Məhkəmə qərarları › İş №8(105)-76/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-76/2022

16.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-76/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlundan və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 8(012)-240/2022 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim M.Abbasova) təqdimatın qismən təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 06/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu arvadı Maraqlı şəxs mülkiyyətində olan “Ford Cargo 2524 Yük” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı, “X2” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 2524 yük” markalı **- TS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E240 minik” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Maraqlı şəxs qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-240/2022 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(040)-06/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu həyat yoldaşı Maraqlı şəxs mülkiyyətində olan “Ford Cargo 2524 Yük” markalı, **-LS-*** dqn-lı, “X2” markalı **-VO-*** dqn-lı, “Ford Cargo 2524 yük” markalı, **-TS-*** dqn-lı, “Mercedes Benz E240 minik” markalı, 90-KZ331 dqn-lı avtomobillərin üzərinə həbs qoyulması və tələbin borclunun ümumi mülkiyyətdə olan payına (1/2 payına) yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad çıxarılarkən bir sıra prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Belə ki, icra məmuru həmin avtomobillərin həyat yoldaşı Borclu məxsus olub-olmamasını müəyyən etmədən (icra məmuru məhkəməyə təqdimatla müracət edib həmin əmlakların bölgüsü barədə qətnamə çıxarılmadan) təqdimatla məhkəməyə müraciət edərək bir başa onun xüsusi mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoydurmuşdur ki, həmin avtomobillərin üzərinə həbs qoyulması onun xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, əmlakın üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatına yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini borcluların icra sənədi üzrə borcunu ödəməkdən yayındıqlarını, həmin icra işi üzrə icra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması ilə əlaqədar verilmiş sorğuya müsbət cavab gəlməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Maraqlı şəxs tərəfindən mübahisələndirilmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(040)-06/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etmiş, Maraqlı şəxs bu nəticədən narazı qalaraq qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsi isə şikayəti təmin etməmişdir. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.1. maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə tədbirlər sırasına müvəqqəti təminat tədbirləri xüsusi yer tutur. Məhkəmə kollegiyası hesab edir ki, təqdimatın təmin edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verməmiş, borclunun mülkiyyətində olan əmlaka deyil, arvadı Maraqlı şəxs mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə həbs qoymuş, bununla da Maraqlı şəxs mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Halbuki məhkəmə ilk növbədə həmin əmlakın Qasımov ilə birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu və həmin əmlakların payını müəyyən etmədən bütövlükdə borclu olmayan Maraqlı şəxs payına düşən hissəsinə də həbs qoymuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli və onunla bağlı 16 may 2022-ci il tarixli qərardadları ləğv edilməli və təqdimata yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla yenidən baxılması və əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Maraqlı şəxs şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli və onunla bağlı 16 may 2022-ci il tarixli qərardadları ləğv edilsin. İcra məmurunun təqdimatına yenidən baxılması və əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar