Məhkəmə qərarları › İş №8(105)-76/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-76/2023

07.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-76/2023 07.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1nun Cavabdeh “İcraata başlamaq haqqında” 30 yanvar 2023-cü il tarixli qərarından şikayətinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Cavabdeh böyük icra məmuru Bağırov Orxan Rasif oğlunun “İcraata başlamaq haqqında” 30 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-236/2023 nömrəli qərardadından borclu X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-8711/2018 nömrəli icra sənədinə əsasən borclular X3, X4, X5, X6, X7, X8 Tələbkar məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 31-dən çıxarılmalıdırlar.

2. Cavabdeh böyük icra məmuru Bağırov Orxan Rasif oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-8711/2018 nömrəli icra sənədi üzrə “İcraata başlamaq haqqında” 30 yanvar 2023-cü il tarixli qərar qəbul etmişdir.

3. Hazırda X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh böyük icra məmuru Orxan Bağırovun X1 və digərlərinin mənzildən çıxarılmasına dair 30 yanvar 2023cü il tarixli “İcraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8711/2018 nömrəli icra sənədinə əsasən, onun və digər ailə üzvlərinin Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 31-dən çıxarılmaları müəyyən edilmişdir. Lakin xx.xx.2020-ci il tarixli qərarla Sumqayıt şəhəri İcra idarəsinin icra məmuru Orxan Bağırov tərəfindən icraata başlamaq haqqında qərar verilmişdir. Həmin qərarda əsas kimi icra məmuru guya icra sənədində göstərilən tələbi təmin etməkdən yayınması barədə qeyd olunsa da, bunu təsdiq edən heç bir dəlil sübut göstərilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməlidir. Belə ki, həmin mübahisəli mənzil 1985-ci ildən istifadəsindədir. Tələbkar 2014-cü ildə həmin mənzili Sadiq adlı şəxsdən almışdır. Həmin Sadiq adlı şəxs isə onu ləğv olunmuş X12 almışdır. Bank və Sadiq barələrində məhkəmə qərarı ilə bütün alqı-satqı və hərrac ləğv edildiyi üçün tez bir zamanda Xalidə sataraq izi azdırmağa və məsələni bir az da mürəkkəbləşdirməyə və qəlizləşdirməyə və məhkəmə mübahisəsinin bir az da uzanmasına nail olmuşlar. Lakin 2014-cü ildən bu yana Xalid həmin mənzildə yaşamır və yaşamaq da istəmir, çünki hələ də onların məhkəmə prosesləri davam edir və yalnız həmin mənzilin üzərinə həbs qoydurduqları üçün Xalid həmin mənzili sata bilmir, yoxsa çoxdan satıb bu mübahisəli mənzildən canını qurtarardı.

5. Məhkəmə iclasında iştirak edən X1 şikayətə uyğun izahat verərək bildirmişdir ki, 1985-ci ildən mübahisəli mənzildə ailəsi ilə birlikdə yaşayır. Apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. Buna baxmayaraq icra hərəkətləri davam etdirilir. Bildirişi mart ayının 11-də almışdır. 2014-cü ilin dekabr ayının 14-də məhkəmə prosesi davam edə-edə onun xeyrinə qərar qəbul olunmuşdur. Ayın 20-si isə evi satıblar. Alıcı isə 2019-cu il tarixli qətnamə ilə vicdanlı alıcı kimi tanınmışdır. 12 ildir ki, o, məhkəmələrdə qalmışdır. Hazırda Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı da onun xeyrinə qəbul olunmuşdur. Bundan başqa, o, tələbkara verilmiş çıxarışın ləğv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə də iddia ərizəsi ilə müraciət etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Tələbkar şikayətə dair izahat verərək bildirmişdir ki, mübahisəli mənzil onun tərəfindən 20 dekabr 2014-cü ildə alınıb. O, evdə olmayanda hazırkı borclu və onun ailə üzvləri mənzilə daxil olublar. Daha sonra icraçı onları mənzildən çıxarmış və onun əşyaları həmin mənzilə yerləşdirilmişdir. Lakin sonra o və ailəsi olmadıqda borclu tərəfindən onun əşyaları həyətə atılmışdır. Bununla əlaqədar hətta borclu barəsində cinayət işi açılmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, çıxarışın ləğv edilməsi barədə iddianın təmin edilməməsinə dair Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı da mövcuddur.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-236/2023 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) Cavabdeh böyük icra məmuru Bağırov Orxan Rasif oğlunun “İcraata başlamaq haqqında” 30 yanvar 2023-cü il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməmişdir.

8. Hazırda həmin qərardaddan narazı qalan X1nun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)- 236/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-236/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

10. Şikayət “İcraata başlamaq haqqında” 30 yanvar 2023-cü il tarixli qərardan verilən şikayətlə eyni məzmunda əsaslandırılmışdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

13. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 8. İcra sənədləri üzrə icraata başlanılması 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. [18] (...) 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. (...) 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.

Maddə 15. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

16. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-8711/2018 saylı icra sənədinə əsasən borclular X3, X4, X5, X6, X7, X8 Tələbkar məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 31-dən çıxarılmalıdırlar.

19. Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

20. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.

21. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

22. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

24. Məhkəmə mübahisələrinin davam etməsi barədə ərizənin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, ərizəçinin istinad etdiyi Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-1439/2023 nömrəli qərarından görünür ki, həmin iş üzrə mübahisə predmeti əsassız varlanmadan irəli gələn pul tələbi, hazırkı icra sənədi isə mənzildən çıxarılma barədədir. İcra məmuru isə icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Odur ki, icra məmurunun mübahisələndirilən qərarının ləğvi üçün şikayətdə göstərilən dəlillər əsassız olmuş və şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-236/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-236/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar