Sərfinaz İsmayılova məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 2(031)-565/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulan hər ay iki uşağa görə tutulan cəmi 340 manat sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
21. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
23. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2019-cu ilin sentyabrından 2022-ci ilin yanvarın 1-dək ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmişdir. Əgər yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə qaydada riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,68 misli (170:250=0,68) həddində müəyyən edilmiş olur.
24. İşə baxan məhkəmə tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Şabran Rayon Məhkəməsinin 2(031)-565/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa görə tutulan 170 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir.
25. Bununla belə kollegiya izah edir ki, indiyədək hər uşaq üçün 170 manat, ümumilikdə 340 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 0.68 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.
26. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 8(031)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 8(031)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.